Ədalət Nəbi Qarabulud - 70. MƏHƏMMƏD PEYĞƏMBƏR (Poema)
MƏHƏMMƏD PEYĞƏMBƏR
(Poema)
Mərhəmətli, Rəhmli Allahın adı ilə!ÖN SÖZ
Sözlər sükutdan doğdu -Rəbbə yüksələn bir nəfəs kimi.
I hissə - Nurun başlanğıcı
Dünya nura hamilə idi o gecə -
Hira sükutunda bir hüzün,
bir də sirli bir nəfəs var idi.
Qaranlığın bağrında doğulmağa hazırlaşan
göy işığın ilk titrəyişi
dünya adlı uca kitabın
ilk ayəsi kimi endi.
Məkkənin daş divarları
yuxuya bükülmüşdü,
lakin Səmanın yuxusu yox idi -
O gecə göylər oyaq idi.
Bir uşaq doğulurdu:
göyün yazdığı taleyə
yer üzünün daş döşəyi şahidlik edirdi.
Aminənin qoynunda
bəşəriyyətin ən təmiz nəfəsi idi o.
Abdullahın qəlbindən
sükuta qarışan dua idi o.
Qurumuş qumların üstündə
ilk addımını atacaq
və addımıyla qumları yox,
qəlbləri dəyişəcək bir uşaq…
Körpə nəfəsi kainatın içindən keçdi -
ulduzlar bir anlıq dayanıb
onu dinlədilər.
Bətnindən doğulan bu nur
zamanın damarına hopdu.
Sükutun qoynunda böyüyən
bu məsum körpə
ömrü boyu sükutun ən güclü söz olduğunu
bəşərə öyrədəcəkdi.
Zikr:
Bir nəfəs doğular,
bir aləm oyanar.
Nur enər -
adına Məhəmməd deyərlər.
II hissə - Gənclik illəri: Əmin adlanan yolçu
Uşaq böyüdü -amma nur böyümədi,
çünki nur əzəldən böyükdür.
O, qumların üstündə addımladıqca
qumlar sakitləşir,
küləklər ədəbli əsirdi.
Məkkə küçələri onu tanıyırdı:
kimin qapısını açsa,
qapıların üstündəki toz da utanıb silkələnirdi.
Adı dillərdə “Əl-Əmin” oldu -
çünki onun gözündə yalan üçün yer yox idi.
Karvan yolları boyunca
o, sərvət daşımadı - ağır olan yalnız vicdan idi.
Çünki hər yükdən əvvəl
niyyətin ölçülməli olduğunu bilirdi.
Hər addımında mərifət,
hər baxışında bir hikmət gizlənirdi.
Göylərin sükutu
onun qəlbində yavaş-yavaş yığılırdı.
Dünyanın gurultusu
ona həmişə çatışmayan bir həqiqəti xatırladırdı.
O həqiqət:
İnsanı ucaldan yalnız doğru yoldur.
Nəfsin səsi hara çağırsa,
o, əksinə gedirdi;
kainatın nizamı
onun içində yeni bir səhnə qururdu.
Bu səhnədə
hələ heç kimin eşitmədiyi bir səs
onu dağa - Hiranın qoynuna çağırırdı…
Zikr:
Sakit addım - nurun yoludur.
Ədalət yük,
mərifət yoldaş,
haqq axtaran - yolçudur.
III hissə - Hira: Sözün enişi
Hira dağının sükutudünya sükutundan ağır idi.
Burada nəfəs belə öz səslərindən utanır,
külək öz addımlarını gizlədirdi.
Bu dağ - sükutun məbədi,
qəflətin deyil, oyanışın beşiyi idi.
O, hər gecə bu qaranlığa çəkilirdi,
amma qaranlıq ona zülmət deyildi -
düşüncənin qapısı idi.
İçində bir səs böyüyürdü,
bir çağırış pərdələri aralayırdı.
