Bia.Az

Kiməm, nəciyəm axı... - Ədalət Qarabulud

KÖŞƏ YAZARLARI
 12-10-2025, 01:17     9 964

Min ildi, milyon ildi,
ruhum pərişan gəzir
göylə yer arasında.
Kiməm, nəciyəm axı?
Hardan gəlmişəm görən,
hara gedirəm axı?..

Necə dəfə quruldu
dar ağacı mənimçün,
ancaq nədən son anda
qırılıb çıxdı ipi...

Apar məni Hələbə,
apar məni Göycaya.
Bir yanda nur Nəsimi,
bir yanda Əli Kərim.
Odey baxır sükutla
Vaqif Boyatlı Odər,
toxunur Vəli Dərviş -
gedək bir az dərd içək...

Bir az Kəbutərliyin
küçəsiylə gəzək biz,
orada daş da danışar,
orada külək zikir edər,
bir yarpaq düşər yerə -
dəhrin minillik səsi,
bir sükut dənizində
çırpınar könül quşu.

Ruhum, sən yad deyilsən,
sən bir damla işıqsan,
min ilin, milyon ilin
göz yaşısan, ahısan.
Bir baxışla doğulub,
bir nəfəsdə yox olan -
amma hər yoxluğunda
bir varlıq tumurcuqlanır.

Mən kiməm - bir adammı,
yoxsa küləklə gələn
bir kölgəmi Tanrının?
Gecənin qəlbindəyəm,
səhərin içindəyəm -
sanki zaman içimdə
özünü gəzir hələ.

Apar məni, apar, dost,
elə bir dağa çıxaq,
daşda İlah kəlamı,
yarasında peyğəmbər.
Nəfəs alıb küləklə,
bir dua kimi uçam,
bir gülümsə içimdə
qopan tufana baxım.

Bəlkə də Nəsimidən

dərisinə sığmayan

bir qərib nəfəsli səs,
Əli Kərimdən qopmuş
yarımçıq bir misrayam,
Boyatlıdan qalan bir
baxışın kölgəsiyəm,
Vəli Dərvişdən sızan
kədərin şərabıyəm.

Oturaq indi, ey ruh,
dərdin dəmliyi yerdə,
sükut dibində içək
bir zaman, bir az yoxluq,
bir az da varlıq qatıb.
Bəlkə o zaman Tanrı
kölgəsini göstərə...
və biz də o kölgədə
bir az Adam, Nur olaq...


Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1