Bia.Az

Vaxt qoymaq zamanı

KÖŞƏ YAZARLARI
 4-08-2022, 17:54     710

Ələsgər Məmmədli
Hüquqşünas
18 yaşlı əsgərimiz Anar Kazımovun avqustun 3-ü Laçında, rus “sülhməramlılarının” nəzarətində olan ərazidən vurularaq şəhid olması çox hiddət doğurur. 44 günlük Vətən müharibəsində minlərlə qəhrəmanın həyatı bahasına, on minlərlə qazinin fədakarlığı bahasına bir daha qan tökülməməsi, vətən torpağında keşik çəkən əsgərlərimizin nişangaha tuş gəlməməsi üçün mücadilə etdik. Təəssüf ki, özünü “sülhməramlı” adlandıran, amma dünyanın gözü qarşısında yeni işğallara baş vuran rus ordusunun ərazimizdə qərar tutmasına yox deyə bilmədik…
Baş verənlər göstərir ki, Ukraynada işğala girişən bir ordunun, SSRİ-ni bərpa etmək istəyənlərin ordusunun sülhə xidmət etməsi mümkün deyil. Olanların və bundan sonra olacaqların fitilini ya birbaşa onlar, ya da onların təşviqi ilə erməni çəkir. Tətiyi çəkən tərəf erməni olsa da, həmin tətiyi tutan əl rus “sülhməramlılarıdır”. Onların himayəsi və təşviqi olmasa, bu problem çoxdan həllini tapardı…
Azərbaycanın 3 avqust hadisəsinə sərt reaksiya verməsi yəqin Ermənistanın ağlını başına yığması və rusların maşası olmaq cəhalətindən qurtulması üçün bir xəbərdarlıq olar. Ümid edirəm.
Azərbaycan 10 noyabr 2020-ci il bəyanatının və sonrakı razılaşmaların icra edilməsini daha aydın tələb kimi qoymalı və bütün öhdəliklər konkret vaxtda yerinə yetirilmədiyi halda Laçın dəhlizini bağlayacağını elan etməlidir.
Ermənilər və onu cürətləndirən ruslar tərəfi özlərinə sərf edənləri dərhal aldıqları halda Azərbaycana sərf edənləri icra etməyə tələsmir. Rahat gediş-gəliş imkanı verən Laçın dəhlizi kəsintisiz 2 ildir işləyir, lakin Naxçıvana münasibətdə dirəniş davam edir. 44 günlük müharibədən sonra erməni əhali rus “sülhməramlılarının” himayəsi ilə geri qayıtdı, lakin Azərbaycanlı əhalinin geri qayıtması baş vermir, bunun heç müzakirəsi yoxdur. Azərbaycan Laçından yan keçən alternativ yolu çəkərək hazır vəziyyətə gətirib, lakin Ermənistandan Naxçıvana keçən yol heç layihələndirilmir də. Erməni silahlıların ərazini tərk etməsi baş verməyib, əksinə, yeni sipərlər, səngərlər tikilib…
Bütün olanlar bir daha göstərir ki, Rusiyanın bölgəyə girişi problemin çözümünə yox, davam etməsinə hesablanıb. Rusiyanın dünyadakı nüfuzunun daha da düşməsi fonunda Azərbaycan açıq şərtlərini çatdırmalı, müəyyən edilən zaman dilimində nəticə olmasa, “sülhməramlıların” ölkədən dərhal çıxarılmasını tələb etməlidir. Azərbaycan xalqı bu davranışı göstərən hökumətin arxasında olacaq.скачать dle 12.1