Ölümü öldürən adam... (Poema) - Ədalət Nəbi Qarabulud.
Ölümü öldürən adam
İstedadlı şair, gözəl insan Raqif Nazimoğluna(Poema)
Yaman çal-çağır idi. Aləm qarışmışdı. Dünyanı baş-ayaq eləmişdilər. Hakimi – mütləqdi İblis: “Mən hansı bir insana bənzədim ki, Lenini...” Cavan aktyor öz “sənət incisi”ni yaratmağında, içkidən dumanlaşmış başlarsa bal dadan çirkabda. Yamanca kef idi. İt yiyəsini tanımırdı...
Zaman belə zaman idi, öz işində idi, adamcıqlara adam olduqlarını çoxdan unutdurmuşdu. Belə baxanda adamlığa az-çox layiq olanların bu məclisdə nə azarı?
Sonra da rəsmiyyət. Söyüş, təhqir, filan, bəşməkan... Burada hamı alçaldılırdı və hamı da səbirsizliklə bu rəzalətin son akkordunu gözləyirdi: “Özünü düzəlt!” O “Özünü düzəlt”dən sonra isə elə rahatlanırdılar ki, elə bil anaları indi gətirib bu bədbəxtləri dünyaya.
Qəflətən elə bil tufan qopdu. Adamcıqların gözləri kəllələrinə çıxdı. Bığ yeri təzəcə tərləmiş birisi İblisin üzünə ağ olmuşdu: “Ləçərin ən böyüyü sənsən!”.
Adamcıqlar donub yup-yumuşaq kreslolara yapışdılar. Ürkək-ürkək, qorxa-qorxa İblisə sarı boylandılar. İblis sındı, ancaq axı o, İblis idi:
- Qandallayın onu!
Qandalladılar təsadüfən bu məclisə düşmüş Adamı. Möcüzə baş vermişdi. İblis düşünürdü: “İlahi, bu adamı kim buraxıb bu məclisə?”
Ölüm də təngənəfəs yüyürürdü. Haqqa sarı. İblissə öz hikkəsində:
- Üzr istəsin, adamcıq olduğunu etriaf eləsin, yoxsa...
Adam adamlığına sığınmışdı, heç vecinə də deyildi. Ruhu özündən qabaq ölümün üstünə yeridi. Ölüm əyildi, əyilə-əyilə kiçildi, kiçilə-kiçilə yazıqlaşdı:
- Bu ki, Mələkdi... – dedi.
Beləcə,
Zülmün qudurduğu
Bir məmləkətdə
Üfunətli, darısqal
Bir vaqon – kamera
Yol gedirdi
Dəmir qolların üstə,
Tak, tarak, tak...
Sərnişini
Bığ yeri təzəcə tərləmiş
Bir yeniyetmə
Bir qəribə dustaq.
Ürəyi alışıb yanırdı
Ovcunun içində
Tanrısı qan ağlayırdı
Başının üstündə...
Yol gedirdi ölümündən o yana –
Ölümsüzlüyünə,
Yol gedirdi
Kimsənin dözə bilməyəcəyi
Dözümsüzlüyünə...
Yol gedirdi fələyə sarı,
Yol gedirdi kələyə sarı...
Bu yolu
Cavid də getmişdi
Bu vaxt
Hardan biləydi bu yazıq,
Qarabaxt.
Hələ qəbahətinə girovdur,
Hələ Nazimoğlu deyil,
Əsgərovdu.
Perrondakılar öz azadlıqlarında,
Kefində, damağında.
Yol gedirdi Cavidə sarı
Baxışları
Sızıl-sızıl, acı-acı
Belə olur
Şairliyə gedən yolun
Başlanğıcı –
Hardan biləydi bu uşaq
Hardan biləydi
Taleyinə dərd doğacaq...
Göyüm-göyüm Cavid dərdi...
Bu da belə işgəncədi.
Dilini kəsirlər yerindən
Əlini mıxlayırlar baraka
Di döz, tablaş
Bu da belə işgəncədi
Gözünü ovurlar
Ölüb dirilirsən min kərə
Qovrula-qovrula...
