Bia.Az

Dəli-dəli iddialar...

KÖŞƏ YAZARLARI
 2-05-2021, 16:45     603

Samir SARI

Ermənilərlə bizim aramızda bir xeyli oxşar və fərqli cəhətlər var. Fərqli şeylər daha çoxdur. Amma ən böyük fərqimiz gündən-günə daha da böyüyür. İndi o xüsusda sizə bir neçə epizod təqdim edim, sonra söhbətə davam edərik.

1-ci epizod. Studiya. Jurnalist qadının önündə bir suyu bizim Fərhad Bədəlbəylinin cavanlığına oxşayan ziyalı görünüşlü, kübar adam təsiri bağışlayan bazburutlu erməni oturub, rus dilinin erməni ləhcəsi ilə xırdalayır: “Ermənilər İran üçün çox şey ediblər. İranda xalq arasında ermənilər barədə tez-tez deyirlər ki, İrana bir çox şeyləri gətirən ilk millət ermənilər olub. Bu, teatrdır, kinodur, nəşriyyatdır, operadır, hətta pitsadır... Bu planda biz özümüzü İranın sahibi hesab etməliyik”.

2-ci epizod. Rusiyanın əyalətlərindən biri. Yol polisi iki erməni gəncin mindiyi avtomobili qayda pozuntusuna görə saxlayıb. 55-60 kiloluq erməni 90-100 kiloluq polisin üstünə yeriyir, çəkinib dartınır və hiddətli-hiddətli anqırır: “Siz ruslar bizə, ermənilərə minnətdar olmalısınız ki, ikinci dünya müharibəsində sizi faşistlərin işğalından qurtardıq. Bizim erməni sərkərdələr sizi xilas etdi”.

3-cü epizod. Erməni ziyalılarından biri TV efirində bəyan edir ki, dünyada xristianlığı qəbul edən ilk millət ermənilər olub, hətta Rusiyaya da xrstialığı ermənilər gətirib.

4-cü epizod. 2014-cü ildə erməni sosial psixoloqu Vladimir Mikaelyan “Novosti Armenii” agentliyinə müsahibəsində deyir: “Türklərin ermənilərə nifrəti özlərinin aşağı etnik özünüdəyərləndirmələri və ermənilərin tarixi-mədəni üstünlüklərini dərk etmələri ilə bağlıdır”. Sonradan onlar bu ifadəni paylaşır, sitat müəllifinin yerinə isə məşhur yazıçı Den Braunun adını yazırlar.

5-ci epizod. Erməni din xadimi TV studiyasında 44 günlük müharibədə ermənlərin niyə uduzduqlarını izah edir və ciddi-ciddi deyir: “Biz ona görə məğlub olduq ki, Türkiyə və Azərbaycana qarşı döyüşürdük. Belarus və Ukrayna, eləcə də Pakistan Azərbaycana kömək edirdi. Bundan başqa, Çin və Yaponiya da azərbaycanlılara dəstək verib. Böyük Britaniya da. Hətta onlara iblis qüvvələri də yardım göstərib”.
Bu kimi epizodlar saysız-hesabsızdır. Hamısında belə bir leytmotiv var: “Ermənilər dünyanın ən istedadlı xalqıdır”; “Dünyanın ən qədim xalqı ermənilərdir”; “Qədimdə ermənilərin böyük imperiyası olub”; “Qoçaqlıqda, şücaətdə ermənilərin tayı yoxdur” və s. Nuh və İsa peyğəmbərlərin erməni olduqlarına inanan yüz minlərlə erməni var. Milli təbliğatları bu yöndədir ki, dünyada nə qədər güclü sərkərdə, böyük alim varsa, hamısı, tam olmasa da, yarıermənidirlər.

Bu məsələdə bizdə düşüncə fərqlidir. Biz o iddiada olanlarımızı başqasına buraxmarıq, özümüz lağlağı hədəfi edib canından bezdirərik, axırda adam çıxıb deyər, qəsdən deyirdim, ironiya edirdim.

Tutaq ki, lap gerçəkdir, İrana teatrı, kinonu, operanı və nəşriyyatı ermənilər gətirib, bu, onların özlərini İranın sahibi zənn və elan etmələrinə haqq verirmi? Bu məntiqlə biz də deməliyik ki, Sibirdə neft yataqlarını bizim Fərman Salmanov kəşf edib, ona görə də özümüzü ən azı Tümenin sahibi saymalıyıq. Amma biz belə deyərikmi? Demərik. Onlar isə deyirlər.

Ən pisi odur ki, bizdən fərqli olaraq ermənilər bu kimi sərsəm iddialar irəli sürən “ziyalı”larına nəinki istehza, heç ciddi etiraz da etmirlər və hamısı deyilənlərə inanır, o fikri bölüşür, üstəlik, başqa auditoriyalarda daha da inkişaf etdirirlər, deyirlər, bütün dünya bizi, Yer üzünün ən unikal və qiymətli xalqını qorumağa borcludur.

Bəlkə də sərsəm fikirlərə şərik olmayan, onların absurd olduğunu bilən ermənilər də var. Amma onlar hardadırlar və səslərini çıxarırlarmı? Yox. Ya qorxurlar, susurlar, ya da “elə deyil” demək istəyəndə ağızlarının üstündə şillə alırlar, danışmırlar.

Biz gərək əlimizi göyə tutub gözəgörünməzlərdən rica edək ki, ağlımızı əlimizdən almasın, bizi kütləvi şəkildə dəli dərdinə salmasın, yerdə qalan məsələlər zamanla düzələcək.скачать dle 12.1