"Səssiz səngər" (Qazilərimizə, şəhidlərimizə və onların ailələrinə ithaf olunur)
SƏSSİZ SƏNGƏR
(Qazilərimizə, şəhidlərimizə və onların ailələrinə ithaf olunur)ÖN SÖZ
Səssiz səngərlər səssiz qəhrəmanlarla doludur.Bu poema, Vətən uğrunda canından, sağlamlığından keçmiş,
lakin zamanla unudulan, susmağa məcbur qalan, səsləri eşidilməyən
insanların poetik hekayəsidir.
Şəhidlər torpaqla danışır, qazilərsə cəmiyyətlə –
amma bəzən bu cəmiyyət kar, lal və kor olur onların qarşısında.
Bu yazılar sadəcə şeir deyil. Bu, bir vicdan axtarışıdır.
Bu, linç edilən bir qazinin öpüşündə gizlənən sevginin müdafiəsidir.
Bu, şəhid analarının susqun baxışlarında donmuş ədalət sorğusudur.
Bu, torpaq uğrunda qopan ayağın yerinə yazılmış ayaq izi şeirləridir.
Oxuyun… və unutmayın:
Qəhrəmanları unudan cəmiyyət, sabah öz övladını qoruyacaq birini tapa bilməz.
GİRİŞ
Bu torpaq altında bir nəfəs yatır,
Adı yoxdur baş daşında,
amma göydə yazılıb...
Göz yaşları yerdə qalır —
Ya şəhid anasının,
Ya da qazi balasının yanağında.
Bir əllə bayraq tutdu,
Bir əllə ürəyini...
İndi işsizdir —
Çünki savaş CV-də göstərilmir.
İndi kirayədədir —
Çünki qəhrəmanlıq ipoteka sayılmır.
Səssiz bir qazi,
Susur…
O danışanda gözləri danışır:
“Torpaq verdim sizə —
Bir parça işıq verin mənə.”
Şəhid övladının ayaqqabısı köhnədir,
Amma hər addımı tarix yazır.
Onun sinif yoldaşları gülür,
Çünki gülməyin qiymətini bilmirlər.
Bir ananın duaları,
Əlil maaşından daha sabitdir bu ölkədə.
Çörək bahalaşanda ilk o darıxır,
Çünki bir övladı yox,
Bütün Vətən övladıdır indi o qadın.
Ruhlar səngərdə qalır,
Bədənlər şəhərdə gəzir.
Qazilər psixoloji reabilitasiya gözləyir,
Qapılar isə reytinqli verilişlərə açıq.
Əxlaq,
Qalstukda deyil –
Qan izindədir.
Şərəf,
Sosial mediada deyil –
Səngərin icindədir.
Ey millət!
Qəhrəmanlar səni qorudu,
İndi sən onları qoru!
Öpmək bir sevgi işarəsidirsə,
Lənət oxumaq – sevgisizliyin təcəssümüdür.
Bu necə Vətən sevgisidir ki,
Qazinin göz yaşını reytinqə çevirir?
Və sən, ey vətən!
Bax bu qazinin dizindəki yara,
İndi rüşvətə, biganəliyə,
Unudulmuş vicdana qarşı bir şahiddir.
I. ANA
O, oğlunu torpağa verdi,
amma heç vaxt torpaqla barışmadı.
Yastığının altında tək bir medal —
Sanki susan bir vicdan kimi yatır gecələr.
Hər səhər bir fincan çay süzür,
Boş stulun qarşısına —
Çünki əsgər anaları
heç vaxt süfrəni tək qurmaz.
Qapı döyüləndə hələ də diksinir,
"Kim bilir... bəlkə yuxudur" deyə
dua ilə açır o astananı.
Amma bilmir,
hansı daha ağırdır:
Tabutla açılan qapı,
yoxsa səssiz qapılar ardında unudulmaq?
Sual vermir artıq –
Çünki cavabların da səsi itib.
Hökumət binalarından dönən cavabsız məktublar
və TV-də yayımlanmayan dərdlər
ona zamanla
qulaq deyil,
qəlb qarı verir.