Hardan biləydi bu uşaq
Hardan biləydi ki.
Gün gələcək
O böyük Türkün
Ruhuna qovuşacaq
II. BAŞQA YOL YOXDU, QARDAŞ!!
Buz kimi soyuq
Dəmir qolların üstə
Sibirə, Tayqaya sarı
Gedirdi vaqon – kamera
Gedirdi qəribə dustaq.
Orda, lap uzaqlarda
Qan ağlayırdı Turan
Bir türk oğlu türkün
Çarmıxa çəkilmiş Ruhu
Sərkərdan idi, sərkərdan...
“Məni dəfn edin
“Arazbarı” üstündə
heç olmasa
min ilin Səbriylə
oxuna bilsin Ruhum...”
Ruh neyləsin ki,
Cansız müqəvva
Min ildi başının üstən
Qap-qara quşlar uçur
Qan içə-içə qızarıb,
Qarala-qarala
İndi qonub
Təbrizin yaralı qollarına
Ulayır quduz it kimi
Çaldıran meydanı
Tökülür türkün
Qıp-qırmızı, al qanı...
İndi o karvan yolları,
O yaşıl irmaqlar
Dad verir barıt iyi
Baxır Şah İsmayıl Xətai
Sərdari – milli Xiyabani...
“Təbrizim – mənsizim”
Salam,
Atamızın çaxmaq daşı ilə
Yandırdığı Atəş.
Anamızın öz li ilə yandırdığı
daş Ocaq!
Salam, parlaq Xəqan
Göyüzünə ucalan
Boz duman!
Salam, Ruhum mənim
Ey Böyük Şaman!
Sən ey qismət və hökm yaradan
Tanrım – Qara Qaya
Ətrafına
Günəş dolana bilməyəcək Altunum!
Salam, ey müqəddəs
Dar ağacına çəkilən
Dərviş Ruhum!
Salam!
Ey qopmuşları bağlayan,
Təbrizə yas tutub, ağlayan
Xudafərin Ana...
“Nə varım var, nə barxanam,
Ömür yükü bağlamağa.
Tanrım məni yarı öldür,
Yarı saxla – ağlamağa...”
Ağlamaq istədi. Bəbəkləri donmuşdu. Bəbəkləri başının üstündəki Göy üzü kimiydi, bilmirdi. Elə Göy üzü də nə elədiyinin fərqində deyildi. Hikkəsindən dolmuşdu. Yığılıb-yığılıb iynənin ucu boyda ulu bir işığa döndü, dəmir barmaqlıqları keçib qap-qara uzun saçları sığallayıb, donmuş bir cüt bəbəyin qarasına qondu. Cana gəldi, isindi donmuş bəbəklər...
Hardan süzülürdü o səs,
Hardan qopurdu o nalə.
Yol gedirdi dustaq
Mənzilə çox vardı hələ.
Birdən yadına düşdü Stalin
O ki, var söyləndi, söydü.
Sonra Hitler qurumsağın
Hulqumundan yapışıb
Silkələdi, döydü.
Tüpürdü elə Ulyanova da,
Partiyasına da.
Ürəyi “of” demədi
Bir təpik də ilişdirdi,
Dəmir barmaqlığa da
- haqq var - dedi - divan yox,
bu necə zəmanədi.
Allah da allahsızın
Üzünə gülür, nədi?!
Cavab gəldi qeybdən:
- Haqqı da,
Nahaqqı da
İki mələk donunda
Tanrı göndərib yerə...
Göy üzü qəm götürməz,
Haqq nazilər, üzülməz.
Haqqa divan tutarlar,
Haqqı çalıb-çaparlar.
Dərisini sərpaya
Sayarlar haqqın müdam.
Bağrı çatlar nahaqqın.
Belə xəlq eləyibdir
Hər ikisin yaradan.
Baş vur,
Ulu keçmişə,
İnsan oğlu ağılla
Qalib gələr İblisə...
İblis cah-cəlallıdır,
İblis başda durandı
Xalqa fitnə-fəsadla
Min bir oyun qurandı.
