"DƏRVİŞ" - (Dərviş Vəli Xramçaylıya həsr olunur)
"Dərviş"
Ön söz
Bu silsilə – bir şairin adına yazılmış şeirlər toplusu deyil.
Bu, sözün adına yazılmış bir haqqa çevrilmə səyidir.
Bu, səsi ucalmayan, amma ruhu boy verən bir dərvişin izi ilə getmək cəhdidir.
Adı Vəli Xramçaylı olsa da, bu silsilədə hər kəs öz dərvişinə rast gələcək – susanına, dözəninə, içində çırpınanına.
Bu yeddi şeir, bir nağılın yeddi gecəsi deyil. Bu, bir şairin zamanla, ruhla, dua ilə, ədalətlə, əllə, susqunluqla və nəticədə oxucu ilə üz-üzə dayanma anıdır. Hər bölüm bir hal, bir mərhələ, bir gerçəkliyin sətirlərə bürünmüş formasıdır.
Ədəbiyyatda çox danışanlar var. Amma səssiz qalanların səsini eşitmək üçün sənin də səssiz qalmağın gərəkir.
Vəli Xramçaylı danışanlardan deyil.
O, yazır.
Susaraq.
Özünü yandıraraq.
Qəzəbini qışqırmayaraq, ağrısını şeirə dönüştürərək.
Biz onu “dərviş” deyə çağırırıq, çünki onun təvazökar poetik davranışı, “mən” demədən “biz” olan duruşu, tənhalıqla vəhdət arasında qurduğu körpü bizi daha artıq danışmağa yox, daha dərindən düşünməyə vadar edir.
Bu silsilə –
təntənəli bir bioqrafiya deyil,
qızıl hərflərlə yazılmış təriflər yığını da deyil.
Bu, sözə bürünmüş bir etirafdır: Vəli Xramçaylı bizim yerimizə sözün yükünü daşıyan adamdır.
Dərvişin gəldiyi hər misrada biz öz getmədiyimiz yerlərə baxırıq.
Hər səssizlikdə biz öz qışqırığımızın boşluğunu duyuruq.
Və hər dua...
bizim heç zaman qaldıra bilmədiyimiz əllərin yerinə açılmış bir qəlb olur.
Əgər bu şeirləri oxuyarkən susduğunuz anlar oldusa –
elə o an Dərviş gəlib sizi tapıb.
Əgər bu misralarda öz içinizə boylandınızsa –
deməli siz də artıq bu yolun yolçususunuz.
Vəli Xramçaylını bir dəfə oxuyurlar,
amma çox dəfə düşünürlər.
Qoy bu poetik sükut –
sizi də rahat narahatlığa çəksin.
Çünki rahat insanlar dəyişməzlər.
Vəli isə dəyişmək üçün yox, həqiqətə çevrilmək üçün yazır.
I.Dərvişin qayıtmağı
Giriş
Bu şəhər səssizdi,
amma Vəli keçib o sükutun içindən –
dəymədən bir daşına,
sındırmadan bir yuxunu.
Sözünü qoyub da gedib
amma özü heç vaxt getməyib.
O bir dərvişdir —
üzündə zamanın külü,
ürəyində min əzəldən gələn bir ah…
Dünya onun gözündə
nə gözəldi, nə də zəhərli –
sadəcə keçidgahdı,
sözə çatmaq üçün bir cığır…
Əlləri üsyankardı,
amma dua kimi qalxar səssizcə,
dəyməz göyə —
çünki bilir:
Tanrıya çatan yollar
heç vaxt səs istəmir.
Vəli gülmür,
amma içində min gülüş bəsləyir –
biz gülək deyə,
biz ölməyək deyə,
biz bir misrada
dərviş olaq deyə.
O susur,
amma susqunluğu danışır –
daşları dilə gətirir,
küçələri azan kimi oxuyur
ruhumuza.
Vəli şeir yazmır –
söz onun içində
öz-özünə doğulur,
bir ana necə içində can bəsləyirsə
elə.
O bir köçkün deyil,
amma hər misrası sürgündü –
bir bənddə vətən,
bir sətirdə hicran,
bir nöqtədə
bütöv bir ruhun iniltisi var.
bir ayağı yerdə, bir ayağı göydə...
