Bia.Az

A MOLLALAR, MƏNİ NİYƏ DÖYÜRSÜNÜZ? – Yaxud sosial medianın “Yarməmməd”ləri

KÖŞƏ YAZARLARI
 19-04-2021, 11:02     353

Xalid NİYAZOV

Allah hər iki Mirzəyə rəhmət eləsin! Həm Cəlilə, həm də İbrahimova!

Adətən bunu fəxrlə, bəzən isə nə gizlədək, qəribə bir təəccüblə söyləyirik ki, bizim üçün böyük Mirzə Cəlil, Üzeyir bəy, Sabir, o biri Kişilər həmişə klassik olduqları qədər də müasirdirlər. Niyə? Çünki onların bir əsr əvvəl yazdıqları, söylədikləri bu gün də aktualdır, günümüzün obyektiv gerçəklikləri, sərt reallıqları ilə qibtəediləcək dəqiqliklə, daha doğrusu, təəssüf ediləcək dəqiqliklə, yüzdə-yüz üst-üstə düşür. Bəlkə də burada bir qəribəlik axtarmağa lüzum da yoxdur, çünki dəyişən yalnızca zəmanədir, bizsə elə həminkiyik, həmişəkiyik, nə idiksə, oyuq. Çuxanı kostyuma, çarığı ayaqqabıya, börkü “panama”ya dəyişsək də, onillər öncə necə varıydıqsa, eləcə də qalmışıq.
Niyə durduğumuz yerdə keçmişi yada saldıq?! Günümüzün istər ənənəvi, istərsə də internet mediasını “vərəqləyəndə” adını çəkdiyim və çəkmədiyim Kişilərin yazdıqları yada düşür, yaratdıqları tiplər göz önündə cərgələnir.
Mirzə Cəlil nə istəyirdi? Onu “döyənləri” heç məhkəməyə, pristava da şikayət eləmirdi. Eləcə deyirdi ki, a mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? ... Hərçənd ki, siz də mollasınız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.
Bəli, Mirzə Cəlil də, Sabir də, o birilər də bu millətə irfan, maarif işığı bəxş etdiklərinə, sözləri ilə dümsükləyib qəflət yuxusundan ayıltmağa çalışdıqlarına görə nadan və cahillərin tənqidinə tuş gəlirdilər.
Günümüzdə belələri yoxdurmu? Var, özü də bir ambar – işbilməzlər, qəlbiqaralar, içixıltlılar, özgə gözündə tir axtaranlar, ətrafdakı yaxşını, ağı, işığı, inkişafı, yanındakının uğurunu sinirə bilməyənlər!...
Neyniyirlər? – Öndə gedənlərin cərgəsinə can atmaq, faydalı bir işin qulpundan yapışmaq, yaxşı bir işə çiyin vermək, uğura sevinmək, qaranlığı aydınlatmaq əvəzinə, yazırlar, Hövsan aerasiya stansiyasının “ətrini” verən təhqir, təhniz, latayır, şər-böhtan yağdırırlar. Lap o “mənim olmayan, viranə qalsın” məsəlindəki kimi.
Nədən yazırlar? – Narazı qaldıqları, əllərinin çatmadığı hər şeydən!
Kimdən yazırlar? – Ortabab məmurundan tutmuş ən başda qərar tutanına qədər hamıdan!
Kim yazır? – iki eşşəyin arpasını bölə bilməyəndən başlamış ta ki aliminədək!
Özü də indi yaxşıdı, çox rahatdı, imzanı gizlətməyə, xətti dəyişməyə, uşağa yazdırmağa ehtiyac yoxdur; yum gözünü, aç ağzını, kimdən istəyirsən, necə istəyirsən, yaz, döşə, biabır elə. Heç Rza bəyin “cəridə”sinə də ehtiyac yoxdur. İnternetin canı sağ olsun, “feysbuk”-filan var.