İblis içimizdədi,
Bizi içdən aldadır.
O qədər hiyləgərdir,
Zəhəri də bal dadır.
Görürsənmi
Hər addım
Bizi adam sayan yox.
İtib qeyrət, namus, ar
Başa papaq qoyan yox.
Mələk donu geyir, hey...
Şər, Xeyri yeyir, hey...
Hayqır babaların tək
Yeri zülmün üstünə
Atıl mübarizəyə.
Bu yol sənin yolundu,
Bu yol haqqın yoludu.
Vətəndaş ol, vətəndaş,
Başqa yol yoxdu, qardaş!
Adam olduğunu sən
Sübut eləməlisən...
III. “AZƏRBAYCANLI ŞAİR”
Bu da gedər-gəlməz, Sibir
Ac qurddu elə bil
Adamı gəmirir...
Yapışıb Cavidin
Qanlı ətəyindən
Kəsib şaxtanın kələyini
Unudub yaralarının göynəyini
Çıxıb ölümün köynəyindən
Bata-bata qara,
Baraka
Gedir bu dustaq.
Bir azdan sorğu-sual
başlayacaq...
- Kimsən, nəçisən?
- Əsgərov Raqif Nazimoğlu
- Peşən?
- Şair!
- Nə şair?!
Türmə rəisi baxır
“delosunda yazılmış
“Azərbaycanlı şair”
kəlməsinə,
Gözü çıxır kəlləsinə.
Hikkəsindən
Ağappaq ağarır
Kobud söyüş söyüb
bağırır:
- Kars! Kars! Kars!
...Beton kamera
suyla doldurulub qurşağacan
şair çiling ağac oynayır
Əzrayılla sabahacan...
Bu nədi, elə bil
Sızıldayan sümükləri
Özünün deyil...
Elə bu dəm
Bir səs gəlir qeybdən:
- Haqqa əyil, əyil, əyil!
Yapışıb əlindən
Dartır soyuq sudan...
İlahi, bu ki, adamdı...
Qolboyun olub çıxırlar
Soyuducu – kameradan....
...Gözünü açır
üzündə, saçında
İlahi bir sığal
Qollarında güc-qüvvət
“Di get düşməndən bac al!”
Vücudu rahatlıqdan yorulub
Elə bil anadan
İndicə doğulub.
“Tanrım məni başdan yarat!”
Başlayır Cavid Taleyi
Başlayır şair ömrü
Başlayır yeni həyat...
Tayqa,
Başdan ayağa
Cəllad kürsüsü
Burda
Şeytana papış tikir
İblis sürüsü...
Sıxır, sıxır əlindəki qələmi
Ürəyindəki Cavid kəlmələri
Qıpqırmızı qana dönüb
Dolur barmaqlara.
Qan sızır misra-misra
Ağappaq varaqlara.
IV. Doğuldu bir şair Cavid ruhunda!!...
...Buradakıları necə gəldi öldürmək olardı. Mixail Kolstovu öldürüb, sonra cəbhəyə göndərmək, diri ikən Cavdi “basdırmaq”, Əhməd Cavadı yatdığı yerdə susdurmaq, barakda iynəsini vurub dəhlizdə Raqifə qan qusdurmaq olardı. Bura ayağı dəyməyənlərin də qəbri hazır idi burada...
Hardan idi bu dəli istək... Hardan gəldi bu şirin Dərd! İnsan xisləti gör nələrə qadir imiş. İlahi! Barmaqlarının qanıyla çəkirdi barakın divarlarına canlı misralarının şəklini... Bu ki, lap möcüzə idi. “Dəhşət”lə “Vəhşət”in tən ortasında dayanmış cılız vücudu bu yeniyetmədə hardan idi belə İlahi qüdrət, güc, qüvvət...
Qüdrət tapdı sitəmlərdən
Yeriklədi dərdə, qəmə...
Şair şair olar. ancaq
Zülmün məhbəsində demə.
Bir yol əyilib sınmadı,
Soyuldu haqqın dərisi.
