Əynində tabutu gəzir adamlar... - Ədalət QARABULUDUN YENİ ŞEİRLƏRİ
Səni sevmək - Adın sürüşdüyü yerdir, Vətən...
Küçə.
Səhər.
Çörək maşını keçir -
səs divara dəyib ovulur.
Ciblərimdə barmaqlarım düyünlənir.
İçimdə hava çəkilir.
Sən yoxsan.
***
Lövhə dəyişir.
Köhnə adın izi qalır -
boyanın altında nəfəs alır.
Dilim onu çağırmaq istəyir,
amma səsim yol tapmır.
Sən yoxsan.
***
Həyətdə uşaqlar qaçır.
Asfalt onların ayağını yadda saxlayır.
Biri yıxılır.
Dizindən açılan rəng
yavaş-yavaş yerə keçir.
Mən baxıram -
sanki o rəng məndən çıxır.
Sən yoxsan.
***
Pəncərə.
İşıq.
Qadın çörəyi bölür -
buxar qalxıb yox olur.
Əlim havada qalır.
İstiyə çatmır.
İçimdə isə
uzanan bir boş yer var.
Sən yoxsan.
***
Radio danışır.
Sözlər bir-birinin üstündən keçir.
Heç biri içimdə dayanmır.
Sanki mən
özümün kənarından keçirəm.
Sən yoxsan.
***
Xəritə açılır.
Barmağım dayanacaq axtarır.
Tapmır.
Kağız qatlanır -
içimdə də qat əmələ gəlir.
Sən
çəkilən xəttin
ağrıya çevrildiyi yerdəsən.
***
Axşam.
Bir kişi tüstünü yuxarı buraxır.
Tüstü havada qərarsız qalır,
sonra dağılır.
Mən də
haradasa yarım qalıram.
***
Ayaqlarım yerə dəyir -
amma yer məni qəbul etmir.
Şəhər məni saxlamır,
itirir.
Sən burda deyilsən.
Sən -
burda olmayanın
çəkiyə çevrildiyi yersən.
***
Güzgü.
Üzüm görünür.
Gözlərimdə kimsə dayanmalı idi -
yer boşdur.
Adımı deyirəm.
Səs içimdə geri dönür.
***
Gecə.
Şəhər yığılır,
işıqlar bir-bir sönür.
Qaranlıq
divarlardan içəri keçir.
Mən hələ də
tam yerləşmirəm.
***
Küçə boşdur.
Ortada biri dayanıb -
sanki çoxdan buradadır.
Yaxınlaşıram.
Addımlarım
özümə gecikir.
***
O mənəm.
Amma
yerimə qoyulmamışam.
***
Ey Vətən -
sən tapılan deyilsən.
Sən -
içimdə
yerini dəyişən,
amma heç vaxt dolmayan yersən.
Azadlıq
Adını deyəndə
dilimdəki pas qopur.
İllərlə bağlı qalmış bir qapı
içimdə
səs çıxarmadan açılır.
Mən səni çağırmıram.
Sən
unudulmuş bir otaqdan
məni özümə tərəf səsləyirsən.
Adımı qoyub gəldiyim,
üzümü itirdiyim yerdən.
Azadlıq -
bir söz deyil.
Bir gün
öz kölgəsinə sığmayan adamın
ilk addımıdır.
Sən gələndə
əşyaların çəkisi dəyişir.
Divar divar olmur,
qapı qapı olmur,
vaxt öz yerindən azca tərpənir.
Mən ilk dəfə anlayıram ki,
öyrəşmək
həmişə yaşamaq deyil.
Səni tanıyanlar çox olmur.
Çünki sən rahatlıq gətirmirsən.
Sən insanın
özündən gizlətdiyi səsi
geri qaytarırsan.
Bəzən bir ömür boyu
hamı ilə danışan adam
ilk dəfə
özünü eşidir.
Həmin gündən
heç nə əvvəlki kimi qalmır.
Sənin yolunda
daşlar deyil,
səssizliklər aşılır.
Adamlar
illərlə içində gəzdirdiyi
qaranlıq otaqları açır.
Toz qalxır.
Köhnə qorxular görünür.
Sən onları öldürmürsən.
Sadəcə
işığı yandırırsan.
Sənin nəfəsində
insan yüngülləşmir.
Əksinə.
Çiynindəki görünməz yükü
ilk dəfə hiss edir.
O yükün adı
vicdandır.
O yükün adı
öz seçimidir.
Və insan
başqasının kölgəsində gizlənə bilməyəndə
tənhalığın nə olduğunu anlayır.
Azadlıq -
sən kəsmirsən.
Amma artıq olanı
adamın içindən ayırırsan.
Sən yandırmırsan.
Amma saxta olan
sənin yaxınlığında
öz-özünə külə dönür.
Buna görə
səni sevənlər
hündür yerlər axtarmır.
Onlara kiçik bir daş kifayətdir -
həqiqəti
yerə yaxın dayanaraq demək üçün.
Sənin məktəbində
dərslik yoxdur.
İnsan
öz yarasını oxuyur.
Müəllim vaxtdır.
Müəllim səhvdir.