İnformasiya texnologiyalarının inkişafının məhsulu olan sosial messencerlərin həyatımıza girməsi isə “samizdat” xiridarları üçün lap göydəndüşmə oldu. Sübh tezdən şalvarını əyninə keçirməmiş aç, tutaq ki, “feysbuk”u, min alaşa atını və çap köndələninə; ifraz elə içindəki hikkəni, yalan-böhtanı, çirkinliyi... onsuz da bu seqmentin kommunxozu-zadı da yoxdu ki, tökdüyün möhtəviyyatı süpürüb atsın.
Mövzu da ki, boldur. Çox uzağa getməyək, götürək elə bəzi “klaviatura qəhrəmanları”nın yazmaqdan çürüyünü çıxartdıqları Ali Attestasiya Komissiyası mövzusunu. Bəli, son vaxtlar mediologiyanın “vətəndaş jurnalistikası” adlandırdığı seqmentdə – sosial şəbəkədə AAK-la bağlı müxtəlif fikirlər səsləndirilir, onun fəaliyyəti, yaxud fəaliyyətsizliyi barədə “dürlü-dürlü” rəylər bildirilir, haqlı yaxud ədalətsiz qənaətlər tirajlanır.
Həzərat, desək ki, bu, ölkə gündəmini zəbt etmiş, ictimai auditoriyanın dilindən düşməyən, ölkənin iqtisadi-siyasi, sosiomədəni, humanitar inkişafının vazkeçilməz, təməl mövzusudur, bilmərrə yox!
Bəli, lazımdır, vacibdir, yüzlərlə tədqiqatçı, alim gözünü bu qurumun “iki dodağının” arasından çıxacaq sözə dikib.
Bəli, bu sahədə əməlli-başlı “intizar” problemi də yaşandı. Ancaq zərurət idi! Ölkə həyatının bütün tərəflərini, seqmentlərini ağuşuna almış islahat dalğası bu təşkilatdan yanmı keçməli idi? Məgər həmin binanın divarları arasında hansı korrupsiyanın, bürokratiyanın, dəstəbazlığın, ədalətsizliyin “qıy vurub, qanad saldığını” bilən yoxdumu? Heç şübhəsiz, bəzi-para ağzını “allah yoluna” qoyanlar var ki, bəlkə də onların işinə, bazarına yarıyırmış o cür dərəbəylik.
Ancaq bu gün həmin qurumu “gözünü yumub, ağzını açmaq” prinsipi ilə tənqid etmək, Rza bəy sayağı “dədələrinə od vurdum” əxlaqı ilə dilə-dişə salmaq, mənasız və auditoriyasız müzakirələrə mövzu pərçimləmək çirkin bir qərəzdən, məkrli oyunlardan xəbər verir.
Söhbətin istiqamətini niyə AAK mövzusuna yönəltdik?! Bu yaxınlarda sırf təsadüf nəticəsində “facebook”da bir nəfərin bəhsi gedən qurumla bağlı statusunu gördüm. Diqqətimi çəkdi və başladım “FB şəcərə”sini vərəqləməyə. Adamın rəsmi bir “AAKşünas” olduğu üzə çıxdı. Nəsrlə yazıb, nəzmə çəkib, ürəyi soyumayıb özünü həcvdə sınayıb, bəs eləməyib, “açıq məktub” ünvanlayıb. Kəsəsi, elə bil qədim yunanlar epistolyar janrı məhz bu “yuzer” üçün icad edibmişlər.
Maraqlandım, adam sıradan biri, diplomu gecikən zavallı, yaxud işi qaytarılmış hansısa narazı birisi olsa idi, bəlkə də yeri vardı, düşünərdin ki, bəs acıqlıdır, neynəsin, o da ürəyini bu cür boşaldır. Heyhat, adam qosqoca professor, alim, müəllim, keçmiş ittifaqın nüfuzlu bir ali məktəbinin məzunu, sahəsi üzrə nadir mütəxəssislərdən biri idi – Həbib Zərbalıyev!