Ruhuna hopub, qovuşdu
Cavidin ilham pərisi.
Cavidin ilham pərisi
Qolundan tutub yeritdi.
Vətən dərdi bir şairin
Donmuş həsrətin əritdi.
Tayqa özü boyda
Ağappaq bir qəbir
Şər
Saf-çürük edib adamları
Udurdu bir-bir...
Oturub gözləmədi ölümünü
Başqaları tək...
Mübarizə gərək!
Tablaşdı zülmə hər addımda
Qıcığına.
Düzüldü misralar
Döyüşçü tək,
Düzüldü ölümün acığına
Başlandı mübarizə
Qızardı sinəsi Tayqanın.
Qızardı qıp-qırmızı qan kimi.
Atıldı döyüşə
Atıldı tüfəngdən güllə atılan kimi.
Başladı pillələr,
Başladı şair cığırı
Doldu haqqın kasası
Yarıldı zülmün bağrı...
Tutmuşdu Tayqanı
Zamanın qarğışı
Yazıldı
“Əsrin Günəş yağışı”
Süzüldü misra-misra
Cavid ruhu baraklara
Əbədi heykəl yapdı
Raqif şeri varaqlara...
Qanlı köynəyini bayraq yerinə
Tanrıdan yuxarı qaldıran oğlan
Göy üzü qəm götürməz...
Ağrım-acım, soyum, köküm
Yaralarım göyüm-göyüm
Qəm ağacı bitirməz...
Bu da bir ömürdü
Qəm bükülü yazı, baharı
Bu da bir ölümdü
Tanrıdan yuxarı, göydən yuxarı...
Qanlı köynəyini Bayraq yerinə
Aparıb taxacam o dan yerinə...
Qanlı köynəyin Bayraq yerinə
Qorudu Sibirin sərt sazağından
Qoşa qanad kimi,
Qanla can kimi
Doğuldu bir şair Cavid ruhundan.
V. Ölümü öldürən. Adam...
Hamilə qadındı gecə.
Qızarıb yanağı
Bir ulu ağrıdan
Gərilib qolları –
Doğum evində...
Körpəsinin hənrini duya-duya
Boylanır, boylanır ulu bir işığa.
Bir azdan
Həzin bir rahatlıq,
Dupduru bir baxış,
Tanrının özü kimi bir yaraşıq
Qonacaq sifətinə
Adamlar tələsəcək görüşünə.
Tak, tarak, tak...
Gedir dan yerinə sarı.
Gedir bir qatar
Nə vaxt görən mənzilinə çatar.
Sərnişin
Sibir adlı bir ölümün
Yırtıb kəfənini
Vətənə dönür bir cavan,
Hamıyçün hələ adi bir adam.
Ancaq Adam!
Adam olduğunu sübut eləmişdi
Tayqada.
Nə qədər əzazil olsa da,
Əyilmişdi Tayqa da.
Gedirdi, Cavidin qəm dağı
Gedirdi cəhənnəmin
Yeddi illik dustağı...
Gedirdi, o dünyanı görən adam.
Gedirdi, o dünyadan gələn adam.
Belədi dünyanın işi,
Belədi zamanın gərdişi.
Tanımayacaqdı
Anası Əflakə ana,
Tanımayacaqdı
Atası Nazim kişi...
Gedirdi, nər gedirdi,
Gedirdi, ər gedirdi.
Ruhlar yola salmışdı
Tayqadan
Gedirdi ölümü öldürən Adam.
Gedirdi,
Öz içini yeyə-yeyə
Elə hey acıyan
Gedirdi,
Göz yaşını içə-içə
Elə hey susayan
Köksünə sığmırdı sinəsi,
Gedirdi Vətən təşnəsi.
Gedirdi ürəyi şan-şan.
Gedirdi bir dünya kəhkəşan.
O taylı, bu taylı, sinəsi dağlı,
Bu da vətən, qapıları bağlı.
Əyildi, əyildi torpağına, əyildi
Cavidin ruhuydu,
Özü deyildi...
Bakı,
28 fevral 2003-cü il.








