Bia.Az

"Dərdin Akif Səmədi" - Poema

KÖŞƏ YAZARLARI
 16-07-2025, 01:20     3 334

"Dərdin Akif Səmədi"
                   =POEMA=

Ön söz:              

Bu poema, Azərbaycanın dərin mənəvi dünyasına toxunan, sözün fəlsəfəsini və sükutun dilini araşdıran bir poetik səyahətdir. Akif Səmədin ruhu, onun şeirlərindəki incə və dərin məna qatlarında yaşamağa davam edir. Burada söz yalnız dil deyil, həm varlıq, həm də haqqa açılan qapıdır.

Şairi şəxsən tanıyan birisi kimi bu dünyada, əbədiyyət yolunda yürüdüyü yolları və onun sözlərlə qurduğu “ev”i bir daha anlamağa calışdım. Ümid edirəm ki, bu əsər, həm özümə, həm də onun səsini susdurmayan, onu unutmayan minlərcə oxuculara ilham və təsəlli verəcək.

I FƏSİL "sözsüzlüyün içində sənsən"

söz deyildi –
bu səssizlik idi,
bir az da
dünya səni başa düşə bilmədi,
elə bil,
sən danışdın,
onlar dinləməyə hələ hazır deyildi.
mikrofon yoxdu artıq,
amma nəfəsin qalıb havada.
o cümlələrin –
köhnə radionun səsinə qarışıb,
biri danışanda,
bir küncdə səni xatırlayırıq.
sən deyirdin:
söz təkcə səslənmək deyil,
söz –
bir canın içindən keçib gəlməlidir.
bir az dua kimi,
bir az yara kimi,
bir az da… səni öldürə biləcək qədər ağır.
və biz…
bu ağır sözlərin içində
hələ səni axtarırıq.
şairlər ölür,
amma söz qalır, deyirlər.
yox.
bəzən söz ölür,
şair sağ qalır.
sənin sözlərin sağdır –
amma bir az qəmli,
bir az qırılmış.
şeirlərini oxuyanda
elə bil
yer üzü nəfəsini dərir.
sən də susursan –
ama bu sükutun içində
nə qədər səs var, bilirsənmi?
biz bilmirik.
biz sadəcə susuruq,
və səni dinləyirik –
səssizcə.
bəlkə də sən heç getməmisən,
sadəcə yüngülləşmisən,
yerə aid olmayan nə varsa
səndə əriyib,
və sən qalmaq üçün getmisən.
səni xatırlamaq –
bir dua kimi başlayır,
sonra
ürəyin ortasında
bir ocaq alışır.
və biz bilirik:
söz varsa,
Akif Səməd var.

II FƏSİL: Sözün qayıtdığı yer

"...sözsüzlüyün içində sənsən"

sən deyirdin:
söz, danışan yox, duyan üçündür.
söz -
gözə görünməyən,
ürəklə toxunan bir yoldur.
amma biz
tez-tez unuduruq
yolun sözə yox, sükuta çıxdığını.
və indi - 
bütün şəhər susur,
bütün səslər boğulur,
bir tək sənin danışdığın o köhnə lentlər
yağışın altında
danışmağa davam edir.
biz səni unuda bilmədik.

səni oxuyanda
hər misranın altında
bir kölgə var.
o kölgə - sənin.
bəzən gözdən uzaq,
amma içimizdədir.
o kölgə danışmır,
amma hər şeyi deyir.
bir şeirin varsa - 
bir ürəyin var.
bir ürəyin varsa - 
bir dərdin.
bir dərdin varsa - 
Akif Səmədə yaxınsan.
çünki o, dərdi sözlə ölçürdü.
qəmliydi,
amma qəmindən utanmazdı.
şeir yazanda elə bil dua edirdi:
yavaş, titrək, inamlı.
və sən oxuyanda
qəribə bir təskinlik gəlir - 
sanki bir el ağsaqqalı
ürəyini sığallayır.
bir də deyir:
"ölməyə qoymayın məni."

bir radio səsi düşün - 
gecə yarısı,
şəhər yuxudadır,
sən tək oturmusan,
və o səs
ruhunu çağırır.
qapını döymür,
içəri girmir,
sadəcə nəfəs olur
otağın içində.
bu  - Akifin səsidir.
o danışmır,
o duadır.
o susmur,
sadəcə çəkilir geriyə - 
bizə yer vermək üçün.

