SUSMA... (mistik - fəlsəfi poema) - Ədalət Qarabulud
SUSMA...
Epiqraf
“Söz - bədən öləndə də nəfəs alır,
külə dönsə də səsi qalır.
Amma unutma -
əgər söz susarsa,
tarix yenidən qanla danışır...”
I. SUSQUNLUĞUN TARİXİ
Torpaq - yuxuya gedənlərin səsi ilə doludur,Hər qəbir bir cümlə,
hər daş bir nöqtədir.
Güllələnən gecələrdə də
bir qığılcım danışırdı –
yarımçıq qalmış duaların içindən.
Görünməz barmaqlar yazırdı
taxta beşiklərə,
soyuq divarlara:
“Biz susmadıq -
yalnız torpaq kimi dərinləşdik.”
Bir uşaq doğulurdu hər dəfə,
bir səs kəsiləndə.
Ruhlar yer dəyişirdi,
amma sükut qalırdı,
bir əsr boyu nəfəs kimi sinəmizdə.
O illərdə,
qələmlər qan içirdi,
kağızlar ölüm siyahısı kimi danışırdı.
Bütün işıqlar sönəndə
bir nəfər pıçıldayırdı qaranlıqda:
- “Söz ölmür...”
Və torpaq eşidirdi onu.
Sükutun alt qatında
bir nida böyüyürdü yavaşca -
bir xalqın boğazında ilişmiş
“Vətən” kəlməsi kimi.
II. SÖZÜN QİYAMI
Bir gün külək qayıtdı –arxasında unudulmuş adların kölgəsi ilə.
Əsir səslər dirildi,
dəmir barmaqlıqlardan keçib
ruh kimi dolaşdı şəhərin üstü ilə.
Məzarlarda yanan işıqlar
gözlərimizə qayıtdı,
dodağımızda ozünə yer elədi
bir vaxtlar qadağan edilmiş hərflər.
Söz, o qədim peyğəmbər kimi,
yenə qaldırdı barmağını:
- “Haqq danışılmadan
heç bir dua göyə qalxmaz!”
Söz - artıq kitab deyil,
qan yaddaşıdır.
Hər hecasında bir dirəniş,
hər sətirində bir qayıdış gizlidir.
Və sən,
bu misraları oxuyan insan -
unutma:
sənin nəfəsin də bir vaxt
tarixə çevriləcək.
Ona görə
SUSMA...
çünki susduğun an
bir ruh yenə ölür,
bir səs yenə basdırılır,
bir həqiqət yenə unudulur.
Sonda...
Söz – sükutun ən dərin nöqtəsində doğulur.Tarix onu susdurmaq istədikcə,
o, daha aydın səslənir.
Odur ki,
biz yaşadıqca,
bir nida qalacaq yer üzündə:
SUSMA...
Ədalət Nəbi Qarabulud.
BİA.az