Görünəni budur ki, hörmətli professor öz “FB” səhifəsini artilleriya batareyasına çevirib və dayanmadan AAK-ın mövqelərinə yaylım atəşi açır. Hədəfsə nə elmdir, nə də müdafiə gözləyən tədqiqatçılar, birbaşa qurumun sədri professor Famil Mustafayevdir. Statusların üslubu, müraciətin forması, atmacalardakı ədviyyatın tündlüyü, təhkiyədəki laüba və s. bunu sübut edir. Maraqlıdır, niyə, nə üçün? AAK sədri nə yeyib, nə içib ona verməyib ki, bu söz “kanonir”inin qəzəbinə tuş gəlib? Və ümumiyyətlə, nə isə verməlidirmi? Belə bir öhdəliyi varmı?
Biz Həbib Zərbalıyevin “FB” yaradıcılığının məhz Ali Attestasiya Komissiyası ilə bağlı “qol”u ilə yaxından tanış olduq. Dörd onilliyə yaxın peşəkar mətbuat təcrübəsi olan birisi kimi cəsarətlə söyləyə bilərəm ki, yazdıqları birə-bir müasir medianın bədxassəli şişinə çevrilmiş “reket jurnalistika”sı təsnifatına uyğun gəlir. Hər sətirdən qərəz, təmənna, qane edilməmiş tələb püskürür və püskürdükcə də adamın içindəki xıltı, pası, çürüyü qovub bayıra çıxarır. Dilçi alimin dilin mənfi enerjisi və leksik “xəzinəsi” ilə silahlanıb “vizavi”sinə saldırmasını, sözün qəhrini çəkəcək, urvatını, abır-həyasını qoruyacaq birisinin “söz hərəkəti qaydalarını” pozaraq “avtoş”luq eləməsini müşahidə etmək həqiqətən utancvericidir. Görəsən, hardandır bu müştəbehlik, kim verib ona bu ixtiyarı, bu səlahiyyəti? Hədəf seçdiyi şəxsin mədəniyyəti, ziyalılığı, həlimliyimi? Bunca etikadan kənar ifadə və replikaları, ürəkbulandıran atmacaları, hərzə-hədyan ifadələri nəinki alim, professor, ziyalı, heç “tolkuçka” alverçisi belə özünə yaraşdırmazdı. Amma Zərbalıyev yaraşdırır. Zərbəni zərbə dalınca endirir.
Bəs umacağı, qarnının ağrısı nədir, adamın? Yazdıqlarına inansaq, fədaidir, elmin “Danko”sudur, yanar ürəyini məşəl edib AAK-ın guya tədqiqatçıların üzünə bağladığı yolları işıqlandırmaqla məşğuldur. Bu yolla özünə həmfikir axtarır, bəlkə də qolunu gücləndirmək, AAK-ı daha “effektiv” üsullarla yola gətirmək məqsədilə gənc tədqiqatçıların çarəsiz durumundan sui-istifadə etməyə, ətrafına narazı “elektorat” toplamağa çalışır.