hər şair bir yol gedir,
bəzisi səsə gedir,
bəzisi səssizliyə.
Akif səmaya gedirdi,
amma ayaqları torpaqdadır.
o, eyni vaxtda
yerin və göyün adamıydı.
və sən onu axtaranda
şeir kitabında yox - 
qəlbində bir titrəyişdə axtar.
çünki o söz yazmadı,
o sözlə nəfəs aldı

indi…
onun adı çəkiləndə
sözlər bir az susur,
bir az silkələnir,
çünki bilirlər -
onun danışdığı yerdə
sözə məsuliyyət düşür.
və biz - 
darıxırıq.
onun kimi danışana,
onun kimi susana,
onun kimi yaşayanlara.

biz bilirik,
bəzi insanlar getmir.
sadəcə bir az işığa çevrilirlər.
gözlə görünmür,
amma
bax…
bu misranın arasında
sənin kölgən var.
və biz pıçıldayırıq:
"ruhun şad olsun,
ürəklə gələn,
ürəklə gedən adam..."

III FƏSİL: Söz və Sükut

bəzən söz danışır,
bəzən sükut

və sən
ikisinin arasında yaşayırdın.
nə tam danışırdın,
nə də tam susurdun.
sadəcə - 
hər şeyin yerini bilirdin.
sözün nə zaman kəsiləcəyini,
sükutun nə zaman başlayacağını
ürəyinlə hiss edirdin.

söz - gurultudur,
sükut - dərinlik.
sən isə -  ikisinin ortasında
bir təpə işığı.
göy üzü səni dinləyirdi
danışanda.
torpaq səni anlayırdı
susanda.
və biz bilmədik
sən danışırdın,
yoxsa dua edirdin   

söz əgər çoxdursa - 
həqiqət azalır.
sən çox danışmadın.
dedin, çəkildin.
dedin, düşündürdün.
dedin və...
sözlərin içində boşluq qoydun - 
biz dolduraq deyə.
çünki sən bilirdin:
bəzən bir nöqtə
bir kitabdan dərin olur.

şeir yazanlar çoxdu.
amma
şeir olub yaşayan - az.
sən yaşadın.
və sükutuna qədər şeirdin.
bax, indi heç nə demirsən,
amma hamı danışır səndən.
söz dedikcə biz - 
sükutun böyüyür içimizdə.

bəlkə də
sükut bir addımdı sözə doğru.
və sən bu addımı
şeirə çevirdin.
"ölməyə qoymayın məni" deyəndə,
söz yox idi,
sən əslində
sükutun içində
bir qışqırıq idin.

dəfələrlə oxuyuruq səni - 
və hər oxunuşda
bir söz azalır içimizdə,
bir sükut artır.
çünki başa düşürük:
söz  -  eşidiləndir,
sükut - hiss edilən.
sən isə - 
həm eşidilən idin,
həm də hiss olunan.

bəzən bir söz
bir ömrü dəyişir.
sənin hər misran
bir az yol idi bizə.
hansı ki,
nə başlanğıcı vardı,
nə sonu - 
sadəcə niyyət vardı içində.
və bu niyyətlə
susurdun,
çünki sözün də yorulduğu an var.
sənin susduğun o yerdə
söz yox,
hüzur başlayır.

və indi bilirik,
sən getməmisən.
sadəcə sözə çevrilmisən - 
bəzən də sükuta...
və biz pıçıldayırıq:
"danışma artıq, Akif…
bu dəfə də sükutunla dinləyək səni."

IV FƏSİL: Qarışqa və Şair

şair yazırdı:
“özümü yuvasına dən daşıyan qarışqaya bənzədirəm...”
və bu bənzətmə - 
sadəcə söz deyildi.
bu, bir ömrün qısa xülasəsi idi.
çünki onun misralarında
qanad yox idi - 
amma yük vardı.
ağır,
heç kimə görünməyən,
sadəcə hiss edilən bir yük...

qarışqanın ayaqları titrəyə-titrəyə
bir toxum daşıdığı kimi,
o da bir misra aparırdı
ürəyinin içindən,
dünyanın sükutuna doğru.
və hər dəfə yazanda - 
bir addım da irəliləyirdi
o görünməz yolda.

