Bia.Az

Sahibsiz Ruh - Mistik-fəlsəfi poema

KÖŞƏ YAZARLARI
 18-07-2025, 00:06     4 048

Sahibsiz Ruh

Mistik-fəlsəfi qısa poema

I. Küləyin altında doğulan

Sən bu şəhərə
küləyin nəfəsiylə gəldin,
bir ağacın kölgəsinə pənah apardın,
amma ağac danışmadı,
insanlar isə çoxdan susmuşdular.

Yad bir baxışın ortasında –
adın yox,
səsin yox,
amma hər baxışında
bir kitab qədər sirr var idi.

Səni doğan torpaq idi –
amma səni atan
insan adlanan kölgə oldu.

II. Uşaq ikən it olmaq

Bəlkə sən də
bir vaxtlar adını bilmədiyin bir sevginin içində
körpə kimi yatmışdın.
Ananın nəfəsi –
dünyadakı ilk istiliyin olmuşdu.
O zaman nə çörək vardı,
nə də aclıq.
Sadəcə –
məsumluq.

Və bir gün
insan əli gəldi –
kəndiri boynuna keçirib
səni özüylə apardı.
Bağışlanmaz ayrılıqların
ilk günündə
ananın baxışı –
sənin ilk yaddaşın oldu.

III. Parklar və pasportlar

Parkın ortasında durursan –
sükutun heykəli kimi.
Qulağındakı birka –
səni sahibli göstərən kağız yalanı.
Guya sən də bu ölkənin vətəndaşısan,
guya sən də bir “sistem”in içindəsən...

Amma quru çörəyi belə
sənin üçün atmırlar artıq.

Səni görənlər
gözlərini döndərir,
səni döyənlər
vicdanlarını örtür.
Çünki sən –
onların içində basdırdıqları səsin
ayaq tutub yeriyən kölgəsisən.

IV. Kabab iyi və xatirələr

Qoxu – bəzən yaddaşdır.
Kabab iyindən bihuş olanda
sənin üçün
bir yay axşamı dirilir.
Qoz ağacının altında
yağlı içalatın buxarında
sən yenə də
ananı görürsən.

Deputat, çoban, masa, kəklik əti –
hamısı bir yuxudur.
O yuxudan ayrılan isə
yalnız sən olursan –
qarın altında yatan.

V. Qəfəs və Azadlıq

Səni bir gün tutdular,
yaralarını sarıdılar,
çörəklə doyurdular.
Adına “müalicə” dedilər.
Amma qəfəsə saldılar.

İnsanlar qəfəsə “ev” deyir.
Sən isə evin azadlıq olduğunu
çöldə öyrənmişdin.

Bəzən azadlıq –
ac qalmaqdır.
Bəzən azadlıq –
bir zibil qutusuna yaxınlaşa bilməməkdir.
Amma yenə də seçimin odur.
Çünki sən ruhsan –
və ruh qəfəsə sığmaz.

VI. Dişləyənlər və doymayanlar

Səni itələdilər,
səni dişlədilər,
səni güddülər.
Amma sən heç vaxt
qisas almadın.

Çünki sən heyvan idin –
amma onlar çoxdan
insanlıqdan çıxmışdı.

Qarnın doya bilərdi,
amma gözün –
gözlədiyi baxışı heç tapmadı.
Bir dəfə biri səni gördü.
Əlləri titrədi.
Heç nə demədi.
Amma sən bildin –
səni anlayan bir var.

O gündən bəri
yenə tək gəzirsən –
amma bilirsən ki,
bəzən bir baxış
bir dünya qədər dəyərli ola bilər.

VII. Sən – ruhun güzgüsü

Sən, sahibsiz olan,
bu şəhərin
bəlkə də tək sahibi sənsən.
Çünki sən –
heç kimin görmək istəmədiyi
həqiqətin cismisən.

Sən it deyilsən.
Sən –
gizli bir dua,
çırpılmış qapının içində sıxılıb qalmış
vicdanın pıçıltısı.

İnsanlar səni unudacaq.
Amma sən onları
hər gecə
yuxularında dişləyəcəksən –
bir baxış kimi,
bir səssizlik kimi,
bir ruhani sükut kimi.


Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1