Bia.Az

Bir Yaxın Şərq ölkəsi deyilik...

KÖŞƏ YAZARLARI
 22-01-2024, 13:37     6 858

"Özünü və başqasını öldürmək istəyən odlu silah olmadan da öldürə bilər və hər gün bu baş verir".

Bunu mənim "Əlvida, silah!" yazımla bağlı bir feysbuk izləyicisi yazıb, şəxsi mesajlar qutuma göndərib. Həmin şəxs sosial şəbəkələrdəki dostluq siyahımda da yoxdur. Ola bilsin ki, saxta profildir. Ya gerçəkdir. Bilmirəm. Bircə bunu bilirəm ki, orta və yaxud yaşlı nəslə mənsubdur. Həm də indiki hakimiyyətə müxalifətdə olan bir şəxsdir.

Nədən anladım?! Aşağıdakı cümlələrindən: "Bu silahlar xüsusi bir məqsədlə yığılır. 1988-ci ildə də SSRİ əhalidən ov tüfənglərini yığıb. Çünki xalqa o qədər zülm veriblər ki, qorxurlar, xalq boğaza yığılıb onlara atəş açar..."

Bu mesajı göndərən şəxs birbaşa olmasa da, dolayısı ilə məni də ittiham edir. Niyə?! Əhalidən qanunsuz silahların yığılmasını təqdir etdiyimə görə.

Adını çəkməyə ehtiyac duymadığım həmin şəxsə bildirmək istədiklərim var: əvvəla, hər bir fikrə hörmətlə yanaşıram. Hər kəsin öz fikrini azad ifadə etmək hüququ var və olmalıdır da (təbii ki, bu, qanunla qadağan edilmiş fikirlərin, çağırışların dairəsinə aid deyilsə). Eynilə mən də öz mövqeyimi bildirmişəm və doğru saydığım mülahizələrimi bölüşmüşəm.

Xüsusi olaraq (altını cızaraq) demək istəyirəm ki, mən qanunsuz silahların yığılmasını müdafiə edirəm, silahların qanunsuz yığılmasını deyil. Əgər mənim yazıma bu reaksiyanı verən şəxsdə əhalidən silahların qanunsuz yığılmasına aid konkret faktlar varsa, mənə yazıb göndərsin, jurnalist araşdırması aparaq, ya da səlahiyyətli dövlət orqanlarına müraciət etsin. Bu, cəmiyyətin də, dövlətin də xeyrinə olar.

İkincisi, bəli, 1988-ci ildə SSRİ hakimiyyəti əhalidən ov tüfənglərini də yığırdı. Ancaq SSRİ ilə Azərbaycan Reslublikasını müqayisə etmək nə dərəcədə doğru yanaşmadır, bunu başqa söhbətə saxlayaq (hərçənd keçmiş Şər İmperiyası ilə öz müstəqil dövlətini eyniləşdirmək istəyən bir kəsin beyin kimyası mənim üçün çox maraqlıdır).

Mahiyyətə gəlsək, hazırda hətta ov tüfənglərinin müsadirə olunmasını da istisna etmirəm. Ancaq müəyyən şəxslərin ov tüfənglərini belə qanunsuz əldə edib saxladığı da istisna deyil. Əgər silah qanunsuzdursa, nə fərqi var ki, o, ov tüfəngidir, yoxsa döyüş yarağı?! Nəticədə hər ikisi odlu silahdır. Fərq, sadəcə, hansı silahın daha "odlu" olmağındadır.

Əgər dövlət hətta qanunsuz ov tüfəngini də müsadirə edirsə, bunu təqdir etmək normaldır. Ancaq ov tüfəngini də qanunsuz yığırsa, tənqid etmək lazımdır, o başqa!

Yeri gəlib, deyim: əgər biz cinayət xronikalarını izləsək, görərik ki, ov tüfənglərindən açılan atəşlə nə qədər insan həyatını itirib və bu silahların bir çox hallarda qanunsuz əldə edilməsinə, saxlanılmasına və istifadəsinə dair faktlar var. Başqa sözlə, məsələlər o qədər də birmənalı deyil. Hər zaman dediyim kimi: mürəkkəb məsələnin sadə izahı və ya sadə həlli olmur.