onun üçün şeir
göydən enən ilham deyildi.
torpaqdan yığılan söz idi -
qarışqa kimi.
bəzən yerdən bir daşın altından çıxan fikir,
bəzən itmiş bir xatirənin izi,
bəzən bir nəfəsin sonundakı kədər.
və bu şeirlər -
göyə yox,
ürəyə qalxırdı.
çünki qarışqalar uçmur.
sadəcə
çox uzağa çatırlar.

o bilirdi:
şair olmaq -
görünməz bir yolun yolçusu olmaqdır.
min adamın keçib getdiyi yerdə
bir iz buraxmaqdır.
səssiz dayanmaq,
amma səsinlə izah etməkdir.
və sözlə danışmaq yox - 
sözlə yaşamaqdır.
qarışqa kimi - 
hər gün bir misra daşıyıb
ölçülməyən bir yükə çevirmək.
və sonunda,
gözə dəymədən yox olmaq.

bəlkə də Akifin misraları
qarışqa yolları kimidir:
əvvəl görmürsən,
amma bir az diqqətlə baxanda
bütün sətrin altından
bir sükut axır.
və o sükut - 
bir nəğməyə çevrilir,
sən onu içində pıçıldayırsan.

nə böyük sözlər yazdı,
nə də gur səslə danışdı.
sadəcə
yerini bildi.
öz payını - 
sözlə daşdı.
qarışqa kimi - 
bəzən unuduldu,
bəzən tapdalandı,
amma heç vaxt
yoldan dönmədi.

biz indi o misralara baxırıq,
və başa düşürük:
o nə yazdısa,
hamısını özü apardı.
çünki şairlər bəzən
başqası üçün yox,
özləri üçün yazır.
öz yollarına işıq salmaq üçün,
qaranlıqda
özlərinə yol tapmaq üçün.
və Akif - 
o yolu tapdı.
öz içində.

qarışqalar öləndə
bir səs çıxmaz.
şairlər öləndə
bir şeir doğular.
və sən, Akif - 
öldün deyə yox,
susduğun üçün yaşayacaqsan.

V FƏSİL: Fanilik və Əbədiyyət

ölüm sən deyən kimi deyildi, Akif.
ölüm - 
bir az şeir bitməkdi,
amma misranın içində nəfəsin qalmağıydı.
ölüm - 
bir az pəncərəni örtməkdi,
amma havada sənin baxışların qalmağıydı.
ölüm - 
bir az unudulmaqdı,
amma bir cümlənin ortasında adınla kövrəlməkdi.

sən şeirdə deyirdin:
“gəlmişdi, ürəknən getdi...”
və biz indi başa düşürük:
bu dünya sadəcə bir otaqdır - 
könülün içində qısa bir dayanacaq.
nə göz yaşını saxlaya bilir,
nə də sözün yükünü.
fanidi,
amma içində bir ətir var —
əgər ruhla nəfəs almısansa...

bəziləri ömrü qovur,
bəziləri isə iz qoyur.
sən iz qoydun.
nə səsin bağırdı,
nə adın qışqırdı - 
amma səni eşitdik.
çünki əbədiyyət
göydə yox,
insanın içindədir.
və sən - 
öz içini yazdın.
öz sükutunu.
öz ağrını.
öz yolunu.

fanilik sənə toxunmadı.
çünki sən öz misralarında
fanini əbədi elədin.
bir sözlə - 
dünya ilə Allahın arasında
bir körpü saldın.
şairlər bəzən
ölmür.
sadəcə
müraciət ünvanı dəyişir:
bədən yox olur,
söz qalır.
və sən indi - 
torpaq altında yox,
sözlərin içindəsən.

fanilik deyəndə
biz bir son anlayırıq,
sən isə başlanğıc görürdün.
bir misradan sonra
ikinci misra gəlir - 
və həyat da elə belədir.
səninçün ölüm
sadəcə nöqtə deyil,
bir üç nöqtə idi...
çünki sən gedirdin,
amma davam edirdin.

və biz pıçıltı ilə oxuyuruq səni:
kimsə danışmır,
amma səs gəlir.
kimsə toxunmur,
amma ürək titrəyir.
bu, fanilik deyil,
bu - əbədiyyətin səsi.
və sən o səsin özüsən, Akif.

