Bia.Az

Ədalət Nəbi Qarabulud - 70 *** Məsti-Meyi-Eşq - Mehdi Bəyazidə ithaf olunmuş poema

KÖŞƏ YAZARLARI
 9-12-2025, 01:47     18 911

MƏSTİ-MEYİ-EŞQ

Poema

Mehdi Bəyazidə ithaf olunur

(Yazmadığı kitabın xatirəsinə yazılıb)

I HİSSƏ

Məsti-meyi-eşq...

Əvvəlcə söz vardı,
amma Mehdi sözün əvvəlinə qayıtdı,
özüylə bərabər hamımızı da.
Söz yox idi - 
bir nəfəs idi,
bir ləzzət,
bir qorxu.
Qələm bəzən şeytandır,
bəzi əllərdə mələk.
O isə susqunluqla yazırdı,
daşda iz salan sükutla.
Keçmişindən qabaqdı bəzən - 
daha doğulmamış xatirə kimi.
İçdi...
Elə bil Vəli Dərviş kimi
Məsti-meyi-eşq oldu -
el minarələrdən keçdi,
Mehdi isə qaldı içindəki viranə meyxanada.
Orda bir beyt dayanırdı,
bir sufi tək - 
sözün başı, sözün sonu:
Keçdi meyxanadan el, məsti-meyi-eşqin olub
Nə mələksən ki, xərab etdin evin şeytanın?

Dünya birdən daraldı,
qələm isə artıq yalan danışırdı.
Ədəbiyyat – yalnız yazmaq deyildi,
Ona görə yandırdı –
hərfləri, səhifələri,
bəlkə də bir ömrü.
Ədəbi təkəbbürü yox idi - 
amma söz qarşısında
şəxsi bir imtina andı vardı.
Hər şeirə, hər hekayəyə
bir az Dostoyevski baxışlarıyla baxırdı,
bir az Banişevskinin cəldliyiylə,
bir az da…
analarından ayrılmış balaların
qəzəbiylə.
Ax, Roskolnikov!
Ax, bağışlanmayan məhəbbət!
Ax, atalar və oğullar - 
hər biri bir otaqda
divar-divar susurdu.
O divarlara dəyən
bircə adam vardı -
Mehdi.
Öz evini ala bilmədi,
amma sözün evində yaşadı.
Soyuq otaqlarda
Aşıq Ələsgərin səsi qızdırdı onu.
Söz soyuqla mübarizədir,
deyirdi - 
əgər doğrudan sözsə.
Bir dəfə…
səni daha tanımayan
küçələrə düşdük -
ağlayırdın...
amma kişi kimi.
Kişi kimi ağlamağın da
bir poeziyası var, Mehdi.
İndi
Qazaxın Kəmərli kəndində
torpaq bir kitab bağlayır sənin üstündə.
Külək oxuyur səni,
vəfa tapmamış vərəqlərdə.
Şəkil yox...
amma səhnə var,
bir səhnə ki,
orda həqiqət yeriyir yavaş-yavaş.
Mən isə hələ bilmirəm,
sən düz elədin,
yoxsa səhv?
Bəzən deyirəm:
Ədəbi mifik bir intihardı bu -
müqəddəs yanılmaq.
Bəzən isə:
İnsan özünü yandırsa da,
sözlə qayıdır dünyaya.
Mehdi,
sən qeybə çəkildin - 
Sahibəzzaman kimi...
amma söz
hələ də səni çağırır -
bir əlifba kədəriylə.
Son beyt:
Bir gün söz qayıdacaq
yanmış əlyazmaların külündən -
və biz biləcəyik:
Mehdi heç vaxt getməmişdi...

II HİSSƏ

Yuxuda peyğəmbərlərlə danışan adamın hekayəsi...

Bəzən gecənin bir yerində
bir kölgə çıxırdı şəhərin divarına,
külək saxlayırdı nəfəsini,
itlər hürmürdü...
və sözlər yuxudan ayılırdı qəfil.
O kölgə Mehdi idi -
bir əlində siqaret,
bir əlində içində qopmamış fəryad.
O danışanda
divarlar dinləyirdi,
rəflər yavaşca tərpənirdi,
çünki Mehdi danışmırdı - 
deməkdən ötəsində
həqiqəti göstərirdi.
O deyirdi:
"Əgər bir beyt səni məhv edə bilmirsə,
sən heç vaxt yazmamısan."
O, hər misrada bir yuxu görürdü.
Yuxularda bəzi peyğəmbərlər
ona deyirdi:
"Söz əmanətdir -
və sən bu əmanəti götürmədin."
Bəzən isə deyirdi:
"Mən onu götürdüm...
sonra geri verdim,
çünki içində yalan gizlənmişdi..."
Gecələr onun nəfəsi
bəzən nəfəssizliyə çevrilirdi.
Vərəqlər susurdu...
Qələmlər qırılırdı əllərində,
sanki bilirdilər - 
bu adamın yazmağa haqqı yoxdur,
ya da...
bu dünyada yazı deyil,
yanmaq gərəkdir.
O, sevmirdi əbədi olmayanı.
Sevgini də, sözü də, insanı da
ölçürdü sonluqla.
Bir şeyi soruşanda:
“Bu əbədi olacaqmı?”
Əgər yoxsa - 
gülümsəyərdi:
“Boş ver...”
Mən bir dəfə ona dedim:
– “Sən niyə özünü bu qədər ağrıdan adamsan?”
Gözlərimə baxdı.
Gülümsəmədi.
Dediyi bu oldu:
"Çünki ağrıyan adam danışır.
Amma danışmayan adam -
artıq sözün özüdür."
Mehdi,
sən danışmadın...
amma dedin.
Yazmadın...
amma dedirdin.
Getmədin...
amma yox oldun.
Ədəbiyyat səndən qorxurdu.
Çünki sən,
yalançı parıltıların yox,
sönmüş işıqların içində
dost axtaran adam idin.
Səni susmaq yazdı.
Səni unudanlar
susqunluğunun səsi oldular.
Və biz indi
hər misrada
bir sükut axtarırıq -
sənin sükutunu.
İndi isə deyirlər:
"Kəmərlidə bir qəbir var...
adını kül yazıblar..."
 