Müəllim gecəyarı
öz vicdanının səsinə oyanmaqdır.
İmtahan isə
hamının susduğu yerdə
öz içində gizlənməməkdir.
Mən səni yazmıram.
Bəzən hiss edirəm ki,
sən məni
görünməyən bir əl yazısı kimi
həyatın kənarlarında yazırsan.
Silinən yerlərdə.
Pozulan yerlərdə.
Heç kimin baxmadığı
boşluqlarda.
Oxuyan az olur.
Amma oxuyan
özündən keçə bilmir.
Bir gün
adını deməyə ehtiyac qalmır.
Çünki nəfəsimdə
sənin izlərin yaşayır.
Səsim məndən ayrılıb
öz yoluna çıxır.
Mən isə
uzun bir qaranlıqdan sonra
öz içimdə
yerimi tapıram.
Azadlıq -
sən bayraq deyilsən.
Sən şüar deyilsən.
Sən insanın içində
heç vaxt tam qapanmayan
bir qapısan.
Nə qədər yaşayırsa,
o qapı
bir az da açılır.
Bir az da ağrıyır.
Bir az da işıqlanır.
Adını mən yazmadım.
Bir səhər
oyanıb gördüm ki,
ürəyimin ən dərin yerində
çoxdan yazılıb.
Mürəkkəbsiz.
Kağızsız.
Səssiz.
Səni itirən
torpağa çevrilmir.
Əvvəlcə
öz içində azalır.
Sonra
öz səsini tanımır.
Sonra
öz gözlərində qərib olur.
Səni qoruyan isə
qalib gəlmir.
Sadəcə
özünə xəyanət etmir.
Azadlıq -
sən verilən deyilsən.
Alınan da deyilsən.
Sən insanın içində
birdən-birə açılan
bir ömür boyu bağlanmayan
həqiqət yarığısan.
Oradan keçənlər
eyni adam qalmırlar.
Gözləyənlər
Unutduğun hər şey
səndən əl çəkməyib hələ.
Qapının ağzında,
illərdir açılmayan siyirtmədə,
paslı poçt qutusunun qaranlığında,
bir adın kölgəsi dayanıb.
Sən onu çoxdan çağırmırsan.
O isə
hələ də səni tanıyır.
Səni təkcə adamlar gözləmir.
Bəzən yarımçıq qalmış bir baxış,
bəzən sonadək deyilməmiş bir cümlə,
bəzən də
özündən gizlətdiyin üz.
Küçənin dönəcəyində
heç kəs olmaya bilər.
Amma yenə hiss edərsən:
nəsə
səndən əvvəl gəlib ora.
Bir gün
köhnə bir səs eşidəcəksən.
Hardansa yox.
İçində çoxdan sökülmüş hesab etdiyin
bir divarın arxasından.
O səs
sənə heç nə deməyəcək.
Sadəcə dayanacaq.
Və sən anlayacaqsan ki,
bəzi xatirələr
geri qayıtmır -
heç getməyiblər.
Ayaqqabılarını çıxarıb
yorğunluğunu qapının yanında qoyursan.
Amma gecə
onların içində
günün tozu qalır.
Addımlarının izi
səndən daha səbirli çıxır.
Sən unutmağa çalışırsan,
onlar yox.
Zibili atanda belə
dəmir qapağın səsində
qəribə bir tanışlıq var.
Sanki dünya
səndən qopan xırda şeyləri də
qeyd edir.
Heç nə dərhal itmirmiş.
Əşyaların da
öz yaddaşı var.
Bəzən içində
heç bir fikir olmur.
Amma bir boşluq
otağın ortasında qoyulmuş stul kimi
sakitcə dayanır.
Sən onun yanından keçirsən.
O isə
keçmir.
Qorxma.
Amma unutma.
Səninlə görüşmək istəyənlər
yalnız insanlar deyil.
Bir vaxt vermədiyin cavablar da
səni axtarır.
Bir vaxt seçmədiyin yollar da.
Hətta yaşamadığın həyatların kölgəsi belə
ara-sıra
çiyninə toxunur.
Gözəl günlər gələcək,
deyirlər.
Bəlkə.
Amma onlar gələnə qədər
zaman
əllərini cibində gözləyən adam deyil.
O,
səni yavaş-yavaş yonur.
Artığını alır.
Səsini dəyişir.
Baxışını dərinləşdirir.
Və sən
itirdiyini sandığın şeylərin hesabına
başqa birinə çevrilirsən.
Hazır ol.
Çünki həyat
qapını döymədən gəlir.
Əvvəlcə
səni özünlə üz-üzə qoyur.
Sonra
heç nə olmamış kimi
qarşında oturur.
Stəkana çay süzür.
Və gözlərinin içinə baxıb
ilk sualını verir.
Bitdimi, işin dünya?
Arzy Adaya
Duman...
gecənin boğazında ilişib qalmış
son nəfəs kimi
asılıb qalır.
Səsim kəsilmir -
sadəcə
özümə çata bilmir.
Söz
çıxacağı qapını tapmır.
Sükut
qaranlığın tavanından sallanır.
Deyilməmiş cümlələr
onun kölgəsində
yavaş-yavaş tozlanır.
