Bia.Az

Oxşamışa oxşamayan...

KÖŞƏ YAZARLARI
 5-01-2022, 03:19     1 620

İsmayıl Rafiqoğlu

Bir-birinə tam bənzəyən iki adam tapmaq çətindir, hər kəs fərqlənir, seçilir. Fərqlənmək istəyi gənc yaşda özünü daha qabarıq büruzə verir. Yaşa dolduqca isə adamlar mühitə uyğunlaşmağı üstün tutmağa başlayırlar.
Təbiətdə də belədir, bu qədər müxtəliflik olduğu halda hər bir canlı yaşadığı meşənin, səhranın, dənizin rəngini almağa çalışır. Belə olmasa, ətraf mühitdən seçilən istənilən heyvan və ya həşərat ölümə məhkumdur. Siçan ala-bəzək olsaydı, bəlkə də nəsli kəsilərdi. Ov ovlayan vəhşi heyvan da acından qırılardı, çünki seçilməklə əli heç nəyə çatmazdı.
İnsan toplumunda da başını dəvəquşu kimi kola basıb gizlənmək istəyən az deyil. Axı artıq danışmaq, başqasından geyimi və zahiri görünüşü ilə fərqlənmək nəyə lazım? Kimsə özünü gözə soxursa, davranışında qeyri-standart yanaşmaya yol verirsə, bu, cəmiyyətdə bir növ şübhə ilə qarşılanır. “Bizə bənzəmirsə, deməli, bizdən deyil” – oturuşmuş düşüncənin kökündə bu prinsip durur.
Stereotip yanaşma insanın həyatını rahat edir, yəni baş işlədib yeni nəsə icad etməyə ehtiyac qalmır. Hamı qara geyinirsə, sən də qara geyib özünü sığortalamış olursan. Necə deyərlər, palaza bürün, ellə sürün. Hər dəqiqə dəyişən dünyada köhnəlmiş təsəvvür və modellərdən bərk-bərk yapışmaq nə qədər gülməli görünsə də, belə həyat tərzindən imtina edən çox az adam tapılar.
Azərbaycanda da reallıqla heç bir əlaqəsi olmayan, amma nədənsə beyinlərə həkk olmuş çox şablon var. Bunların bəzisini normal qəbul etmək olar, amma bir çoxundan naftalin qoxusu gəlir. Onlarla yaşamağa məhkumuq, çünki hansısa stereotip heç də asanlıqla yoxa çıxmaq istəmir, yaşadıqca həyatımızı zəhərləyir, pis bir əhval yaradır.
Zahiri görünüşlə bağlı müxtəlif səhv təsəvvürlər var. Məsələn, kişinin saqqal saxlaması indi ciddi müzakirə mövzularındandır. Ölkənin bir sıra ali təhsil ocağında saqqal qadağası hökm sürür. Qadağa olmayan yerlərdə də tələbələr bəzi müəllimlərin saqqalı qırxmaq, ya da onu hansısa bir formaya salmaq kimi təkidli məsləhətləri ilə qarşılaşırlar. Saqqal işə düzəlmə prosesində də əngəl ola bilər, müsahibə aparan bəzi menecerlər saqqal saxlayana mənfi yanaşırlar.
Eyni yanaşma uzun saç saxlayan kişilərə münasibətdə də özünü göstərir. Saç uzundur, ya qısa, bunun məsələyə nə dəxili var axı? İnsanın öz işidir. Güc strukturunda işə düzələn şəxslərin uzunsaç və ya saqqallı olması problemdir, çünki həm ordu, həm də polisdə çalışan əməkdaşların məhz qəbul olunmuş qaydada görünməsi vacibdir. Dünyanın çox ölkəsində polislərə saqqal qadağası var. Polis ya üzünü tam qırxmalı, ya da saxladığı saqqalın uzunluğu bir millimetrdən uzun olmamalıdır.
10 il öncə ABŞ-da yəhudi mənşəli Fişel Mitsman uzun saqqal saxlamaq cəhdinə görə Nyu-York polisində işə qəbul edilməyib. Radikal dindar olan Mitsman dinin tələbinə görə uzun saqqal saxlamalı olduğunu təkidlə bildirib. Şəhər polisinin rəhbərliyi isə bunun mümkünsüz olduğunu qeyd edib, yəni istənilən dini cərəyanın nümayəndəsi ya saqqalı tam qırxmalı, ya da qısa formada saqqal saxlamalıdır.
Hazırda ABŞ ordusunda dindarlara münasibətdə yeni qaydalar formalaşır. Yəni artıq uzun saqqal da saxlamaq olar, hansısa xanım hərbçi hicab da geyinə bilər. Sadəcə hər hansı bir atribut hərbi xidmətə mane olmamalıdır. Saqqalın uzunluğu altı santimetri ötməməli, ya qısaldılmalı, ya da hörülməlidir. Ordu və ya polisdə saqqal, uzun bığ və ya saç saxlamaq qadağası az-çox anlaşılandır, çünki ekstremal vəziyyətdə hər biri problem mənbəyinə çevrilə bilər.