Mübahisə etmirik; professorun AAK-ın Əsasnaməsindəki bəzi müddəalarla, texniki məqamlarla bağlı söylədiyi fikirlərin bir qismi konstruktiv sayıla bilər, hətta bölüşürük də. Lakin həmin faydalı irad və tövsiyələrini ifadə edərkən belə müəllif tendensiyalı olduğunu gizlədə bilmir. Məsələn, bu il martın 17-də bir il əvvəl uzaq İndoneziyada qələmə aldığı uzun bir statusu – Açıq məktubu təkrar paylaşıb. Anlaşılan odur ki, Telman, Muğan, Rövşən isimli bir neçə alim AAK-ın fəaliyyəti ilə bağlı müsbət bir yazı yazıb və bu da onlara cavab verir: təbiri caizsə, “neprav” çıxarır, düz yolla yürümədiklərini söyləyir, “həyatı başa salır”, “likbez” dərsi keçir, hətta arada bir “düdəmeyi-hindi” gəlməkdən də özünü saxlaya bilmir. Hətta müəlliflərdən birini az qala şantaj da edir: “Sizin əsərlərinizə edilmiş (yaxud edilməmiş) istinadlarla bağlı internetdə apardığım axtarışlar isə heç bir nəticə vermədi”. Soruşan gərək ki, atam-qardaşım, məgər bu AAK mövzusu əmtəə-zaddır ki, inhisara alıb heç kimə fikrini yazmağa mafar verməyəsən?! Olmaya sən elmin “OBXSS”-i-zadısan ki, camaatın elmi fəaliyyətini ələkdən keçirəsən?
Allah-allah! Adamda özgüvənin olması pis şey deyil də, amma bu qədər ambisiya, “mənəm”lik səhhətə də ziyandır!
Ən pisi isə odur ki, sən demə, Həbib Zərbəliyev dava döydüyü AAK sədri ilə el-obalı imiş: “...bizim oxuduğumuz iki qonşu məktəbin...” Neynək, anlaşılandır! Əsil xain qonşuya, paxıl məktəb yoldaşına xas davranışdır – ellisinin uğuruna sevinmək, təəssübünü çəkmək əvəzinə, üstünə “çəllək dığırlatmaq”, badalaq gəlmək!
Etiraf edim, media təsərrüfatında ilk növbədə öz həmyerlilərindən hərzə-hədyan yazan jurnalistlərin bu əcaib hərəkəti məni həmişə təəccübləndirib. Səbəbini soruşanda da cavabları bu olub ki, əşşi, öz yerlimizdi, məhkəməyə-zada vermiyəcək ha! Təbii ki, bu cür kəmfürsətliyin, nadürüstlüyün arxasında gizlənən əsas məqsəd, bir qayda olaraq, andıra qalmış maraq, lənətə gəlmiş “gödən” davası olub.
Qəribədir, bir neçə min kilometr uzaqda yerləşən bir ölkədə belə Zərbalıyevə havanı, suyu, istirahəti haram eləyib, yerinə qor salan, yuxusunu ərşə çəkən aqressiyanın səbəbi nədir ki, qollarını çırmayıb girişib “FB”-yə, “Nə yemisən? - Turşulu aş! – döşəyir AAK-ın keçmiş rəhbərlikdən miras qalmış problemlərin ağırlığından təzə-təzə düzələn qəddinə.
Adamın Allahı olar, axı, Ali Attestasiya Komissiyası hələ heç “bismillah” eləyib düz-əməlli işə başlamayıb da ki, haqqında nələrisə iddia edə biləsən. Bir də ki, görünəni odur ki, daha əvvəlki “təşti-tabaq sınıb”, bazar bağlanıb, qapısına da yepyekə bir “İstanbul qıfılı” vurulub.
Professor yazır ki, “çıxışın mənə göndərilmiş fraqmentlərindən”... Belə bəlli olur ki, kimlərsə uzaq İndoneziyada da adama rahat oturmağa mafar vermir, təzə-tər “komplo”larla təchiz edir. Sanki bütöv bir şəbəkə qurulub, sindikat fəaliyyətdədir.
Evrika! Bəlkə “Zərbəliyev & K0”-nı rəncidə salan da elə budur – AAK-ın indiki fəaliyyətindəki şəffaflıq, ciddilik, məsuliyyət, ədalət, elmi etika, prinsipiallıq və s.?!
Məhz müraciət icabı, hörmətli professorun yaxınlarda qələmə aldığı təzə-tər opuslardan biri “Nağıl timsallı Ali Attestasiya Komissiyası” adlanır. Bəli-bəli, təəccüblənməyin, adamın AAK-la bağlı fundamental yaradıcılığı artıq multiddissiplinar xarakter alıb, şifahi xalq ədəbiyyatının janrları ilə də zənginləşib: bayatı var, ağı var, nanay, tapmaca, artıq nağıl da var, çox keçməz holavar, düzgü, tapmaca, dastan da yazar.