Vaxt keçir.
Amma bəzi sözlər
heç vaxt köhnəlmir -
sadəcə deyilmir.
Öldüm...
bunu mən demirəm.
İçimdə
səsimə bənzəyən biri var.
O danışır.
Mən dinləyirəm.
Elə bil
öz yoxluğumun qonağıyam.
Dünya...
bir vaxt
ürəyimin içindən keçən yol idi.
İndi
ayaq izlərimi tanımır.
Küçələr dəyişmir.
Qapılar dəyişmir.
Amma adım
əşyaların yaddaşından silinməyə başlayır.
Duman çəkilmir.
Əksinə.
Yollar bir-bir
içimə yığılır.
Getmək üçün açılan istiqamətlər
dönüb
dərinliyə çevrilir.
Hər qapının arxasında
bir başqa qapı var.
Və heç biri
çölə açılmır.
Gecə
haradansa keçir yanımdan.
Üzünü görmürəm.
Amma hiss edirəm:
nəyisə xatırlayır.
Bəlkə məni.
Bəlkə də
bir vaxt mən olmuş adamı.
Sükut danışmır.
Danışmağa ehtiyacı yoxdur.
Otaqdakı stul,
pəncərədə qalan köhnə işıq,
divarın üzündəki çat -
hamısı
onun dilində danışır.
Mən isə
öz adıma tərcümə tapa bilmirəm.
Bitdimi, işin, dünya?
Yoxsa
mənmi çəkildim
sənin baxışından?
Bilmirəm.
Amma hiss edirəm:
bir zaman məni daşıyan yer
indi məni xatırlamaq üçün
bir anlıq dayanır.
Bu dəfə
heç nə qırılmadı.
Nə kəndir vardı,
nə uçurum,
nə də son hökm.
Sadəcə
bir az da azaldım
öz içimdə.
Bir az da çəkildim
səsimdən.
Bir az da uzaqlaşdım
adımdan.
Və indi
dumanın içində
öz kölgəmə baxıram.
O da məni tanımır.
Bitdimi, işin, dünya?
Yoxsa
mən
səndə qalmadım?.
Əynində tabutu gəzir adamlar...
Əynində tabutu gəzir adamlar,
kölgəsi çiynində qara şal kimi.
Günəş də üzlərinə tam çatmır daha,
işıq dayanır
sınıq bir sual kimi.
Gülüşlər bükülüb köhnə sandıqlarda,
pas bağlayıb açarı çoxdan.
Sevincin səsi də
evdən çıxıb gedib,
geri dönməyən adamlar tək
itirib ünvan.
Küçələr susqun bir matəm kimidir.
Səkilər yorulub ayaq səslərindən.
Adamlar keçir,
amma elə bil
öz kölgələrini sürüyür arxalarınca.
Heç kəs tələsmir.
Heç kəs gecikmir.
Vaxt da dayanıb
köhnə divar saatı kimi
eyni ağrının qarşısında.
Gözlərdə donub qalan suallar var.
Cavablar çoxdan
dilindən düşüb şəhərin.
İnanmaq yorğunluğu çöküb üzlərə.
Külək reklam kağızlarını qaldırır,
ümidlər isə
yerə yapışıb qalır.
Əllər dua kimi açılır yenə,
amma ovuclarda
yalnız soyuq hava.
Bir qadın dayanıb
küçənin kənarında.
Səsini eşidən olmur.
Elə bil
dilənən çörək deyil,
eşidilməkdir.
Bir ovuc işıq da çatmır ürəyə.
Gecə
qapını çöldən döymür artıq.
İçəridə gəzir.
Otaqların arasından keçir,
stulların kölgəsinə oturur,
insanın öz səsini
özündən gizlədir.
Ay zibillikdə gün axtaran adam,
əllərin qarışıb şəhərin qalıqlarına.
Bir zaman isti olan çörəyin iyi,
bir zaman kiməsə lazım olmuş əşyalar,
indi
sənin baxışında
yenidən həyat axtarır.
Körpələr kiriyib.
Səsləri
oyuncaqlarından əvvəl böyüyüb.
Onlar
bu dünyanın dilini
vaxtından tez öyrəniblər.
Ona görə də
bəzi uşaqlar
gülməzdən əvvəl susurlar.
Hər kəs
öz dərdini çiyinləyib.
Bir görünməz yük var
şəhərin belində.
Əynində tabutu gəzir adamlar.
Torpaq hələ uzaqdadır,
amma nəsə
yavaş-yavaş basdırılır
içlərində.
Arzular...
kəfinsiz qalan canlar kimi
gözləyir.
Nə yasları tutulur,
nə də adları çəkilir.
Və bəzən
ən ağır ölüm
ürəyin içində baş verir -
heç kimin xəbəri olmadan.
Eheyy, göyüzünün o üzündəkilər...
Ustad şairimiz Vaqif Bayatlı Odərə
Duman…
səsin içində boğulan boşluq kimi
yavaş-yavaş açılır.
Mən çağırmıram artıq -
səsim özü çıxır məndən,
öz yolunu itirmiş bir işıq kimi.
Göy - açılan deyil,
oxunan deyil.
