Bia.Az

Ata-anası qocalar evində, uşaqları internatda olan ekspert...

KÖŞƏ YAZARLARI
 22-01-2024, 17:27     6 233

Telekanallarda hava haqqında məlumatdan çox onu göstərirlər. Başlama saatı, verilişin adı, canlı yayımı fərq etməz, hansı şou proqrama, sosial telelayihəyə göz atsan görərsən ki, yuxarı başda oturub danışır. Necə deyərlər, gözünü verər, amma əlindəki mikrofonu kimsəyə güzəştə getməz. 

Ekranın o üzündə çox ideal insan kimi görünür. Övladlıq borcundan, ata-anaya qayğı və məhəbbətdən elə gözəl sitatlar, dəyərli kəlamlar deyir ki... Ömür-gün yoldaşına dəyərin vacibliyi, qarşılıqlı sevgi və hörmətdən danışdıqlarına heyran olmamaq mümkünsüz. Valideyn missiyasından, övlada diqqətdən saatlarla yorulmadan danışır. Həyatdan, bədii ədəbiyyatdan elə sitatlar gətirir tamaşaçının gözündən gildir-gildir yaş axır...
Bu gün küləyin at çapdığı Bakıda telekanalların birinin qarşısından keçəndə həmin eksperti avtobus dayanacağında görüb avtomobilimi saxladım. Hara gedəcəksə populyar eksperti maşınla aparmağa hazır olduğumu dedim. İnsafən əvvəlcə etiraz etdi, amma sonra gülümsəyib arxa oturacaqda yerini bərkitdi.
Maşını yerindən təzəcə tərpətmişdim ki, canlı yayımda imiş kimi çıxışa başladı, “insan daim xeyirxah işlər görməli, onu dünyaya gətirən valideynlərini başının tacı bilməli, onları gözünün üstündə saxlamalı, həyat yoldaşına vəfalı olmalı, onu anlamalı, mehriban davranmalıdır”, - dedi. Sonra bir xeyli də ananın öz övladlarına qayğı və diqqəti barədə nitq söylədi.
Sonra xahiş etdi ki, onu Bilgəhə aparım. “Atam və anam Bilgəhdəki qocalar evindədir, bu gün onlarla görüş günümdür. Nə işim-gücüm olsa da onlarla görüşə gecikmirəm. Həmin gün onların yanında olmasam ürəyim dayanar”, - dedi və kövrəldi.
Bilgəhdən qayıdanda xahiş etdi ki, maşını Mərdəkandakı xüsusi internatın qarşısına sürüm:
- Oğlumu və qızımı xüsusi internata qoymuşam. İşim elədir ki, telekanalların dəvəti üzündən günüm efirlərdə keçir, ona görə uşaqlara vaxt ayıra bilmirəm. Amma internatda onlara yaxşı baxırlar, ikisi də əlaçıdır. Rəssamlıqla, musiqi ilə məşğul olurlar. Uşaqlarım mənim nəfəsimdir, həftədə bir dəfə görməyəndə boğuluram sanki...
İnternatda görüş uzun çəkmədi, maşına oturanda deyəsən kövrəlmişdi:
- Bu gün sizi yordum deyəsən. Əgər tələsmirsinizsə Pirallahıya gedək, ikinci həyat yoldaşımla məhkəmə çəkişməm var bu gün.
Məhkəmə prosesindən də tez və razı döndü. “Binəqədiyə də baş çəkə bilərikmi?” - dedi və cavabımı gözləmədən əlavə etdi:
- Polis idarəsində baş müstəntiqə izahat yazmalıyam. O gün qonşumla dalaşdım, vurub pəncərəsini sındırdım.
Polis idarəsinin qarşısında bir xeyli gözləməli oldum. Məşhur ekspert nəhayət ki, gəlib çıxdı və maşına oturan kimi qonşusunun ünvanına xeyli söyüş göndərdi. Sözün açığı həmin söyüşlərdən bəzilərini həyatımda ilk dəfə idi ki, eşidirdim.
Telekanalların birinin qarşısından keçəndə birdən qışqırdı:
- Saxla, saxla. İndi yadıma düşdü, canlı yayıma dəvətliyəm. Ailə dəyərləri barədə tok-şou olacaq. Əla mövzudur...
Maşın dayanan kimi heç təşəkkür etmədən qapını çırpıb getdi. Deyəsən növbəti canlı efirə tələsirdi...
Etibar CƏBRAYILOĞLU скачать dle 12.1