Bia.Az

Xəyali kontakt - Fəaliyyət Qurbanov

KÖŞƏ YAZARLARI
 7-03-2025, 01:46     4 541

Sizləri bilmirəm, amma havalar qızdıqca mənim də canım qızır. Hayıf deyil günəşin zərrin şəfəqləri... Qışdan çıxmış yarımcana isti dəydikcə quluncu yumşalır, ruhundakı kasıblıq çibanı qaysaq bağlayır, müvəqqəti də olsa. Bundan artıq nə istəyirsən, qadoyalım? Buyurub ətrafına bir zəndlə nəzər yetir. Görürsənmi, Azərbaycan bahar ovqatındadı. Ormanlı dağlarıımız gül-çiçəyə qərq olub. Çəmənliklər yaşıl don geyib. Dağlarımız qəddini düzəldib, küdrü düzləri şıltaq yaz küləyinin uğultusuna sevincək sinə açaraq özünü günə verir.

Əsrarəngiz mənzərədi! Hayıf deyil, meşə talasında yemlik, boyana axtarasan, qulançar dərib soyutmasını dişə çəkəsən zövqlə. Beləjənə, Allahın əlin yetən nemətlərindən yeyib-içib "şükür" içində bir "qaytağı" gedəsən. Hə, necədi? Bu mənzərənin xəyal qırıqlığında itib-batmış bozumtul kinolentini təsəvvürlərində şirin-şirin canlandıranda ac adamın qarnı quruldasa da ürəyi atlanır, az qalırsan dəli bir qıyya çəkəsən... Eheyy, hazırın nazirləri, insafınız yoxmu, yediyinizdən mənə də bir dişləm saxlayın! Bu istəyin heç bir əhəmiyyəti olmayacaq. Çünki, mən elə indicə oxuduğunuz bu sətirləri özüm də əhəmiyyətsiz hesab elədim. Nə isə... Qorxmayın, azərbaycanlıyam, zümzümələrim də ki, muğam üstündə içdən gəlir. Ermənilərlə simsarlığım yoxdu, Qarabağı da onlara mən bağışlamamışam. Ona görə də, zəhmət çəkib düşməninizi mənim darvazamın kandarında axtarmayın. Binayi-qədimdən yeganə tanıdığım erməni qızları Aykanuşla Siranuş olub ki, onlardan biri Moskvada Mamedin, digəri isə Kiyevdə Savetin arvadıdı. Vəssalam. Bunları söylədim ki, mənim gələcək məsləkdaşlarım hürküyə düşüb ağlına gələnləri min boşqaba çəkməsin.

Əlbəttə, anlayıram ki, təbiətin qoynuna səfər etməklə dincini çıxarmaq mənim kimilərə aid olan gerçəklik deyil. Amma insan kimi buna daxili ehtiyacımı qarşımdakı monitorda düzənlədiyim bənzərsiz təbii mənzərələri seyr etməklə qarşılayıram. Təsəvvürlərimdəki xəyal qırıqlığı da elə bundan yaranıb... Deyir, yanlış da bir naxışdı. Mənim də naxışım onda gətirib ki, istədiyim vəzifə mənsubuyla xəyali kontakt yarada bilirəm. Düzdür, bu tayfadan nəyisə xahiş eləməyə ürəyim gəlmir. Amma nə qədər desən, mırt vururuq. Bax, bu yaxınlarda Hüseynqulu müəllimlə xeyli söhbətləşdik. Ekologiya nazirimizi deyirəm. Ondan soruşdum ki, nə əcəb kabinetinin "qibləsini" dəyişmirsən? Cavab verdi ki, məni tezliklə dəyişəcəklər, kabineti neynirəm.

Mənə nə var, nazir kabinetində ruhum şıdırğı "şalaxo" gedib, nazirdən xəbərsiz, amma cismani heç vaxt oralarda olmamışam. Dədə-babadan baş çəkdiyim kənd icra nümayəndəsi Şirindilin qəbul otağı olub. O da məmurun acıqlı vaxtına təsadüf etdiyindən özümü hələ də bağışlaya bilmirəm. İndinin özündə də oturub o kişinin təbinin düzələcəyinə dualar oxuyuram ki, fürsət düşsün, ağız açım. Şirindili qınamıram. Yəqin varlandıqca dilinin altına zəhər təpir. Onsuz da çoxları belədir. Lakin aşağı-yuxarı bütün səviyyəli-səviyyəsiz məmurların yaxşısı-pisi olur. İncik düşmək lazım deyil. Nazirlərimizin, millət vəkillərimizin, hətta icra başçılarımızın hamısını başımızın üstündə görmək arzusu ilə sürünməliyik, həyatın ilan-çayanlı yollarında. Bu fikrimdə qalıram, çırt atan olmasa da...

Uzunömürlü məmurluğun nəyi pisdi bəyəm? Neçə illərdi ki, başımızın üstündə moizə oxuyurlar. Buna öyrəşmişik. Adam gərək naşükür olmasın. Belə moizələri həqiqət kimi qiymətləndirməliyik. Hansı məmurun kürsüyə çıxıb ağzını açıb söyləyəcəklərini "bitdə-bitdə" məndən soruşun, cavab verim. Mən də bir hərdəmxəyal məmuruyam. Təsəvvürlərimin geniş "kabinetində" var-gəl edə-edə varlanmaq üzərində qurduğum gələcəyin konturlarını cızmaqla tamahın qurdunu öldürürəm. İnanmazsınız, bunun da öz romantikası var. Necə olmasa, yaz nəfəsi hər yerdə, hər kabinetdə duyulmalıdır. Təki hərənin öz vəzifəsi dədəsinin malına çevrilsin. Fıstıq masa arxasındakı kreslonun şeytan təkəri fındıqvari diyircəkli yastıqlar üzərində inamla sağa-sola fırlansın. İstirahət otağındakı ekspo sərgisinə bənzər barın rəflərinə katibələr yeni içki növləri düzsün, massaj prosedurlarına hazırlıq görülsün. Oxxayyy... Bax belə...скачать dle 12.1