O,
özünü gizlədən bir mətn kimidir
sonsuzluğun içində.
Hər ulduz
yarımçıq qalmış bir söz,
hər qaranlıq
deyilməmiş bir cümlədir.
Mən isə
o mətnin
oxunmadan qalan sükutuyam.
Göyüzünün o üzündə
kim varsa,
məni eşitmir -
ya da mən
özümü eşitməkdən keçmirəm.
Çünki bəzən səs
çölə çıxmır,
içəridə
özünə qayıdır.
Bir vaxt
işıq bizə toxunurdu.
Adını bilmirdik,
amma onu “yaradılış” deyə çağırdıq.
Sonra toxunuş çəkildi.
Və biz
öz içimizdə
boşluğun formasını öyrəndik.
İndi tarix
qanla yazılmır artıq -
qan
özünü təkrarlayan bir yaddaşdır.
İnsan
öz səhvini
davam etdirmək üçün doğulur kimi.
Və hər təkrar
bir az daha susdurur içimizdəki səmanı.
Qardaş qardaşa baxanda
göy də susur.
Çünki bəzi baxışlar
ulduzları yerindən çıxarır.
Bəzi səslər
kainatın yaddaşında çat yaradır.
Eheyy…
bu,
öz içimdə qırılan bir məsafədir.
Sükut cavab vermir.
Sükut artıq bir cavabdır.
Mən anlayıram:
eşitmədiyim hər şey
məndən kənarda deyil.
Bəlkə siz
uzaqda deyilsiniz.
Bəlkə
səsin içində gizlənən
ikinci tərəfimsiniz.
Bəlkə də
göy deyə çağırdığım şey
öz içimdə açılmayan bir qapıdır.
Əgər bir gün
nəsə dəyişsə -
o dəyişiklik göydə olmayacaq.
İnsanın içində
səsin istiqaməti dəyişəcək.
Amma hələlik…
səs
özünə qayıdır.
Ulduzlar
öz yerində dayanır.
Və cavabsızlıq
kainat deyil -
insanın içində böyüyən bir məsafədir.
Hər dəfə
kimsə boşluğa baxanda
yenə eyni şey baş verir:
o baxış
özünə qayıdır.
Bir cüt ayaqqabı...
Vaqif Səmədoglunun ad gününə
Məzarımın yerini
daşdan soruşmayın.
Daşın yaddaşı zəif olur.
Yağış gəlir,
adları yuyub aparır.
Bir cüt ayaqqabı qoyun.
Köhnə.
Tozlu.
Bir az da yorğun.
Elə bil
uzun bir yolun kənarında
sahibini gözləyir.
Mən bu dünyadan
iz qoyaraq keçmədim.
İzlərim məndən tez silindi.
Külək onları
öz diliylə yenidən yazdı.
Yollar xatırladı,
adamlar yox.
Qoy ayaqqabılar danışmasın.
Əşyalar danışanda
həqiqət azalır.
Onlar sadəcə dursunlar.
Bir vaxtlar
daşa, torpağa,
palçığa və qara
toxunmuş iki səssiz yaddaş kimi.
Bir uşaq gəlib
onlara baxacaq bəlkə.
Əlinə alacaq.
İçində qalmış
bir ovuc tozu görəcək.
Bilməyəcək
o tozun hansı yollardan gəldiyini.
Amma nəsə hiss edəcək.
Hekayələr
bəzən adlardan əvvəl doğulur.
Bir yolçu da dayanacaq.
Ayaqlarının ağrısını
bir anlıq yerə qoyacaq.
Və bəlkə
heç özünün də xəbəri olmadan
yanında duran boşluqdan
keçmiş bir nəfərin nəfəsini duyacaq.
Dağlar uzaqdan
həmişə susqun görünür.
Yollar da.
Amma hər ikisinin içində
adam izi yaşayır.
Ayaqqabılar bunu bilir.
Onlar torpağın dilini
insanlardan yaxşı anlayır.
Adımı yazmayın.
Adlar gec-tez
öz sahiblərindən ayrılır.
Bir gün
səs kimi çəkilib gedir,
divarda qalan kölgə kimi.
Mənim yerimə
o ayaqqabılar qalsın.
Əgər bir gün
kimsə onları geyinsə,
mənim yoluma çıxmayacaq.
Çünki heç kimin yolu
başqasının yolu deyil.
Amma bəlkə
eyni küləyə rast gələcək,
eyni yağışa,
eyni axşama.
Bu bəs edər.
Sonda
nə heykəl istəyirəm,
nə mərmər,
nə də illərlə yosun bağlayacaq ad.
Bir cüt ayaqqabı yetər.
İçində bir ömrün çəkisi qalmış,
amma özü yüngülləşmiş.
Qoy orada dursunlar.
Yağış altında.
Günəş altında.
Sükutun içində.
Elə bil
kimsə indicə çıxarıb qoyub
bir azdan qayıdacaq
Sən çağır məni başdaşım...
...Bir gün adım məndən əvvəl çıxıb gedəndə
Torpağa bir az əyilmiş başdaşım,
sənə sözüm var.
Küləyin çoxdan unutduğu
bir adın kölgəsindən gəlirəm.