Gələk nağıla. Oxucularına “Cırtdan” nağılı danışan filoloq-alim Mirzə Cəlilin Novruzəlisindən, “İtqapan” kəndindən, “mina xəritəsi”ndən”, “maska”dan, “... alim olmaq istəyənlər ordusunun da Famil Müstafayevin onların yolunda basdırdığı "mina"ları "dron"larla partladıb AAK-yə elm bayrağını sancmaq fikrində” olduqlarından bir növ alleqorik şəkildə bəhs edir. Hətta arada, “Görək F.Mustafayevin zavodu (onun şəxsi zavodunu demirəm, elmə qarşı silah istehsal edən zavodunu nəzərdə tuturam) ...” kimi bir cümlə quraraq mövzuya dəxli olmayan mətləblərə sapand atır. Artıq bunun adı hər nədirsə, alimlik, ziyalılıq, obyektivlik deyil. Bir başqasının dilindən çıxsa idi, deyərdik ki, tərbiyəsizlikdir, mərifətsizlikdir, fatmanisəxalalıqdır, işgüzar nüfuza xələl gətirməkdir, nəhayət, kişiliyə yaraşmayan sifətdir! Zira, kişi olan kəs sübut edə bilməyəcəyi sözü qələt eliyib ağzına almaz.
Və nəhayət, ağlınca hamını qabağına qoyub dərs keçən müəllim nağıllara belə mehr salıbsa, bilməli idi ki, Cırtdanın nənəsi uşaqlara qovurğa verməmişdi, yağ yaxmacı vermişdi, yəni dürmək. Yox, bir popkorn, qamburger!
Yaxud müdafiəqabağı elmi seminardan AAK sədrinin təzyiq vasitəsi kimi istifadə etməsi ilə bağlı mühakimə nə qədər obyektivdir, nə qədər ağlabatandır? Bu nə xəstə təxəyyüldür, idbar zehniyyətdir, zərərli propaqandadır?!
Zərbalıyev yazır: “Famil Mustafayevin bircə eyhamı ilə bu doktorlardan biri, yaxud ikisi müxtəlif bəhanələrlə seminarın iclasına gəlmir. Bundan sonra iddiaçının qara günləri başlayır. ... bu, Famil Mustafayevin iddiaçılara qurduğu tələdir və onunla əlbir olan müəssisə rəhbərlərinin də işinə yarayır. Eyni hal dissertasiyaların müzakirəsini keçirən şuralarda da təkrar olunacaqdır”.
İnanmağı belə dəhşətlidir, ağlasığmazdır ki, bu cür sərsəm, reallıqla heç bir əlaqəsi olmayan, elmi ictimaiyyət arasında düşmənçilik, təfriqəçilik toxumu səpməyə hesablanmış zərərli fikirlər bir alimin, müəllimin, yaşlı-başlı adamın beynindən çıxır. Məgər ali məktəb və elmi-tədqiqat institutlarındakı çeminar, yaxud müdafiələri Famil Mustafayevmi təşkil edir? Yaxından-uzaqdan əlaqəsi belə yoxdur! Bu iş elmi müəssisələrin öz səlahiyyətindədir. Məgər AAK sədri müdafiə gözləyən yüzlərlə iddiaçının düşmənidirmi? Axı, niyə görə hamı birləşib müdafiə ərəfəsində olan iddiaçılara “badalaq gəlir”, bircə Həbib Zərbalıyev, əstağfirullah, Xızır peyğəmbər misalı, yetişib kömək etmək istəyir?!
