Bia.Az

Bu ölkədə sığal çəkən təkcə Hüseynbala Mirələmov deyil...

KÖŞƏ YAZARLARI
 24-04-2021, 11:32     75

Seymur VERDİZADƏ

Yeddi-səkkiz il əvvəl işlədiyim redaksiyada təcrübə keçən qızlardan biri danışmışdı: “Kafedra müdirimiz çox şorgöz kişidir. Tələbə qızlardan hansı qısa ətək, yaxası açıq köynək geyinirsə, ona yüksək qiymət yazır”.
O vaxt bu məsələni ictimailəşdirmək istəsək də, razı olmadı: “Nişanlım məni öldürər”.
Bu hadisəni isə indi iki uşaq anası olan keçmiş həmkarım danışıb: “Müəllimlərimizdən biri gözəllik qarşısında su kimi əriyirdi. Qəşəng qızlardan həmişə lap axırda imtahan götürürdü. Hamıya da eyni sözü deyirdi: “Mərdəkanda ikimərtəbəli bağım var. Meyvə ağaclarının başı yerə dəyir. Getmək istəyirsən?”
Bu yaxınlarda iaşə obyektlərinin birinin qarşısında bu məzmunda elan gördüm: “Gecə növbəsinə hər şeyi bacaran xanım işçi tələb olunur”.
Siz heç iş elanlarıyla tanış olmusunuz? Əksəriyyəti bu məzmunda olur: “Şirkətə 18-25 yaşlı referant tələb olunur”.
Guya başqa sahələrdə vəziyyət yaxşıdır? Müğənni Mənzurə Musayeva o gün demişdi ki, duet ortaqlarının hamısı bir-biriylə sevgilidir...
2014, ya da 2015-ci il idi. O vaxt teleməkanın ən reytinqli verilişi olan “Səni axtarıram”ın daimi eksperti idim. İndiki ilə müqayisədə bir qədər cavan olduğum üçün bəzən radikal mövqe sərgiləyir, şərtləri nəzərə almadan məsələlərə münasibət bildirirdim. Bir gün verilişdən sonra 30-35 yaşlı bir qadın qabağımı kəsdi:
- Müəllim, həmişə deyirsiniz ki, qadın pis yola getməməlidir, uşaqlarını halal zəhməti ilə dolandırmalıdır...
- Düz demirəm?
- Düz deyirsiniz...
- Bəs məndən nə istəyirsiniz?
- İş istəyirəm...
- Anlamadım.
- İstəyirəm ki, məni işə düzəldəsiniz. Döşəmə silməyə, qab yumağa da hazıram. Heç kimin yanında gözükölgəli olmaq istəmirəm.
Düz bir həftə dost-tanışa ağız açdım, minnətçi düşdüm. Nəhayət, İçərişəhərdə restoran işlədən tanışlarımdan biri onun öz yanında işə götürdü. Yazıq qız iki gün döşəmə sildi, qab yudu. Üçüncü gün mənə zəng edib, işdən çıxdığını dedi. Səbəbini soruşdum.
Cavabı belə oldu: “Səhər işə gələndə məni otağına çağırdı. Hal-əhval tutandan sonra əlimi ovcunun içinə alıb sığallamağa başladı. Sonra da dedi ki, bu əllərə heyfin gəlmir? Bu əllər qab yumağa yox, sığallanmağa layiqdir...”
Bəlkə də YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı videosu yayılmasaydı bu söhbəti xatırlamayacaqdım. Əslində, mən Hüseynbala müəllimdən restoranına “1001 gecə” adı qoyanda şübhələnmişdim. Son hadisə şübhələrimdə yanılmadığımı göstərdi.
Tanıyanlar bilir, mən kəmfürsət adam deyiləm. Bu sətirləri yazmaqda da bircə məqsədim var. Demək istəyirəm ki, bu ölkədə sığal çəkən təkcə Hüseynbala Mirələmov deyil.
Amma hamısı eyni yuvanın quşudur...
(Yenisabah.az)скачать dle 12.1