Bia.Az

Allah uzaqdadır, amma... - Ədalət Qarabuludun yeni şeirləri

KÖŞƏ YAZARLARI
 12-07-2025, 01:40     2 561

Allah uzaqdadır, amma...

Ayaqlarım yerə toxunmur bu axşam,
sanki ruhumdan aralanıram...
bir dua yeri axtarır içimdəki səssiz üsyan,
nə göy mənimdi, nə torpaq.
Hardansa bir səs gəlir –
amma kimin?
Ana duası,
yoxsa unudulmuş bir peyğəmbərin
çöldə səslənməyən ahı?..
Əllərimlə yoxlayıram taleyimi –
bir az toz,
bir az kül,
bir az da qəlbə batmış şüşə parçası.
Gecənin qucağında özümlə üz-üzə qalmışam.
Allah uzaqdadır,
amma bir nəfəs qədər də yaxında.
Qovulmaq qorxusu deyil
yandıran,
Bağışlanmaq ümidi içində
gizlənən əbədi sükutdur.
Dilim altında ölür neçə söz,
deməyə ehtiyac qalmayıb —
çünki bəxti
ölümlə açılan adamların
sözə nə ehtiyacı var?..
Bir körpüdür bu yol –
nə əvvəli var,
nə sonu.
Yalnız keçmək var
və keçərkən unutmamaq:
Harda azdığını bilmək,
bəzən tapmaqdan da doğrudur.

Bağışla bizi, Aygün...
(Aygün Bəylər və həyatın bəlalı qürubuna!)

mikrofonu çəkir,
sanki ruhunu çəkir əli —
əl də yox,
gəminin yelkəni,
şərab şüşəsi kimi titrəyir,
bir az orda qalır,
bir az burda.
musiqi susmur,
amma səs dayanır.
çünki bəzən səs,
dil deyil —
yaradır.
o susanda…
divarların küncündə ağlayan sufi kimi susur.
baxışında ay var,
bir az doğmamış,
bir az batmamış —
qəfil bir öpüş kimi
dudağın qırağında ilişib qalan.
o səs deyil.
o bir əyyamın ağrısıdır,
qoltuq cibində gizlənmiş
çürük cümlədir —
amma ədəbiyyatçının yox,
çörək bişirənin.
orada,
mikrofonla ağzı arasında,
ağzı deyəndə də,
hansı dilin?
nə danışırıq biz?
hansı Allah eşidir bizi?
və ya — eşitmək istəyirmi hələ?
Aygün çıxır səhnəyə,
səhnə yoxdu —
bir az darıxmaq,
bir az alışmaq,
bir az da alışıb yanmaq yeri.
oxuyur —
çox adam anlamır,
çox adam… fikirdə ayaz,
ürəkdə qara.
amma o çıxır,
dəyişmir,
rol oynamır,
çünki həyat elə onu
nəfəs aldıqca oynadır.
gözəl səs deyil bu,
səsin sonda güldüyü
bir əjdaha qopardır boğazından —
bağışla bizi, Aygün,
biz bəzən bu səsi qulaqla yox,
küfrlə dinlədik.
sən oxuyanda
mikrofon bir az
uçurum olur,
bir az bıçaq,
bir az da dua.
və elə oradadır tərcümeyi-hal:
ağzınla mikrofonun
qısamüddətli ayrılığı.
həyat da
elə o aralıqdadır...

Kitab yazmaq dərdi

Hər kəsin əlində bir qələm,
Kağız az qala nəfəs kimidi –
Dodaqdan düşməyən bir "şairəm" səsi,
Kimi vətənpərvər,
Kimi sevgi dolu,
Kimi fəlsəfəçi,
Kimi də özünü oxşayan cümlələrin tələsində.
Qapaqları qızılı,
Adları pafoslu,
Satırlar dolu boşluqla.
Oxuyan yox,
Oxuyan olsa da –
Ya müəllifdi özü,
Ya da onun xalası oğlu.
Kitablarımız –
Rəfdə nizamlı,
Zehində tamamilə yox.
Qalın-qalın söz yığınları,
Qəlbsiz, ruhsuz, yaşanmamış…
Kağızı çox, dərdi az,
Şeiri var, amma nəfəsi yox!
Oxumaq çətin,
Oxunmaq mümkünsüz…
Yazmaq asandı –
Bir az duyğu, bir az “like”,
Bir az da nəşriyyat taparsan,
Kifayətdi "müəllif" olmağa.
Və hər gün yeni bir kitab,
Yeni bir təqdimat,
Yeni bir şar kimi şişirdilən ad.
Sonda nə olur?
Heç nə.
Oxunmayan kitablar kimi
Unudulur bu "şairlər" də,
Tozlu rəflərdə.