Bilir kimi idi bu çağırış -
amma bilmək üçün hələ vaxt vardı.
O gecə göy yerə yaxınlaşdı.
Dağın qəlbində min illərin susduğu an
birdən açıldı.
Qəlb döyüntüləri
sanki kainatın ritminə qarışdı.
Və bir anda Söz endi -
sonsuzluqdan dünyaya,
Tanrıdan qulağa,
qaranlıqdan nura.
“Oxu!”
Bu nida dağın daşına deyil,
insanlığın yazılmamış taleyinə söylənmişdi.
O dirəldi -
ruhunu titrədən bu kəlmənin içində
bütün gələcək ümmətin nəfəsi vardı.
O titrədi, dağ titrədi,
amma səs - titrəmədi.
Çünki bu səs
bəşərin son peyğəmbərinə
ilahi amanətin ilk nəfəsi idi.
Cibril nurdan bir pəncərə kimi
qəlbinə açıldı.
O an anladı:
Həyat bundan sonra onun deyil,
o, artıq insanlıq üçün bir yoldu.
Dağ nazilədi, gecə işığa çevrildi.
Mələk uçdu, Söz qaldı -
və Söz kainatın bütün qapılarını
bir-bir açmağa başladı.
Zikr:
Söz enər - dağ oyanar,
dağ oyanar - qəlb ucalar.
Bir kəlmə dəyişər
bütün bir insanlığı.
IV hissə - İlk dəvət: Gəl, eşit!
O gecədən sonra dünya dəyişdi,amma bunu əvvəlcə dünya bilmədi -
bircə o bildi.
O bildi ki,
artıq alnında nübüvvətin yükü var,
amma bu yük çiyinləri əyməz -
yalnız qəlbləri ucaldar.
Evinə qayıdanda əlləri əsirdi,
amma bu qorxu deyildi -
ilahi həqiqətin ağırlığı idi.
Xədicə isə
bu həqiqəti ilk anlayan qəlb oldu.
O, onun qorxusunu deyil,
içindəki aydınlığı gördü
və dedi:
“Sən doğrunun yolundasan…”
Beləcə, ilk iman
evin içində cücərdi -
dünya dəyişməzdən əvvəl
bir ev dəyişdi.
Sonra yaxınlar çağırıldı:
Safalar təpəsində bir səs yüksəldi -
təmiz, duru, uca.
Onlara dediyi bir cümlə
əsrlərə bərabər idi:
“Əgər mən sizə desəm ki…”
Sözün ardınca gecə qədər uzanan bir səssizlik
və sonra bir qopma:
təkzib edənlər,
inkar edənlər,
lakin qulağı açılanlar…
İlk müsəlmanlar
bir neçə nəfər idilər -
amma onların imanında
bir ümmətin gücü vardı.
Biri uşaq, biri qadın, biri kölə, biri gənc -
amma göylər onların üzərinə
elə bir nur yağdırdı ki,
dünya hələ bu nurun böyüklüyünü anlamırdı.
Dəvət gizli başladı -
çünki bəzən bir toxumu açıq günə qoymaq olmaz,
o, əvvəl torpaqda böyüməlidir.
Beləcə, gecələr oxunan ayələr,
qaranlıqda səslənən dualar
yavaş-yavaş insanlığın sabahına çevrilirdi.
Zikr:
İman azdan başlayar,
az - çoxa yol salar.
Bir evdə doğular,
bir aləmə yayılar.
V hissə - Məkkə: Zülmətin sərt divarları
Söz böyüdükcə zülmət daraldı.Məkkə - sərt daşların,
qədim bütlərin,
köhnə alışqanlıqların şəhəri -
bu yeni nura dözə bilmirdi.
Qüreyşin səsi ucaldıqca
haqqın səsi daha da güclənirdi.
Onlar güc topladıqca
iman silkinirdi,
lakin sınmırdı.
Müsəlmanların sayı artırdı,
amma hər birinin adı
əzabın bir səhifəsi idi:
Bilalın səsi qumlara qarışırdı -
“Əhəd! Əhəd!”