Bir vaxt səsim vardı.
İndi onu
uzaq səhralar da tanımır.
Qəbrinin ətrafını
kol-kos basmış bir yaddaş kimi
görürəm yuxularımda.
Otlar boy atır
susduğum yerlərdə.
Hər bahar
içimdə qalan bir göz yaşı
yenidən cücərir.
Vaxt keçir.
Daşın üzündə deyil,
adamın içində köhnəlir zaman.
Əllərdən çıxan xatirələr
pas bağlayır.
Adlar
sahiblərindən ayrılıb
küləyin ardınca gedir.
Mənim də
özümə çatmayan dualarım var.
Yarımçıq qalmış səslərim.
Alnımın altında
daş kimi ağırlaşan
cavabsız suallarım.
Bir vaxt
arzularım vardı.
Onları torpaq aparmadı.
Onlar məndən əvvəl yoruldu.
Ümidlərim
qəbrim qazılmamışdan
özlərinə yer seçdilər.
İndi
məni gözləyən torpaqdan çox,
məni unudan yollar düşündürür.
Çünki insan
öldüyü gün yox,
öz adını tanımadığı gün
bir az da uzaq düşür özündən.
Əgər bir gün
bu can
öz kölgəsinə də yadlaşsa,
əgər adım
dilimdən düşən son yarpaq kimi
səssizcə ayrılsa məndən,
o zaman -
məni heç kim çağırmasın.
Sən çağır məni,
başdaşım.
Sən -
üstündə yağış qalan,
külək qalan,
bir adın son nəfəsi qalan daş.
Mənə səs ver.
Bəlkə onda
özümə qayıdım.
Ən böyük qaçış...
Bəzən
adam bir yeri tərk etmir.
Bir ağırlıq düşür içindən.
Səssiz.
Gecə yarpağının
budaqdan ayrılması kimi.
Heç kim eşitmir.
Amma içində
çoxdan susmuş bir quş
yerini dəyişir.
Bir səhər
işıq otağa girir,
amma sənə çatmır.
Pəncərə yerindədir.
Ağac yerində.
Göy də.
Təkcə
rənglərin arxasındakı nəfəs
çəkilib.
Bəzi sözlər var -
illərlə eyni daşın üstündə oturur.
Yağış gəlir.
Qar gəlir.
Yosun gəlir.
Söz qalmır.
Daş qalır.
Bir bulaq vardı.
İndi yalnız
çökək qalan yeri görünür.
Külək hərdən
başına dolanır.
Elə bil
unudulmuş bir adın
axarını axtarır.
Evlər gördüm.
Pəncərələrində axşam yanırdı.
İçəridə isə
toz böyüyürdü.
Əvvəl rəflərdə.
Sonra stulların üstündə.
Sonra adamların səsində.
Belə yerlərdə
qaranlıq görünmür.
Divarın içindəki çat kimi
evin taleyinə qarışır.
Bir gün
hamı onunla yaşamağı öyrənir.
Heç kim
nəyinsə qırıldığını xatırlamır.
Marsın şəklinə baxırdım.
Uzaq bir axşam idi.
Günəş
mavi bir sükutun içində
kiçilirdi.
Mən
birdən-birə
uşaqlığımın göyünü xatırladım.
O yay axşamlarını.
Həyətdə uzanıb
ulduzlara baxdığım gecələri.
Onda göy böyük idi.
Mən kiçik.
İndi
ulduzlar yenə ordadır.
Amma aramızda
illərlə ölçülən bir məsafə var.
Bir səhər
öz səsini eşidirsən
və dayanırsan.
Elə bil
illərlə içində yaşayan biri
səndən əvvəl çıxıb gedib.
Qapını örtmədən.
Adını çəkmədən.
Gecələr
ulduzlar danışmır.
Amma yanırlar.
Qaranlığın içində
öz yerlərini unutmurlar.
Bəlkə buna görə
işıq həmişə
uzaqdan gəlir.
Sonra
bir yol açılır.
Nə xəritədə var,
nə də yaddaşda.
Ayaqların tanıyır onu.
Sən yox.
Gedirsən.
Nə kimdənsə qaçırsan,
nə də nəyəsə.
Sadəcə
içində illərlə bağlı qalan
bir pəncərə açılır.
Orda
susmuş bulağın səsi var.
Daşın üstündə qalan yağış.
Toz basmış rəflər.
Uşaqlığın göyü.
Marsın maviliyi.
Hamısı
bir-birinə qarışır.
Sən
uzaq bir ulduzun işığı kimi
özünə çatırsan.
Gecikmiş.
Amma itməmiş.
Onda anlayırsan:
ən böyük qaçış
heç yerə getmək deyil.
İllərlə içində qapalı qalan
göyün qapısını açmaqdır.
İnsan
bütün ömrü boyu
bəlkə də
yalnız ona tərəf gedir.
Nə yatmısan, qalx...
Nə yatmısan...
qalx.
İçində ev var.
Sən tikməmisən.
Sən orda qalmısan.
Divarlar yad deyil.
Amma çatlar sənindir.
Hər çatdan
başqa bir sükut keçir.
Bəzən ev
səni saxlamır.