Həbib Zərbalıyev və onun AAK mövzusunu saqqıza çevirmiş digər “AAKşünas” qələm yoldaşı, o da dilçi-professor İdris Abbasov elmi seminar və müdafiə mərhələlərinin texniki prosedurlarından bəhs edərkən unudurlar ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, eləcə də “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” AAK sədri Famil Mustafayev tərəfindən deyil, Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qavramaq və dərk etməklə bağlı problemləri olan adamlar üçün kiçik bir izahat verək ki, həmin normativ sənədin altında ölkə Prezidenti cənab İlham Əliyevin imzası durur. Yaxşı, siz təvazökarlıq barədə bütün etik anlayışları görməzdən gəlib özünüzü Famil Mustafayevdən ağıllı saya bilərsiniz, əcəba, ölkə başçısındandamı?
Hə, bir də unutmamış, soruşa bilərsiniz ki, bu “Yarməmməd” söhbəti nə idi, atmısınız ortaya? Mirzə İbrahimovun “Böyük dayaq” romanı yadınızda olar. Ən azından filmini görmüsünüz. Yastı Salmanın, Kələntər lələşin fitvası ilə kolxoz sədri Rüstəm kişinin haqqında donosu donosa calayan Yarməmməd ifşa olunanda “raykom” katibinə “yazıçılığının” səbəbini belə izah edir: “Azarım var, yoldaş Aslan, yazmasam dura bilmirəm. Hərənin bir azarı olan kimi, mənim də var. Biri çaxır içir, biri qumar oynayır, o biri arvad ölüsüdür, mənimki də budur. Əlim geyişir: eşitdiyimi yazıb göndərirəm üzü yuxarı. Qoy yuxarılar yoxlasın, düz çıxar yaxşı, düz çıxmaz canınız sağ olsun. Kimdən nə gedir ki...”
Bəli, bu gün Azərbaycan elminin təmizliyinin, “milli maraqlarının” keşiyində duran Ali Attestasiya Komissiyasından yazanların məqsədi kimlərəsə kömək etmək deyil, əsla, fəaliyyətini yeni qayda və prinsiplər əsasında qurmuş bu quruma çirkab atmaqdır, ətrafında mənfi rəy yaratmaqdır. Unudurlar ki, inqilabları avantüristlər edir, hakimiyyətəsə bir qayda olaraq “ələkçinin qıl verənləri” yiyələnirlər.
P.S. Sonda maraqlı, həm də ibrətamiz bir məqama toxunmaq istərdik. Həbib Zərbalıyev AAK-la bağlı “əsərlərindən” birində riyaziyyatdan misal gətirərək yazır: “Pifaqor “4” sayını ilk kvadrat (2-nin kvadratı), ədalət simvolu kimi qəbul edirdi”. Və bir dəxilsiz remarkadan sonra həmin fikri rusca da ifadə edir: «Cогласно Пифагору, 4 – это справедливость, это первый квадрат, воздаяние равным за равное».
Biz böyük riyaziyyat alimi Əl-Xarəzmidən misal gətirəcəyik. İnsanın dəyəri ilə bağlı suala o belə cavab verir: “Əgər insanın əxlaqı varsa, bu, 1 rəqəmi deməkdir; əgər insan həm də gözəldirsə, 1-in yanına sıfır da artır = 10; əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır = 100; əgər insan həm də əsil-nəcabətlidirsə, daha bir sıfır artır = 1000. Alınan rəqəmdən 1 (yəni, əxlaq) getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq. Deməli, hər şey insanın əxlaqından asılıdır”.
Həyatda da, elmdə də, yaradıcılıqda da əxlaq birinci şərtdir!
O ki, qaldı rusca tərcüməsinə, yaxşısı budur, “Leninin dilində” fransız yazıçısı Anatol Fransa aid bir müdrik kəlamı səsləndirim: «Дьявол столь необходим святым, как и Бог, ибо без искушений и соблазнов их жизнь была бы лишена всякой заслуги».скачать dle 12.1