Xəbbab döyülürdü -
maddi dəmir qəlblərin qarşısında
ruhun dəmirini sınamaq üçün.
Ammar, Yasir, Sümeyyə -
adları göyə yazılmış ilk şəhidlər…
O isə baxırdı -
qəlbi qanayırdı,
amma ümid axtarırdı:
çünki ümidin rəngi
həmişə qırmızı qanı yuyub aparar.
Məkkə küçələri
onun ardınca addımlayanların
ayaq izlərini silmək üçün
küləyə tapşırılmış kimi idi.
Lakin külək insanın izini deyil,
yalnız qumun izini silə bilərdi.
İnsan izini tarix saxlayır.
O, Kəbənin yanında dayanıb
yenə dedi:
“Əgər bu ayı sağ əlimə,
günü de sol əlimə versələr,
yenə bu yoldan dönmərəm.”
Bu söz
təkcə o günün deyil,
bütün minillərin daşına yazıldı.
Qüreyş bilmirdi ki,
ilahi Sözün qarşısına divar çəkmək
küləyə hasar çəkməyə bənzər -
külək hasardan qorxmaz.
Zikr:
Zülmət nə qədər qaranlıq olsa,
nur o qədər parlayar.
Əzab nə qədər çoxalsa,
iman o qədər ucalar.
VI hissə - Hicrət: Haqq yolunun ilk səhəri
Zülmət daraldı -söz köç etmək istədi.
Onu sıxan şəhərdən deyil,
onu sıxan qəlblərdən ayrıldı.
Beləcə, hicrət başladı -
gücün deyil, səbrin qələbəsi kimi.
Bu köç notlarla yazılmadı,
qılıncla da yazılmadı -
göz yaşları və dualarla yazıldı.
Səhnə susdu, qumlar dinlədi,
göy isə bu addımı
insanlığın dönüş nöqtəsi kimi qeyd etdi.
Əbu Bəkrin gözlərində yaş yox idi -
çünki içindəki qorxu deyil,
sarsılmaz etimad idi.
Səvr mağarası
iki nəfəri gizlətmirdi,
bütün bir insanlığın gələcəyini qoruyurdu.
Torpaq şahid idi:
səssizcə üzərində gəzən bu iki nəfər
bəşərin taleyini dəyişməyə gedirdi.
Və Məkkə arxada qalanda
köhnə dünyanın divarları çatladı.
Mədinə qarşıdan görünəndə
yeni dünyanın qapıları açıldı.
Bu şəhər təkcə bir məkan deyildi -
imanın qərargahı,
ədalətin beşiyi idi.
Peşmanlıqdan doğulmayan bu köç,
məhz ümidin köçü idi.
Çünki Hicrət - qaçış deyil,
haqqın yolçuluğa çıxmasıdır.
Mədinə “xoş gəldin” demədi -
Mədinə “səni gözləyirdik” dedi.
Uşaqların misralara bənzər səsi
bütün bir şəhəri nəğməyə çevirdi:
“Talaal-Bədru aleyna…”
Bu günəş
Mədinənin üzünə yox,
bəşərin üzünə doğmuşdu.
Zikr:
Hicrət - yol deyil,
yolun doğuluşudur.
Bir addım atılar,
bir ümmət ucalar.
VII hissə - Mədinə: İşığın şəhəri
Mədinə yalnız bir şəhər deyildi -ruhun nəfəs aldığı bir məkandı.
İman burada böyüdü,
ədalət burada kök saldı.
İlk dəfə bir şəhərin divarları
qılıncın yox, Sözün qoruyduğu divarlar oldu.
Qardaşlıq bu torpaqda
qanla deyil, qəlblə bağlandı.
Ənsar - qapılarını deyil,
ürəklərini açdı.
Mühacirlər - istiqlalını deyil,
qəlblərinin nurunu gətirdi.