III HİSSƏ
Yazmadığı romanın qəhrəmanı
Əlyazmalar yananda
buxur kimi qalxdı qoxusu,
bir az müqqəddəs,
bir az cinli...
Otaqda sükut çökdü,
və Mehdi başını aşağı saldı,
sanki yazını deyil -
özünü yandırmışdı.
Çünki bilirdi:
hər yazı adamı
bir gün özündən uzaqlaşdırır.
Bir roman varsa,
sənin içindəki adam
artıq yoxdursa -
qələbə deyil bu.
O isə uduzmaq istədi -
öz yazısına,
öz sözünə,
öz özünə.
Yazmadığı romanın adı belə vardı:
"Heç nə yazılmamalı idi."
Əvvəli yox idi,
axırı da...
və bu yoxluğun içində
bir dünya vardı.
O dünyada
sözlər danışmırdı,
illüziyalar yazmırdı,
və heç kim - 
özünü öymürdü.
Romanın qəhrəmanı o idi:
yəni heç yazılmayan,
amma hər oxunuşda hiss edilən kölgə.
Kölgə -
çünki özü yox idi,
ancaq hər şeyin arxasında
onun inkarı dayanırdı.
O dedi:
"Yazmaq -
həqiqətin imitasiyasıdır.
Mən isə -
həqiqətin özünü yaşadım,
yazmağa ehtiyacım olmadı."
Bəlkə də, o, bu dövrdə doğulmamalıydı.
Əli qələmdə yox,
bir quyu dibində olmalıydı.
Orda danışsaydı - 
divarların içində çiçəklər bitərdi.
Bəlkə də
o, doğrudan da
bir Dostoyevski obrazıydı,
sadəcə...
Rus romanına yox,
Azərbaycan poeziyasına düşmüşdü təsadüfən.
O döyüşdü.
Heç kimin görmədiyi
bir divarla.
Heç kimin eşitmədiyi
bir səslə.
Heç kimin yazmadığı
bir dillə.
Roman başa çatdı -
qapanmadan.
O, son səhifəni bağlamadı,
çünki bilirdi:
bütün sonlar
yalanla başlayır.
O, getdi -
yəni kitabı özü ilə apardı.
İndi hər dəfə
bir göz yaşı tökülsə bir misraya,
bir söz deyilsə sanki içimizdə parçalanırsa —
bilin ki,
o hələ də yazır.
Sadəcə...
küllə.

IV HİSSƏ

Qeybdə qalan adam

Axırda
bizi çağırmadı...
çünki artıq heç kim çağırmırdı.
Ölüm də yox idi əslində,
yalnız bir çəkilmə -
dünyanın içindən
dünya kimi çıxmaq.
Bir də gördük - 
yoxdur.
Heç nə demədən,
heç nə buraxmadan.
Milli Kitabxananın qabağında
bir dəfə son dəfə görünmüşdü -
rəngi açıq,
üzü yüngül,
sanki yükünü
təslim etmişdi bir yerə.
Kiminə görə ölü,
kiminə görə qeyb.
Əslində isə -
yandırılmış bir surənin
itirilməyən nuru idi.
O öləndə
divarlar da nəfəs almadı,
çünki onun sükutu ilə nəfəs alırdılar.
Külək bir az daha sakit əsdi,
Sumqayıt yolunun üstündə
balaca bir ev
öz kölgəsini yerə uzatdı -
orada vərəqlər yox idi artıq,
yalnız divara söykənmiş
bir cüt yorğun göz...
Dedilər:
“Qazaxın Kəmərli kəndində basdırılıb.”
Qəbir daşında ad yox,
söz yox,
şəkil yox.
Amma ətrafda
qaranlıq o qədər saf idi ki,
adam səsini eşidirdi -
mərhumun yox,
küllün dilini.
İndi kim deyə bilər:
Mehdi yazmadı?
Yoxsa elə yazı budur?
Yazıb yandırmaq,
özünü ləğv edib
sözə dönmək -
bu, yazının ali forması deyilsə,
bəs nədir?
O daha yazmır.
Amma hər dəfə
bir uşaq poeziyanın qarşısında
susursa,
bir adam qələmi yerə qoyursa,
bir şair gözlərini yana çevirirsə -
bilin ki,
Mehdi keçir oradan.
Söz çoxdur.
Doğru az.
Sözlər içində
bir doğru adam vardı - 
və o getdi.
Sonda bir bayatı düşür yadıma,
bəlkə Mehdi üçün yazılmışdı:
Yandım, külüm sovruldu,
Dilim susdu, ovruldu,
Söz mən idim əvvəldən - 
Əlif kimi ovruldum...

Poemanın sonu.

(Amma hekayənin yox...)

Ədalət Qarabulud.
27.1. 2018-ci il.

BİA.az
скачать dle 12.1