Sən evi saxlayırsan.
Ona görə çıxış yoxdur.
Bir küncdə
uşaqlığın oturub.
Sən gələndə
başını qaldırmır.
Pəncərə
açılmır.
Amma külək
içini yoxlayır.
Qapı
çıxış deyil.
Keçiddir.
Səndən sənə.
Divarlar
səsini öyrənib.
Artıq səndən əvvəl danışır.
Bir gün
ev səni çağırır.
Adınla yox.
Sükutunla.
Sən anlayırsan:
qaçan sən deyildin.
Qalanlar idi.
İçində
yarımçıq bir masa.
Üstündə
deyilməmiş söz.
Yanında
toxunulmamış baxış.
Heç nə tamam deyil.
Amma heç nə də artıq deyil.
İşıq düşür.
Amma otağı yox.
Səni açır.
Onda görürsən:
ev formadır.
Sən onun içindəki hərəkət.
Sökülən divarlar
düşmür.
Səndə qalır.
Və ilk dəfə
dağıntı yox,
özün görünür.
Nə yatmısan...
qalx.
Ev olmaq üçün.
Yeni manqurt...
Başımızın üstündə üç kölgə gəzir -
biri sükut kimi,
biri səs kimi,
biri də heç ad qoyulmayan bir boşluq kimi.
Səhnə qurulub.
İşıqlar yanır.
Amma bu dəfə aktyorlar yox,
kölgələr danışır.
Rejissor görünmür.
O, yalnız nəfəs kimi hiss olunur.
Bir aynanın yaddaşı çatlayır -
adına ölkələr deyirlər.
Çatların içində
köhnə dualar ilişib qalır,
yeni qorxular onların üstündən keçir.
Külək tərəf seçmir.
O sadəcə keçir.
Uran deyirlər.
Nüvə deyirlər.
Amma hər şeyin altında
başqa bir ad yatır:
insan.
Parçalanan maddə yox,
parçalanan yaddaşdır.
İnsan parçalananda
partlayış olmur.
Səssiz bir dəyişmə olur -
öz adından uzaqlaşma.
Manqurt…
adı qalmış,
içi boşaldılmış yaddaş.
Başında görünməyən bir sükut dolaşır -
nə dəbilqədir,
nə də zəncir.
Sadəcə unudulmuşluğun formasıdır.
Onu öldürmürlər.
Yaşadırlar.
Çünki yaşayan unudulmuşluq
həmişə daha itaətkardır.
Bir insan öz adını xatırlayanda
səhnənin işığı titrəyir.
Sanki görünməyən bir pərdə
bir anlıq aralanır.
Sonra yenə örtülür.
Elm - işıqdır,
amma bəzən işıq
öz sahibini göstərmir.
Din - yol ola bilər,
amma bəzən yol
insanı yox, qorxunu aparır.
Siyasət - əl ola bilər,
amma bəzən əl
öz sahibini gizlədir.
Hər şey öz adını daşıyır,
amma heç nə öz mahiyyətində qalmır.
Səhnə dəyişir,
kostyumlar dəyişir,
amma boşluq eyni qalır.
Savaş deyirlər.
Amma savaş xəritədə olmur.
Bəzən insanın içində
öz səsini eşidə bilməməsi
ən böyük döyüşdür.
Bir an gəlir -
insan öz kölgəsinə baxır
və yadlaşır.
Elə orada
manqurt başlayır.
Ayılanlar olur.
Amma onların səsi
çox vaxt
öz dövrünə çatmır.
Yeni adlar seçilir.
Köhnə dillə danışan,
amma yeni unutqanlıq daşıyan adlar.
Belə-belə
səhnə davam edir.
İşıq yanır.
Kölgə dəyişir.
Boşluq eyni qalır.
Mən qorxmuram qılıncdan.
Qorxum daha səssizdir.
Yaddaşın yavaş-yavaş silinməsindən.
Çünki ən ağır itki
insanın öz adını
öz içində tanımamasıdır.
Və pərdə enəndə
ən böyük sual qalır:
kim baxırdı,
kim baxılırdı?
Səhnə bitmir.
Sadəcə
adam dəyişir
Zibil torbası
Üzümə işıq düşür -
daş kimi donmuşam.
Başımın üstündə
səssiz bir göz açılıb.
Qaçmağa yer yoxdur.
İşıq məni axtarmır artıq -
məndən əvvəl
izimi tanıyır.
Bir dovşanam -
öz kölgəmin tələsində ilişmiş.
Qaçdıqca
kölgəm məndən qabağa düşür.
Baxıram -
amma baxan mən deyiləm.
İçimdə kimsə
məni məndən yaxşı tanıyır.
Vitrinlər qarşısından keçirəm.
Şüşələrdə üz görsənmir.
Orada
gündəlik istifadə üçün hazırlanmış
simalar asılıb.
Həqiqət qəribə şeydir:
bəzən
toz dənəsi boyda görünür,
amma gecə düşəndə
otaqdakı bütün əşyaların
yerini dəyişir.
İnsanlar keçir yanımdan -
çiyinlərində görünməyən torbalar.
Ağzı bağlanmış ömürlər daşıyırlar.