VI FƏSİL: Sözün sirri

sən deyirdin, Akif:
“söz - yerdə Haqqa əvəzdi.”
və biz çox sonralar başa düşdük —
bu, metafora deyildi.
bu, bir əhd idi.
söz səninçün
sadəcə danışılan yox,
yaşanılan idi.
bir nəfəsin içində gizlənən
bir dua,
bir giz,
bir işarə idi.

söz - bir qılınc deyildi,
bir dua idi sənin əlində.
bəzən dilinlə,
bəzən gözünlə,
bəzən isə susmağınla söylədin onu.
çünki sən bilirdin:
sözə haqsız yer vermək - 
suyu zəhərləmək kimidir.
və bir damla söz
bəzən bir insanı yandırar.

bəziləri sözlə danışır,
sən sözlə dirildir,
sözlə ağrıdır,
sözlə sağaldırdın.
sənin sözlərin - 
dərin sular kimiydi,
görünmürdü,
amma çəkirdi.
oxuyanda içimizə bir sakitlik çökərdi - 
çünki o sözlər
dağdan qopmamışdı,
könüldən süzülmüşdü.

bəzən bir misranın ortasında
durursan…
elə bil zaman dayanır.
dil susur,
ürək danışır.
bu - sözün sirridir.
onu izah etmək olmur,
yalnız hiss etmək olur.
və sən
o sirrin daşıyıcısıydın.
daşımıydın.
yandırmırdın,
amma isidirdin.

sözlərin var idi ki,
alov kimi idi - 
daxilini yandırırdı.
elələri də var idi ki,
yüngül bir nəfəs kimi
yanından keçib,
ürəyində qalırdı.
və hər iki halda - 
söz
səninçün oyun deyildi.
o - 
vəhyə yaxın bir hiss idi.

biz indi
düşüncəsiz danışanların çağında
sənin kimi söz xiridarlarını
axtarırıq.
çünki sən
söz deyərkən
sanki onu əvvəlcədən ağlayırdın,
sanki hər misran
bir tabut idi,
içində ya qəm yatırdı,
ya da dua.

sözə inanan adam
susanda daha çox danışır.
və sən susduğun yerdə
elə sözlər danışır ki,
biz hələ onlara qulaq verməyə hazır deyilik.

söz bir sirdir,
ancaq onu
könlü oyanmışlar duyar.
və biz indi susuruq,
çünki ancaq sükut
o sirrə qapı aça bilər.
və bu səssizliyin içində
bir səs pıçıldayır:
“Söz — canda candı, nəfəsdi.”
və sən - 
o nəfəsin ta özüsən, Akif.

VII FƏSİL: Yaxınlıq və Uzaqlıq

bəzən bir insan
yanındadır - 
amma uzaq.
bəzən birisi
çox uzaqdadır - 
amma içində.
və sən, Akif...
nə zaman getdin,
bilmirik.
çünki hələ də içimizdəsən.
sənin sükutun -
bizi danışdırır.

uzaqlıq nə məsafədir,
nə də zaman.
uzaqlıq - unudulmaqdır.
sən unudulmadın,
ona görə də uzaqda deyilsən.
və yaxınlıq - 
sənin adını çəkəndə
gözümüzün yaşarmasıdır.
bir misranı oxuyanda
ürəyimizin titrəməsidir.

bəzən bir söz oxuyuruq:
"ölməyə qoymayın məni..."
və o anda - 
sənin nəfəsin toxunur ruhumuza.
biz diksinirik.
çünki sən
bir anda geri dönürsən,
misranın içində.

şairlər getmir,
şairlər görünməz olurlar.
və görünməzlik - 
yoxluq deyil.
sadəcə başqa cür var olmaqdır.
yaxın olmaq,
amma toxunulmamaq.

biz səni hər yerdə axtardıq.
qəzet vərəqlərində,
radio arxivlərində,
şeir kitablarının köhnə səhifələrində...
amma sonra başa düşdük:
sən orda deyildin.
sən bizdəydin.
ürəyimizin sakit guşəsində,
bəzən bir misrada,
bəzən bir sükutda,
bəzən bir nəfəsin içində.

sənin üçün məsafə yox idi - 
çünki söz
uzaqları yaxın edirdi.
və sən sözlə gəldin bizə,
sözlə qaldın,
sözlə əbədiləşdin.
çünki söz bir yol idi,
və sən o yolu
bizi uzaqlardan yaxınlaşdırmaq üçün keçdin.

artıq bilirik:
yaxınlıq - sənin misranı oxuyanda
hiss etdiyimiz titrəyişdir.
uzaqlıq isə - 
səni dinləməyən zamanlardır.
və biz çalışırıq...
səni unutmayaq deyə
hər gün bir az daha
öz içimizə qulaq asırıq.
çünki sən - 
orada susursan.
və sükutun
hamıdan çox danışır.