Azərbaycan cəmiyyətində uzun saqqal, bığ və saç saxlayan kişilərə neqativ yanaşmanı hərdən anlamaq olmur. Orta məktəbdəki tələbləri yenə başa düşmək olar, çünki istənilən fərqlilik həm də ayrı-seçkilik kimi anlaşılacaq. Hər ailənin bir imkanı var, bir uşaq bahalı geyinəcək, bəzənib-düzənib gələcək, digəri isə yox. Gimnaziya mühitində ümumən çox ciddi dress-kod olduğundan oğlan uşağının uzun saçla məktəbə gəlməsi, qız uşaqlarının ənlik-kirşan vurması qadağan edilir. Amma ali təhsildə hər hansı bir qadağa tələbi gülməli görünür, çünki təhsil alanlar artıq müstəqil həyata qədəm qoymuş insanlardır, “elə etmə, belə etmə” qadağa dövrü artıq bitib. Bu stereotip sistemində yaşamaq nəticədə yaradıcılıqdan uzaq, yeni mühafizəkar nəsil formalaşdırır, bəzən cəmiyyətdə lazımsız narazılığın baş qaldırmasına şərait yaradır.
Hamıdan fərqlənmək arzusu hər insanda var. Kimsə özündə cəsarət tapıb oturuşmuş düşüncə tərzinə qarşı çıxa bilir, kimsə də bacarmır. SSRİ dövründə yaranmış bəzi qadağaları bu günün prizmasından anlamaq çətindir, amma elə bil heç nə dəyişməyib. Ötən əsrin 50-60-cı illərində ölkədə “stilyaqa” deyilən bir təbəqə yaranmışdı. Rəngbərəng geyimi, maraqlı saç düzümü ilə seçilən, tvist, vuqi-vuqi kimi rəqslərə üstünlük verən gənclərə belə ad verilmişdi. Bu təbəqəyə qarşı dayanmadan mübarizə aparılırdı. Komsomol fəalları harada “stilyaqa” görsə, milis şöbəsinə təhvil verirdilər. Qayçı götürüb enlibalaq şalvarları, rəngbərəng qalstukları kəsir, uzun saçları da qırxırdılar.
Hətta o dövrdə bu zəmində ölüm halları da olub. Dalbadal bir neçə belə “stilyaqa”nın ölümü hüquq mühafizə orqanlarının işə qarışması ilə nəticələnib. Yevgeni Jukov adlı komsomol fəalı əlinə keçən hər “stilyaqa”nı bildiyi kimi mühakimə edirmiş. Özü bu bəzəkli həyatdan kənarda olduğu üçün onlardan bir növ qisas alırmış. Sonda onun başçılıq etdiyi linç prosesinin bütün iştirakçıları həbs olundu, Jukova ölüm hökmü kəsildi, qalan komsomol fəalları isə uzun müddətə azadlıqdan məhrum edildi.
Stereotip düşüncə beynimizdə ilişib qalmış bir yükdür. Nə yalan kimi yalandır, nə də doğru kimi doğru. Süni yaradıla da bilər. Məsələn, “insan gündə iki-üç litr su içməlidir” şablonunun həqiqətlə heç bir əlaqəsi yoxdur, çünki insan su içməlidir, amma orqanizmin tələbatına uyğun olaraq. Nə az, nə çox. İki-üç litr söhbəti isə su satan şirkətlərin marağına uyğun quraşdırılmış şablondur. Sifarişlə bu mövzuda minlərlə kitab yazılıb, məqalə dərc edilib, film çəkilib. Hətta reklam müasir iş adamını həmişə idman həyatını dəstəkləyən, əlində isə təmiz su gəzdirən birisi kimi göstərir. Başqa cür 1 tonu 70 qəpik olan suyun bir litrini heç kimə 1 manata sata bilməzsən.
“Süd içmək çox faydalıdır” fikri də əslində yanlışdır. Süd içmək uşaq dövründə faydalıdır. Heyvanlar da yalnız bir müddət südlə qidalanır, sonra süddən kəsilir. İnsan üçün ən faydalı süd ana südüdür, bu olmadıqda onu keçi südü əvəzləyə bilər. İnək südü isə daha yağlıdır insan üçün. Hərdən “hər gün kəsmik yeməklə kalsiuma olan tələbatı ödəmək olar” fikri səsləndirilir, amma gicitkən və küncüddə bu mineral qat-qat artıqdır. Süd və süd məhsulları istehsalı bir gün belə dayanmır. İnsana da “süd içmək çox faydalıdır” fikri aşılanır. Marketoloqlar mümkün vasitələrə əl atmaqla südü reklam edirlər.
Bizdən fərqli insanlara doğru-düzgün yanaşmanın formalaşması üçün özümüzü dəyişməliyik. Təhsil sistemi də buna uyğun yenilənməlidir. Filankəsin tatusu, uzun saç-saqqalı, fərqli geyim tərzi var deyə ona basqı edilməməlidir. Necə ki təbiətdə fərqli flora və fauna formalaşır, elə də cəmiyyətdə müxtəlif növ insan yetişir, hamı eyni cür ola bilməz. Bir-birimizə yanaşmada hər hansı bir qısnama olmamalıdır, insan mehriban və nəzakətli davranış modellərini tətbiq etməyi bacarmalıdır. Bir qrup uşaq toplaşıb onların dəstəsindən olmayan başqa uşağa hücum çəkirsə, deməli, tərbiyə prosesində nəyisə ötürmüşük. Problemi yerində həll edə bilməsək, gələcəkdə daha da şişəcək, daha ağır münaqişəyə yol açacaq. Fərqliliyi sevməyi öyrənməliyik.скачать dle 12.1