Misralarının kölgəsində
yataq salıb ruhuna,
oxuyan hər kəsin içində
bir dərviş doğulacaq...
II. Sözün özüylə danışmaq
(Vəli Xramçaylının poetik əxlaqı)
Söz deyildi bu şəhərdə,
bu şəhərdə sözə ad qoyulmuşdu:
ya “satılası”,
ya “sındırılası”.
Vəli isə
sözə əl vurmadı –
əynini soyundurdu,
ürəyini göstərdi
söz donuna bürünmüşlərə.
Söz –
onun əlində dua idi,
daş deyil,
vurmaq deyil,
qorumaq üçündü.
Bir misra boyda
dünya qurdu o,
içində min il yaşadıq,
heç yaşlandığımızı bilmədik.
Vəli danışmadı –
söz danışdı onun əvəzinə.
Kölgəsi ilə şeiri bir idi,
gördüyümüzlə oxuduğumuz
bir tənha ömür idi.
O sözün səsini eşidirdi –
biz isə səs axtarırdıq.
O sözün nəfəsini duyurdu –
biz isə hay-harayla nəfəsimizi
boğurduq.
Sözün özüylə danışdı Vəli –
sözə söz demədən.
Biz isə sözün kənarında
boş danışdıq,
sözsüz yaşadıq,
və
sözdə itdik...
III. Vaxtın üzünə üxunan Dua
(Dərvişin zamanla söhbəti)
Zaman –
hamının qaçdığı,
amma heç kimin ötə bilmədiyi
bir kölgədi.
Vəli isə dayanıb baxdı
onun üzünə.
Oxudu –
nə saatdan, nə təqvimdən,
öz içindən.
Vaxtın üzünə dua oxumaq –
Tanrının nəfəsinə toxunmaqdı.
Hər misra bir cızıq atdı
öz alnına,
nə qədər yaşadısa
sözlə yaşadı,
zamanı da sözdə saxladı.
Dedi:
“Əllərimi göyə qaldırmıram daha –
göyü içimə çəkmişəm artıq.”
Dedi:
“Vaxt məni itirmir,
mən vaxtı unuduram.”
Dedi:
“Dua – səs deyil,
haldır, ruhdu, sözdür –
qəbul olunmaq üçün yox,
yaşamaq üçün deyilir.”
Səssizcə danışdı zamana,
səssizcə cavab aldı
sükutun içinə bükülmüş kəlmələrlə.
Zaman yavaşladı,
dərvişin ayağına ilişdi,
bir bəndlik şeirə çevrildi
əvvəldən sonadək –
bircə misrada
bir ömrün duası səsləndi:
"Ey vaxt, məni keçmə —
mən səni içimdə saxlamışam,
sən də mənə sığın."
(Səssiz misraların qopartdığı fırtına)
Bağırmadı.
Heç vaxt.
Amma hər kəlməsi
bir qaya parçaladı
biz duymadan.
Çünki Vəli
ürəyinin səssizliyində
qiyam etdi.
Vurmadı, söymədi,
sadəcə baxdı –
dərin, yorğun, həzin bir baxışla.
O baxışda
bir ölkənin gileyi vardı,
bir şairin çəkdiyi dərin səssizlik.
Əli qaldı –
yumruq olmadı,
kitab oldu.
Ayağı yerə dəydi –
qəhrəmanlıq etmədi,
sadəcə getdi.
Yavaş, aramla.
Gedərkən
yer silkələndi…
Çünki susqun qiyamlar
böyük səs-küy yaratmır –
sadəcə
daxildən dağıdır
daşlaşmış yalanları.
O qiyam etdi –
öz içində.
Bir misra ilə
bir rejimi,
bir bəndlə
bir dönəmi,
bir susqunluqla
bizi ifşa etdi.
O danışmadı –
danışsaydı, yer qopardı.
O susdu –
və susqunluğu bizi öldürdü.
Qiyam elə burdadır –
kitabın ilk səhifəsində,
bir qəlbin ortasında,
bir az da bizim
susduğumuz yerdə.
Vəli isə çiçəkləndi –
səssiz bir yaz kimi.
Bizi çağırmadı,
amma gəlişi
hamımızı oyatdı.
V. Göydə qaldı əlləri
(Bir cavabsız duanın sükutu)
Əllərin göyə qalxdı,
amma Tanrı cavab vermədi —
çünki Tanrı da
artıq sözünə baxırdı,
yalnız niyyətə yox.