İçində
yarımçıq arzuların pası,
unudulmuş səslərin külü,
illərlə nəfəs almayan
qorxuların iyi.
Bəziləri danışır -
sözlərinin üstü laklıdır.
İçinə toxunan olmur.
Bəziləri susur -
susduqları şeylər
otaqda onlardan böyük yer tutur.
Fərq azdır.
Biri tullantını bəzəyir,
o biri gizlədir.
Birdən
yandakı zibilqabı dillənir:
- Çox qəribəsiniz.
Özünüzdən atdığınız hər şeyi
özünüz sanırsınız.
Sonra susur.
Amma paslı qapağında
illərin bildiyi bir istehza qalır.
Dayanıram.
Əlimi sinəmə qoyuram.
İçəridə
köhnə səslərin xışıltısı var.
Payızda yandırılmamış
yarpaqlar kimi.
Onda anlayıram:
çürümək
birdən olmur.
Əvvəlcə
adam öz həqiqətini
hava keçirməyən torbaya qoyur.
Qalın zibillər
yer tutmağı həyat sanırlar.
Səssizcə yığılır,
böyüyür,
daşır.
Ən tez çürüyənlər isə
ən nazik olanlardır:
bir peşmançılıq,
bir utanc,
bir gecəlik yuxusuzluq...
Onlar gizlənməyi bacarmır.
Süfrə boşdur.
Ətrafında
çəngəl-bıçaqlar danışır.
Metal səslərin cingiltisi -
dadını unutmuş dillərin
ziyafət söhbəti.
Gülürəm.
Səsim mənə aid olmur.
Ağlayıram.
Göz yaşım yox,
içimdəki toz qalxır.
Sonra
sakitcə içimdən çıxıram.
Özümə tərəf gedirəm.
Qayıdıram.
Amma qayıdan əvvəlki adam deyil.
İçimdəki torbanın
ağzı açılıb artıq.
Kül havaya qarışır.
Pas işıqda görünür.
Kölgə yerini dəyişir.
Və orada -
ən dibdə,
hamının gizlətdiyi yerdə,
balaca bir dovşan görürəm.
Qaçmır.
İlk dəfədir
işıqdan yox,
qaranlıqdan çıxmaqdan qorxur.
Mən ona toxunmuram.
Sadəcə baxıram.
Çünki bəzi şeylər
təmizlənmir.
Sadəcə
adını eşidəndən sonra
insanın içində yaşamağı dayandırır.
Harda uşaq görsəm...
...Harda uşaq görsəm,
əlində yalancı tüfəng,
"dava-dava" oynayan,
qəmlənirəm mən.
Ağlada-ağlada da olsa,
alıram
o balaca silahları
əllərindən.
Sonra ovuc-ovuc
nöğul paylayıram.
Qoy əvvəl
şəkərin xışıltısını eşitsinlər,
tətiyin səsini yox.
Qoy yıxılan uşaq
sinəsini tutub
“öldüm...” deməsin.
Dizinə yapışan torpağı çırpsın,
ayağa qalxsın,
yenə oyuna qarışsın.
Mən qorxuram
uşaqların bəzi oyunlarından.
Çünki oyunlar da
toxum kimidir -
nə əkirsənsə,
bir gün
kölgəsi böyüyür.
Əvvəl
taxtadan olur silahlar,
rəngi çıxmış plastikdən,
ucuz bazar piştaxtalarından.
Uşaq gülür onda.
Yerə sərilir,
amma bir gözüylə baxır yenə -
onu kim qaldıracaq deyə.
Sonra illər keçir.
Taxta bərkiyir.
Plastik ağırlaşır.
Ovcun içindəki oyuncaq
barmaqların yaddaşına çevrilir.
Əllər codlaşır.
Gülüş adamın üzündə
özünə daha az yer tapır.
Bir gün
uşaqlıqda torpağa tuşlanan nişan
böyüyüb
insanın ürəyinə tərəf dönür.
Mən o yerdə
fikrimi yarımçıq kəsirəm.
Üzümü yana çevirirəm.
Çünki bəzi gələcəklərə
baxmaq olmur.
Ona görə
astaca yaxınlaşıram uşaqlara.
Sanki əllərində
oyuncaq yox,
tez sınan bir quş var.
Bəzisi vermək istəmir.
Qaşlarını düyür.
Dodağı əsir.
Mən yenə də
ağlada-ağlada da olsa
alıram
o balaca tüfəngləri
əllərindən.
Sonra ovuc-ovuc
nöğul tökürəm ciblərinə.
Bir uşaq
sevincindən qaçarkən
yarısını yerə səpir.
Göyərçinlər kimi
şəkərlər də
onun arxasınca dağılır.
Bir başqası
ovuclarını yumur möhkəm -
evə aparsın deyə.
Bir başqası isə
indicə ağladığını
məndən gizlətmək üçün
üzünü yana çevirir.
Mən onda anlayıram:
dünya bəlkə də
qanunlarla,
çıxışlarla,
böyük adamların
böyük sözləriylə qalmayacaq.
Bəlkə dünya
bir uşağın ovcunda
axşama qədər saxladığı,
əriməsin deyə
arabir ovcunu dəyişdirdiyi
bir parça nöğulun
inadına qalacaq.