Nəhayət, üçüncü məsələyə gələk. İzləyici yazır ki, xalq ona atəş aça bilməsin deyə, dövlət silahları yığır.  Bu yerdə mən oxucuma və bu fikirdə olan hər kəsə sual verirəm: siz istərdiniz ki, xalq dövlətinə atəş açsın?! Ümumiyyətlə, Sizcə (və sizcə), biz elə bir nöqtəyə gəlib çıxmalıyıq ki, xalq dövlətə, dövlət xalqa atəş açsın?! Bunu kim istəyir?! Klassik sual: bu, kimə lazımdır?!  Həm bu cür cümlələri necə rahatlıqla qura bilirsiniz?!  Azərbaycanda xalq nə vaxt dövlətinə atəş açıb?! Yoxdur axı, belə hal.

Hə, qiyamçılar olub, terrorçular olub, mütəşəkkil cinayətkar dəstələr olub və var da. Bunlar nə vaxtdan xalq demək oldu?! Hətta ən radikal müxalif mövqedə olanlar belə dövlətinə silah qaldırmayıb. Yoxdur bizdə, belə ənənə. Olmayıb. Olmasın da.

Bəli, xalqı dövlətinə qarşı qaldırmağı - xalqı öz dövlətinə qırdırmağı arzulayanlar, hətta planlayanlar ola bilər. Məqsəd: Yaxın Şərqdə, yaxud Cənubi Amerika, Afrika ölkələrində olduğu kimi xalqı dövlət əleyhinə silahlı üsyana təhrik edib iç savaşlar yaratsınlar.

O zaman nə dövlət kimi dövlət qalır, nə xalq kimi xalq.

Çox uzaq tarix deyil axı. Çox uzaqdakı coğrafiya da deyil; gözümüzün önündə, qulağımızın dibində baş verir bu faciəli hadisələr. Hamısında da xarici əllər işləyir, hər birində böyük kəşfiyyatların dirijor çubuğu var.

Ona görə biz də gözümüzü dörd açmalıyıq və qulaq verməliyik (bütün duyğu sensorlarımızı işə salmalıyıq) ki, görək, o xarici əllər bizim ölkənin içində siyasi, ictimai, hərbi "səhnədə" hansı qanlı dramlara quruluş verib, hansı faciələri "oynamaq" istəyir?! Və hansı yerli "aktyor"larla?!

Belə hallarda kütlə, adətən, kütləvi səhnələrə cəlb olunur.

Biz də bəzi ərəb qövmləri kimi öz ölkəmizi dağıtmaq istəyirik?! Təbii ki, yox! Onda dövlətlə xalq arasında "odlu" atışmanın xəyalını quranlar kimlərdir?!

Əgər qurduğumuz dövləti sarsıtmaq, xalqı qırğına vermək fikrimiz yoxdursa (ki, yoxdur!), onda əllərdəki qanunsuz silahların yığılmasına niyə qarşı olmalıyıq?! Sualın cavabı özündədir.

Təkrar edirəm: mən qanunsuz silahların yığılmasını dəstəkləyirəm, silahların qanunsuz yığılmasını deyil.  Bunlar bir-birindən fərqli anlayışlardır.

Son olaraq: bəli, özünü, yaxud başqasını öldürmək istəyən biri bunu silah olmadan da edə bilər. Silah qismində istifadə etdiyi başqa bir cismlə. Bu, bərk cism də ola bilər, maye qism də. Zəhərli qaz da ola bilər. Anlayacağınız: içdiyimiz su belə insan qətli üçün "silah" qismindədir.

Bunlar məlumun elanıdır əslində. Söhbət ayrı-ayrı cinayət hadisələrindən deyil, cəmiyyəti qapsayan qanunsuz olaylardan - kütləvi qətl və qarətlərdən, miqyaslı dağıntı və qırğınlardan gedirsə, buna odlu silahların, partlayıcı maddələrin, döyüş sursatının gücü çatır. Elə isə bu qədər silahın şəxsi əllərdə nə işi var?!

Bugünkü Ekvador olmaq istəyirik?! Hələ mən Liviyanı, Suriyanı-filan demirəm. Yaxud İraq!

Bizdən iraq olsun!

Biz bir Yaxın Şərq ölkəsi deyilik. Yaxşı ki deyilik!

...Əvvəlki yazımdakı suala bir də qayıdıram: bir adamın evində niyə avtomat silah olmalıdır ki?! Hələ heç qumbaranı demirəm. O, ayrı bir söhbət. Sizcə, bu, normaldır?!


Bahəddin Həzi

скачать dle 12.1