Əlləri dua ilə sərtləşib,
üzü rüzgara çevrilib —
Heç nə istəmir artıq,
bircə şeyi:
Oğlunun adını unutmasınlar!
II. QAZİ
Qayıtdı…amma heç vaxt tam qayıtmadı.
Səngərdə qoyduğu dostlarının səsi
hələ də gecələr
ürəyində sıraya düzülür.
Bədənindəki yara sağalır,
amma ruhundakı qopuq —
həkim tapmır ona dərman.
Çünki bu dərd
rəsmilərin protokolunda yoxdur.
O, öpüşdü…
bircə anlıq
bütün müharibəni unutdu,
həyata toxundu,
sevginin dadını aldı…
və siz —
onu linç etdiniz?!
Qazilik — döyüşlə bitmir,
qazilik — sülhdə başlayır əslində.
Çünki savaşın səngəri dağdadır,
amma sülhün səngəri —
cəmiyyətin içində.
O qazidir —
amma hər dəfə
adam yerinə qoyulmaq üçün
onu xatırlamalı olurlar.
Təqvimlərdəki Qələbə Günləri
ondan ibarət deyil —
amma o günlər,
onun ruhunu ovutmağa hələ də yetmir.
III. ƏDALƏT
Ədalət — bəzən gəlmir.Bəzən gəlir,
amma kresloda əyləşənin
sifətinə baxıb qərar verir.
Qazi bir sənəd aparır –
qapıdakı katib soruşur:
“Kim göndərib sizi?”
Qazi deyir:
“Mən Qarabağdan gəlmişəm.”
O qazini linç edən
təkcə bir adam deyildi —
səssiz qalan hər baxış,
onun üzünə dönmüş bir daş idi.
Əgər ədalət varsa,
qazinin də, şəhidin də,
anasının da, övladının da
nəfəsi rahat olmalıdır bu yerdə.
Çünki onlar can verəndə
ƏDALƏTİN VARLIĞINA inanıblar.
Sən isə indi onların ruhuna
YALAN borclusan...
IV. UŞAQ
O, heç vaxt "ata" deyə bilmədi…ya da dedi —
qəbir daşına pıçıldayaraq.
Başqa uşaqlar oyun oynayanda,
o, tabut şəkli çəkdi dəftərinə…
O bir dəfə məktəbdə ağladı,
çünki "atan haradadır?" deyə soruşdular.
O da cavab verdi:
“Göydə... amma siz baxmağı unutmusunuz.”
Əslində o uşaq
qəzəbli deyil,
amma içində böyüməmiş suallar var:
“Niyə atan torpaq üçün getdi,
amma torpaq ona ev olmadı?”
Bu uşaq — gələcəyin güzgüsüdür,
toz basarsa bu güzgünü,
cəmiyyət özünü görməz bir daha.
V. VİCDAN
Sən hardasan, ey VİCDAN?Bəzən susursan,
bəzən satılırsan,
bəzən də mövsümi geyim kimi
əxlaqın vitrində sərgilənirsən.
Vicdan — danışmaq deyil,
dinləyə bilməkdir.
Deyirlər, hər kəsin içində var,
amma bəzilərində
ya yatır,
ya da nisyə satılıb.
Və sən...
Əgər sənin içində vicdan danışırsa,
bil ki, bu yazı sənə aiddir.
Əgər bir cəmiyyət
qəhrəmanını linç edirsə,
bil ki, o cəmiyyətin vicdanı
rəsmi çıxışlarda yox,
məzar daşlarında gizlənib.
Susma, ey oxucu…
bu misralar səni çağırır —
çünki sən susduqca,
vicdan da səni tərk edir.
SON SÖZ
Qəhrəmanlar danışmır,çünki onlar artıq
danışa bilməyənlərin adından susurlar.
Biz danışmalıyıq.
Unutmayaq:
Qazi olmaq – səhvsiz olmaq deyil.
Qazi olmaq – Vətənə can verməkdir.
Vətənə can verənə ləkə atan,
əslində Vətənin ruhuna çamur atır.
Ədalət Qarabulud.




