RUHUMDA DİRİLƏN ŞƏHƏR - Ədalət Nəbi Qarabulud
RUHUMDA DİRİLƏN ŞƏHƏR
Mənim içimdə bir şəhər yatır -daşı dua kimi susur,
küçələri köhnə nəbzlə döyünür,
kül içindən qopan bir nəfəs kimi
Tanrının sükutuna qarışır.
Bir vaxt anamın ətəyindən sallanan
bir vedrə almanın ətiriydi o şəhər,
indi isə -
şəhid nəfəsinin isidib közə çevirdiyi
sonsuz bir ocaqdır.
Göyün yaddaşı var —
orada unudulmuş səs yoxdur.
Hər səs Tanrının barmağından asılıb,
hər nəfəs torpağın altına
işıq salır, dua salır.
Bir gün -
odun, suyun, daşın və insanın
bir-birinə qarışdığı bir gündə
bir mələk səngərlərin üstündən keçdi.
Qanadından tökülən işıq
xarabalığın qəlbində
dirilişin ilk qığılcımını yandırdı.
Bilirəm —
torpağa düşən hər damla qan
Tanrının əl yazısında bir hərfdir;
hər hərf bir şəhər,
hər şəhər bir ruhun
ikinci doğuluşudur.
Füzuli -
sən indi mənim içimdə
sükutla danışan peyğəmbərsən.
Sənin küçələrin göyün damarlarına bağlanıb,
orada Tanrı
insanla torpağın barışığını yazır.
Mən o yazını görmüşəm -
bir əsgərin göz yaşında,
bir ananın duasında,
bir uşağın ilk gülüşündə.
İndi hər səhər
o şəhərin ruhu
gözlərimdə dirilir,
külə dönmüş evlərdən
nur qalxır,
adamın qəlbinə işıq düşür yavaş-yavaş.
Ey dirilən şəhər -
sən artıq xəritədə yox,
mənim içimdə yaşayırsan.
Çünki ruhun torpaqla qovuşduğu yerdə
Tanrı yenidən nəfəs alır...
Ədalət Nəbi Qarabulud.