VIII FƏSİL: Ürəklə gəldin, ürəklə getdin

gəldin.
səssiz.
bir dua kimi.
nə hay-küy saldın,
nə yollara daş döydün.
sadəcə - 
ürəklə gəldin.
və bu dünya,
bir az daha gözəl göründü
sənin baxdığın yerdən.
çünki sən
gözlə deyil,
ürəklə baxırdın.

söz deməyə başlamazdan əvvəl
sükutu dərk edirdin.
səhnəyə çıxmazdan əvvəl
könlünə çəkilirdin.
və hər dəfə danışanda - 
sözlərin bir əməldi.
sən yazmırdın ki - 
yaşayırdın.
hər misran- 
bir nəfəs qədər səmimi,
bir dua qədər dərin idi.

ürəklə yazılan şeir
kağızda qalmır.
o, insanın içində yaşayır.
və sən
özünü oxucuya deyil,
özünə söylədin.
buna görə də
hamımız səni özümüzə aid sandıq.
çünki sən - 
özün oldun.
kimsəyə bənzəmədin.
və heç kəs səni təkrarlaya bilmədi.

sənə kədər yaraşırdı - 
amma süni deyildi o kədər.
sənin içində ağlayan bir uşaq vardı,
və o uşaq - 
hər misranda boy atırdı.
böyüyürdü.
ağrılarla,
susqunluqlarla,
amma işıqla da…
çünki işıq
yüngüllüklə gəlmir,
dərinliklə gəlir.

gedəndə - 
elə bil səsin sönmədi,
sanki bir radio susdu,
amma musiqisi
hələ də otağın bir küncündə titrəyirdi.
sən ürəklə getdin, Akif.
heç nə götürmədin özünlə - 
bir tək
öz sözündən başqa.
çünki sənin sözlərin
sənin ruhun idi.
və o ruh
getmədi.
buradadır.

şairin ölümü yoxdu - 
əgər ürəklə yazıbsa.
və sən yazmadın,
axı…
sən danışdın,
sanki ilahi bir qonaq kimi,
bir az susub,
bir az düşündürüb
sözlə dua etdin bizə.
və biz - 
sənin duanın içindəyik indi.

bağışla, Akif…
səni haqqa doğru
bu qədər sözdən sonra
yenə də sükutla yola salırıq.
çünki böyük sözlər sənin üçün deyil.
səninçün —
sadə bir dua,
bir kəlmə təşəkkür yetər:
"Ruhun şad olsun, Akif Səməd.
Sən ürəklə gəldin,
ürəklə getdin."


E P İ L O Q

hər sözün bir evi var.
hər evin bir çırağı.
və o çırağı yandıran - 
şairin ruhudur.
Akif Səməd də
bir ev tikdi bu dünyada - 
dağda yox,
daşda yox,
dilimizin ən dərin yerində.
orada bir otaq qurdu - 
söz üçün.
qapısı yox idi,
amma biz ora girməyi bacardıq.

Sözün evi

palçıqlı yolların üstündə deyildi.
oraya çatmaq üçün
ayağın deyil,
qəlbin yol getməli idi.
və o evdə -
nə səs vardı,
nə də qonaq.
orada yalnız
bir nəfəs vardı.
bir az sükut.
bir az kədər.
və çoxlu…
işıq.
çünki söz,
əgər ürəkdən doğulubsa,
ölmür.
sadəcə
öz evinə çəkilir.

biz indi o evin astanasındayıq.
başımız aşağı,
ürəyimiz açıq.
Akifin səsi gəlir:
“gülməyə qoymayın məni...”
biz isə
gülmürük.
susuruq.
çünki o sükutun içində
hələ də danışan bir nəfəs var.

Söz,
onun üçün - 
ev deyildi yalnız.
sığınacaq idi.
namazgah idi.
ürəyi qoyduğu yerdə
şeirləri doğdu.
və indi də
o şeirlərdə yaşayır.
və biz bilirik:
nə qədər ki bu dünyada
sözə inananlar var,
Sözün Evi dağılmayacaq.

Ruhun şad olsun,
könlünə sükutdan ev quran adam.
sən sözün evini tikdin,
biz içində dua edirik.

Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1