Bəlkə
yer üzünü
silahların gurultusu yox,
şəkərin xışıltısı
xilas edəcək.
İlbiz qabığında yaşayan səslər
Bağışla, başladım şeir yazmağa -
Bağışla, sözünü kəsdim, İlahi...
Salam Sarvan
Sən gecə boyu
ulduzları yerbəyer edirdin -
səssiz bir nizamın içində.
Mən pəncərəmin kənarında
ilişib qalmış işıq qırığını
vərəqə köçürürdüm.
Sən yağışı göndərirdin.
Damlar bir-birinə axırdı,
torpaq öz içində açılırdı.
Mən isə
bir damcının içində qalan
səmanı dinləyirdim -
nə başlanğıcı var idi, nə sonu.
Sən küləyi buraxdın.
O, bağların arasından keçdi,
buğda başaqları
özünü əyilmiş xatirə kimi saxladı.
Mən görünməyən əlin
izini yox,
titrəyişini tutmağa çalışdım.
Sən dənizə gecə verdin.
Mən sahildə
tək bir ilbiz qabığını tapdım.
Qulağıma tutdum.
Orada səs yox idi -
amma sükut
uzaq dalğalar kimi
öz-özünə geri qayıdırdı.
Bir sərçənin qəfil qalxışı,
bir yarpağın budaqdan ayrılması,
bir uşağın yuxuda gülümsəməsi —
Dünya danışmır,
işarə edir.
Mən böyük qapılara çatmadım.
Açarlarım yox idi —
bəlkə də qapılar içimdə idi.
Ona görə
eşiklərdə qalan işığı yığdım
əllərimlə.
İndi masamın üstündə
bir ovuc payız yatır -
yarımçıq istiliklərlə dolu.
İki-üç daş sükut,
yağışdan qalan qoxu,
və heç kimin ad qoymadığı kölgələr.
Hamısı keçib gedən şeylərdir -
amma heç biri getmək istəmir.
Bağışla.
Əgər əlimin altından düşən
bir işıq zərrəsini
özümə saxladığımı düşündümsə…
Mən sadəcə
qaranlıqda əyilənlər kimi
ovucumu açmağa qorxdum.
Və o işıq
mənə aid olmadığı halda
içimdə bir yer tapdı.
İndi anlayıram:
Sözlər quşlar deyil.
Onlar köç edən kölgələrdir.
Biz onları tutduğumuzu sanırıq -
amma onlar
çoxdan başqa bir səmanın
dilində yaşayır.
Biz yalnız
onların keçdiyi havayı xatırlayırıq
Bakı danışır…
Mən Bakıyam…
Səhər işığı şüşələrimdə
öz əksini tanımadan keçir.
Köhnə məhəllələrimdə
daşlar hələ də
keçmiş addımların istiliyini saxlayır.
Dəniz bir tərəfimdə
öz nəfəsini yığır.
Külək o biri tərəfimdə
küçələrin arasından keçib
adımı dəyişməyə çalışır.
Küçələrim var -
bəziləri genişdir,
amma içi doludur.
bəziləri dardır,
amma içindən həyat keçir.
Tıxaclarım
dayanan hərəkət kimidir -
gedir, amma yerindən tərpənmir.
Mən böyüyürəm
səssiz qat-qat.
Hər yeni bina
köhnə bir nəfəsi örtür.
Mənə gəlirlər.
Səssiz kəndlərdən,
yarımçıq yolların kənarından,
adını itirmiş stansiyalardan.
Çantalarında torpaq qoxusu,
gözlərində tələsik gələcək.
Onlar gələndə
şəhər bir az daralır -
amma heç kim geri dönmür.
Metro tunellərində
üzlər eyni işığın altında
öz fərqini itirir.
Universitetlərin içində
fikirlər çoxalır,
səslər azalır.
Gənclər
bir şəhərin içində
başqa bir şəhər axtarır.
Mən şəhər deyiləm təkcə.
Mən yaddaşın özüyəm -
yeriyən, amma dayanan.
Hər küçəmdə
yarımçıq bir dönüş qalır.
Hər binamda
qapanmamış bir pəncərə.
Yağış yağanda
asfalt öz keçmişini xatırlayır.
Külək keçəndə
reklam lövhələri
öz adını unudur.
Mən bəzən güclüyəm -
çünki gecə
hər şeyi örtür.
Bəzən zəifəm -
çünki səhər
hər şeyi üzə çıxarır.
Eyni yerdə qalaraq
hər gün dəyişirəm.
Bu, mənim paradoksumdur.
Yenə də…
Mən Bakıyam.
Məni ən çox yoran şey
böyümək deyil -
öz içimdə çoxalmaqdır.
Bəzən elə gəlir ki,
mən şəhər deyiləm -
sadəcə
öz içində dolaşan
yorğun bir hərəkətəm.
Dəniz sakitdir.
Külək keçir.
Şüşələr işığı saxlayır.
Mən susmuram -
sadəcə
öz səsim
hər küçədə başqa cür səslənir.
Ədalət Nəbi Qarabulud.