Beləcə, iki dənizin səsi kimi
iki camaat birləşib ümmət oldu.
Onun evinə gələn hər kəs
öz tarixini dəyişdirirdi.
O ev - bir peyğəmbərin məskəni yox,
şəfqətin və ədalətin beşiyi idi.
Hər gün bir ayə nazil olur,
hər gün bir qəlb işıqlanırdı.
Mədinənin küçələrində
uşaqların gülüşü,
yoxsulların sevinc göz yaşları,
qəlblərin rahatlığı vardı.
O, hər kəsin yanına gedirdi -
yoxsulun yanına,
xəstənin yanına,
kimsəsizin yanına.
Onun gəlişi qapı döyülmədən hiss olunardı.
Göy bu şəhərin üstündə
ayrıca parlayırdı -
çünki bu şəhər
ilahi nizamın, ilahi mərhəmətin
ilk dəfə yer üzündə “dövlət” şəklinə düşdüyü yer idi.
Mədinə - bir nəfəs idi:
şəfqətin nəfəsi.
Mədinə - bir yol idi:
insanı insana ucaldan yol.
Mədinə - bir nur idi:
Peyğəmbərin nəfəsi ilə işıqlanan nur.
Zikr:
Şəhər işıqla deyil,
ədalətlə ucalır.
Mədinə - insanlığın
yenidən doğulduğu yerdir.
VIII hissə - Bedr: Səmanın yazdığı qələbə
Səhərlərdən bir səhər idi -sakit, dərin, bərəkətli bir səhər.
Üç yüz on üç nəfər
bir yolun taleyini
öz çiyinlərində aparırdı.
Onlar silah daşımırdı -
iman daşıyırdı.
Bedr - qumların səssizliyində
gizlənən bir möcüzənin adı oldu.
Qarşı tərəf çox idi,
amma haqqın tərəfi həmişə tək olur,
və tək olan - əbədi güclüdür.
O, saf bir dua ilə
əllərini göyə qaldırdı:
“Allahım, əgər bu qrup məğlub olsa,
yer üzündə Sənin adını ucaldan kimsə qalmaz…”
Göy bu duanı eşitdi,
yer bu duanı bağrında saxladı.
Qılıncların səsi qumlara toxundu,
lakin döyüşün ağırlığı
qılınclarda deyildi -
qəlblərdə idi.
Mələklərin kölgəsi
Bedrin səmasından keçdi,
və külək - haqqın tərəfinə əsdi.
Qələbə gəldi,
amma bu qələbə
qılıncın qələbəsi deyildi -
əxlaqın, səbrin, ədalətin,
dua ilə açılan səmanın qələbəsi idi.
Bedr, insanlığın tarixində
bir gün deyil -
bir dönüş nöqtəsi oldu.
O gündən sonra
iman geri dönmədi,
haqq geri çəkilmədi,
nur geri sönmədi.
Zikr:
Ən kiçiklər böyüyü yıxmaz -
böyüyü iman yıxar.
Bedr - qumluğun deyil,
qəlbin döyüşü idi.
IX hissə - Uhud: İmtahanın adı
Qələbədən sonra səbr imtahanı gəlir -
sünnəsi budur dünyanın.
Uhud dağının ətəyində
bu sünnə bir daha görünəcəkdi.
Düşmən çox idi,
amma sayı çox olan deyil,
ətiketi ağır olandı güclü.
Uhudun yamacında
bir qrup oxçu yerini tərk etdikdə
dərsin adı yazıldı:
İtaət - qələbənin gizli qapısıdır.
O öz əshabının arasına düşdü,
yaralandı, qanı səhmana qarışdı,
amma baxışları sönmədi.
Dağın ruhu sanki onun qəlbinə dayaq oldu.
- “O, öldü!” - dedilər.
Amma ölüm belə onun adını tələffüz etməyə
cümlə tapa bilməzdi.
Uhud - itkinin deyil,
yenidən dirçəlişin məkanı oldu.