Ələyin yaddaşı

Divardan asılıb –
danışmır.
Zaman da danışmır artıq.
Sükut –
bir daş kimi ağırdır otaqda.
Ələyin kölgəsi
divarda uzanır —
gecə boyu mənim kimi oyanıq.
Bir vaxtlar
o kölgənin içində
isti çörək qoxusu vardı...
İndi isə
çəhrayı bir xiffət sürünür döşəmədə.
Əl uzadıram –
amma toxunduğum
dəmir deyil təkcə:
bir qadının yorğun əlləri
bir uşağın “ana, acam” səsi
və bir kişinin
qürurla dilsizləşmiş baxışları.
Ələyirəm —
boşluq axır əlimdən.
Nə un, nə duz, nə də dad...
Sadəcə keçmiş
xırda hissəciklərə bölünüb
tökülür yerə —
sanki özümü ələyirəm.
Bəzən elə bilirəm,
bu ələk mənə baxır.
Bağışlaya bilmədiyim susqunluğum kimi —
nə deyir, nə gedir, nə qayıdır.
O burada qaldı,
hamı getdi.
Onun üçün zaman
divarın rütubətində donub.
Mən isə —
hər dəfə
səni xatırlayanda
əlim ona gedir.
Sən deyə bilmədiklərini,
mən ələyirəm indi.
Tək-tək,
yavaş-yavaş,
boşuna.
Ələyirəm ki,
bir dəfəlik yox ola bilim,
bir ovuc xatirə kimi —
toza qarışıb
ağ bir un səssizliyi oluncaya qədər.

Zamana heykəl

Daş saat durub –
meydanın ortasında
nə tərəddüdü var,
nə təlaş.
Yalnız baxır
küləklə oynayan zamanın
üzünə.
Onun içində
qoca bir nəfəs çırpınır –
çəkilmiş illərin
tozlu səsi.
Tiq-tiq…
tik-tak…
Zaman deyil bu –
unutduğumuz göz yaşıdır,
bircə damlası dağ salar
insanın içinə.
Bir qız gəlir —
mavidonlu,
ayağı yalın,
başı açıq.
Adı yox,
səsi var.
Səsi —
ilk uşaq gülüşü kimi
bizi oyadır.
Əlində bir ovuc solmuş gül,
yaddaşdan dərilmiş kimi,
nə yaz çiçəyidir,
nə yas.
O bir sözdür.
Qəlbin içindən
çıxıb gələn
çılpaq, utancaq
və bəzən başı dik.
Gəlinlik ona yaraşmır,
çünki o hələ
heç kimə aid olmayıb.
Kənarda bir kişi –
keçəl,
baxışlarında yorğun
illər.
O da heykəldi,
yalnız nəfəs alır.
Yaddaşı daş,
qolları pas.
İllərlə bir yerdə dayanmaqdan
ayaqları torpağa qarışıb.
Gözləri saatın əqrəbləri kimi
dairə vurur,
amma heç yerə getmir.
Və indi –
ZAMANA HEYKƏL QOYULAN VAXTDIR.
İndi daş dil açacaq,
səssizlik danışacaq.
İndi söhbətə
külək qoşulacaq
və biz hamımız —
bir cümlənin içində
qarşılaşacağıq...
Bir qadın gəlir —
saçlarında çiçək-çiçək
baharın təkrarı kimi.
Gözləri qıyıq —
bir az monqol,
bir az özbək,
bir az heç kim.
O qadın
qədim yolların
tozunu gətirir
paltarının ətəyində.
Addımıyla
keçmişi oyadır.
Saatlar —
daş saatlar,
sürünən saniyələr
xırıltıyla işləyəcək.
Nəfəsimiz kimi qeyri-sabit,
sevgi kimi narahat.
Sanki göydən
daş yox —
sevdalar yağacaq.
Bir qızın baxışından,
bir kişinin susqunluğundan,
bir qadının saçındakı
çiçək qoxusundan...
Bizim üstümüzə
bütün unudulan
gözəlliklər
yağacaq.

Ədalət Qarabulud.скачать dle 12.1