Sənin əllərin dua deyildi,
yarımçıq bir etiraf idi —
çırpınmaqla təslimiyyət arasında.
İnanca bükülmüş bir qışqırıq –
səssiz, amma sarsıdıcı.
O əllər havada qaldı —
yer də almadı,
göy də.
Qaldı...
bizim utandığımız yerdə.
Bizim dilimizə gətirmədiyimiz
bütün acıların yerində.
O əlləri gördüm –
bir misranın üstündə asılı,
bir fikrin ortasında donmuşdu.
Qaldıran səndin –
yerə endirməyə isə
heç kim cürət etmədi.
Səni eşitmədilər –
çünki çox sakit dedin.
Qəbul etmədilər –
çünki çox doğru dedin.
Üz tutdun göyə –
amma göy də
yer qədər soyuq idi bu dəfə.
Göydə qaldı əllərin, Vəli...
Nə göyə qovuşa bildi,
nə də yerə qayıtdı.
Bir şeirin ortasında ilişib qaldı —
duanın dayandığı,
ümidin yorulduğu yerdə...
Biz isə o əllərin altında keçib getdik,
bağışla bizi,
biz səni dua sanıb
dinləmədik…
VI. Sükutla ölçülən ədalət
(Haqqı danışmadan çatdıranların şeiri üçün)
Ədalət...
bu dünyada çəkic səsi ilə gəlmir,
bəzən bir susqunluq
bir hökmdən ağır olur.
Vəli danışmadı.
Heç birini ifşa etmədi —
sadəcə yazdı,
və kim üzülürsə,
deməli içində o vardı...
O heç kimin adını çəkmədi —
amma hamının vicdanı çəkildi bir anda.
O heç kimə “sən” demədi —
amma söz “mənə” deyildi,
“bizə” deyilirdi.
Ədalətini səslə yox,
səssizliklə qurdu.
Sözə əl qatmadı,
nə şişirtdi, nə gizlətdi.
Heç nəyi böyütmədi —
böyüdüləsi olanlar
öz-özünə ucaldı onun içində.
Çünki ədalət
bəzən bir misrada,
bəzən bir durğuda yatır.
Vəli susdu —
və biz
o sükutda
özümüzə rast gəldik.
Ədalət bəzən sükutdu,
yazılmayan misradır,
qoparılmayan qışqırıqdır.
Bir dərvişin baxışında
min hökm gizlənə bilər.
Və bəlkə də
ən böyük cəza —
Vəlinin səni yazmamasıdır,
sənin haqqında
heç nə deməməsidir...
Çünki onun ədaləti
heç vaxt nümayiş istəməz.
Ədalət ordaydı —
gözdə yox, qəlbdə.
Sözə yox,
halına yazılmışdı.
VII. Dərviş gəldi, mən qaldım
(Vəli Xramçaylıya səssiz cavab)
Gəldi…
bir söz kimi yox,
bir nəfəs kimi gəldi.
Bir fikir kimi yox,
bir həyat kimi gəldi.
Əlimi uzatdım –
toxunmadı.
Dilimi açdım –
danışmadı.
Gözümə baxdı –
göründü,
amma izah olunmadı…
Vəli gəldi –
şeir kimi yox,
sükut kimi.
Bir sətirə sığmadı,
bir kitabda bitmədi.
Sözlə gələn getmir —
bunu onda anladım.
O durdu.
Zamanın ortasında,
qərarın və tərəddüdün sərhədində.
Mən isə
onun keçdiyi yerdə
qarşıma dönməz bir yol açıldığını gördüm...
Dedi:
“Mən getmirəm – sən dəyişmisən.”
Dedi:
“Söz qaldı, sən ötüşdün.”
Dedi:
“Qəlbinin köhnə sirdaşını yenidən tanı…”
Vəli qalmışdı –
amma mən artıq yox idim.
Çünki onunla qarşılaşan
heç kim əvvəlki “öz” olaraq qalmır.
Dərviş gəldi –
mən getdim.
O nəfəs aldı –
mən susdum.
O ruhumda iz qoydu,
və mən…
öz ruhuma
ilk dəfə ordan baxdım.
Ədalət Qarabulud.