Çünki məğlubiyyət deyilən şey
haqq yolunda yalnız bir xatırlatmadır:
Sözə sədaqət zəifləsə — qılınc da zəifləyər.
Səhabələr ağladı,
amma o ağlamadı.
O dedi:
“Qorxmayın. Allah bizimlədir…”
Zikr:
Uhud dərsdir - dağ kimi sərt,
amma ilahi rəhmət kimi yumşaq.
İtaət zəifləsə dağ yıxılar,
sədaqət möhkəmlənsə dağ danışar.
X hissə - Həndək: Qorxunun aşılması
Küləklər sərtləşmişdi,düşmən orduları toplandı,
Mədinə qaranlıq bir bulud kimi
şəhərin üstünü aldı.
O isə
silah yox, düşüncə ilə qaldırdı səddini:
- “Xəndək qazın!”
Bu yeni idi, bəlkə də ilk idi.
Lakin yenilik həmişə
haqq axtaranın yol yoldaşıdır.
Qazılan hər torpaq parçasında
bir duanın izi vardı.
Qorxanlar oldu,
tir-tir əsənlər oldu,
lakin o dayanıb dedi:
“Bu bulud keçəcək.
Rəbbinin köməyi yaxındır.”
Külək əsdi -
amma bu külək
qorxunun yox, haqqın tərəfində əsdi.
Düşmən səpələndi,
şəhər bir nəfəs aldı.
Həndək - daşın, torpağın deyil,
mərifətin döyüşü idi.
İman düşmənin gözünü deyil,
öz içindəki qorxunu yendi.
Zikr:
Qorxunun ən böyük silahı - şişirtdiyi səsdir.
İmanın ən böyük silahı - içindəki sükut.
XI hissə - Hüdeybiyyə: Səbrin ən çətin anı
Qılınclar hazır idi,qəlblər döyüşə kilidlənmişdi.
Lakin o dedi:
- “Bu gün döyüş yox. Bu gün barış var.”
Bir çoxları anlamadı:
“Necə? Biz güclüyük,
niyə uduş kimi görünən bir anlaşmaya imza ataq?”
O isə bilirdi ki,
qaynar dəmir döyüşlə deyil,
sükutla bərkidilir.
Hüdeybiyyə - qələbə deyildi,
amma qələbədən böyük idi.
Sülhün qapısı açıldı,
iman açıq havada nəfəs aldı.
İnsanlar qılınc qorxusu olmadan
Sözün işığına yaxınlaşdı
və nur içəri daha tez doldu.
Bu sülhə qəzəblənənlər oldu,
amma zaman deyir:
bəzən ən böyük zəfər
qılıncın qılıncla deyil,
qəlbin qəlblə toxunmasıdır.
Zikr:
Səbr - qılıncdan iti,
mərhəmət - qələbədən böyükdür.
XII hissə - Məkkənin fəthi: Zülmətin sükutla yıxılması
İllər keçdi,Məkkənin sərt qapıları
öz-özünə açılacaq nöqtəyə gəldi.
Onu qovanlar,
onun yoluna daş atanlar,
indi eyni qapının arxasında
hər an gələcək xəbərin qorxusunu yaşayırdı.
Amma o, qılıncla deyil,
təmizliklə qayıtdı.
On minlik ordu
səs salmadı -
çünki bu yürüş
qisas yürüşü deyildi.
Bu, nurun doğulduğu şəhərə
ilahi mərhəmətin dönüşü idi.
O, Kəbənin qarşısında dayanıb dedi:
“Bu gün siz azadsınız…”
Bu cümlə
yüz min nəfərlik şəhərin
qəlb qapılarını bir anda açdı.
Bütlər yıxıldı,
amma daşlar deyil,
qəlblərin içindəki bütlər.
Məkkə işığa büründü
və bu işıq
o gəlişdən bəri
bir daha sönmədi.
Zikr:
Fəth - qılıncla ediləndə şəhər alınar,
məğfirətlə ediləndə qəlb alınar.
XIII hissə - Vida xütbəsi: Sözün zirvəsi
Arafatın səssizliyio gün sanki bir kitab kimi açılmışdı.
O, ümmətinin qarşısında dayanıb
ömrünün son sözlərini söylədi -
amma bunlar son deyil,
bəşərin sabahına yazılmış sözlər idi.
- “Ey insanlar!
Hamınız Adəmdəndir.
Aranızda üstünlük
yalnız təqvadadır.”
Bu cümlə
min illərin üstünlük iddialarını
bir anda yerə vurdu.
- “Qadınlara yaxşı davranın.”
- “Əmanətə xəyanət etməyin.”
- “Faizi tərk edin.”
- “Müsəlman - müsəlmana qardaşdır.”
Hər bir cümlə
təpədə olmayan bir minarə kimi
bütün bəşəriyyəti çağırırdı.
Sonra göyə baxdı:
“Allahım, bu Sözləri çatdırdım?”
On minlərlə insan bir ağızdan dedi:
“Bəli!”
Və o dedi:
“Şahid ol, ey Rəbbim…”
Zikr:
Söz tamam oldu -
amma nur tamam olmadı.
Bitən yalnız ömürdür -
başlayan isə yol.
XIV hissə - Ən son səhər: Nurun dönüşü
Sükut yenə onun yanına qayıtdı.Göyün ilk endirdiyi nur
indi göyə dönmək üçün
qapını asta-asta aralayırdı.
O, son dəfə səhabələrinə baxdı -
bir atanın övladlarına baxışı kimi.
Son dəfə gülümsədi -
bir ömürlük mərhəmətin gülüşü kimi.
Aişə anamızın otağında
sakit bir nəfəs aldı…
Bu nəfəs
Hiranın ilk nəfəsini tamamlayan
son bir nöqtə idi.
Göy dərhal açıldı.
Cibril yenə endi -
amma bu dəfə Söz üçün yox,
Nur üçün.
Peyğəmbər dünyadan getmədi -
o, dünyaya gəlmiş olduğu yerə
yalnız geri döndü.
İnsanlıq isə yetim qalmadı -
çünki o, ardında
Söz adlı bir günəş qoydu.
Zikr:
Nur geri dönməz,
yalnız ucalır.
İnsan ölər,
amma nur - ölməz.
XV hissə - Epiloq: Son nəfəsdən sonrakı nur
O getdi,amma külək dəyişmədi:
hələ də onun səsinin izini daşıyır.
O getdi,
amma su dəyişmədi:
hələ də onun adını pıçıldayır.
O getdi,
amma insanlıq tənha qalmadı:
çünki o, özündən sonra
Allaha aparan yolu qoydu.
Hər əsr onun nuruyla yenidən oyanır,
hər qəlb onun adı ilə yumşalır.
Bir körpə doğulsa -
onun nurundan bir zərrə miras alır.
Bir insan doğru yola gəlsə -
onun addımının səsi eşidilir.
Məhəmməd Peyğəmbər -
ad deyil.
Bir yol, bir nəfəs,
bir kainatın sükutunu oyadan çağırışdır.
Və bu çağırış
bir daha heç vaxt sönməyəcək.
Zikr:
Söz bitməz, nur sönməz.
Bir ad var ki -
kainatın yaddaşına həkk olunmuşdur:
Məhəmməd Mustafa (s).
SON SÖZ Söz burada tamam olur,
amma insanın Rəbbə ehtiyacı tamam olmur.
Bu poema bir iz buraxdısa,
o iz sözlərin gücündən deyil,
Allahın mərhəmətinin kölgəsindəndir.
Oxucu bu kitabı bağlayanda
qəlbində bir sükut qalırsa,
o sükut da Ona doğrudur.
Ədalət Nəbi Qarabulud.
BİA.az








