Bia.Az

Yerli fironların aqibəti – Xalq onların sonundan məmnun qalır və... ümid edir

KÖŞƏ YAZARLARI
 22-12-2022, 01:33     397

Bir yüksək ranqlı məmur vəzifədən götürüləndə nədən insanlar kütləvi şəkildə sevinir, bilirsinizmi?

Bu, ona görə elə olur ki, xalqın böyük əksəriyyətinin gözləntisi doğrulur, insanlar bu günü uzun illər həsrətlə gözləyirlər, bir gün arzuları çin çıxır və sevinirlər.
Bunun bir sonrakı leveli isə həmin məmurların həbs edilməsi zamanı yaranan ekstazdır. Vəzifədən götürülmüş məmurun bir də həbs və məhkum edilməsi insanların sevincini ikiyə qatlayır.
Bəzən olur ki, odioz, mafioz, tamahkar, talançı kimi tanınan hansısa nazir və ya bu ranqda olan birisi vəzifədən götürülür, ancaq haqq etdiyi halda həbs edilmir.
Без названия.jpg (6 KB)
Bu insanların sevincini bir az azaldır, amma yeni təsəlli yaranır: “Tutmadılar, amma tifağını dağıdacaqlar, yığdıqlarını əlindən alacaqlar, biznesini çökdürəcəklər” və s.
Bəs vətəndaşların bu duruma, yəni yüksək mənsəbli məmurların işdən götürülməsinə və həbs edilməsinə bu cür yanaşması normaldırmı?
Bəziləri deyir ki, bir nazir (şərti olaraq) işdən çıxarıldı, o biri təyin edildi, o da onun kimi işləyəcək, o da öz qohum-əqrabasına gün ağlacayaq, himayədarlıq edəcək, bu dəyişiklikdən xalq yenə bir şey qazanmayacaq.
Amma elə deyil. Xalqın bu dəyişikliyə sevinclə, gələcəyə ümidlə, “bəlkə indən belə düzələ” arzusu ilə yanaşması tamamilə anlaşılandır.
Dövlətin büdcəsini talayan, millətin dərisini soyan, hətta bəd ayaqda dövləti, milləti satıb aradan çıxmağa hazır olan adamların gec də olsa qol-qanadının budanması, zərərsiz hala gətirilməsi, haradan baxsan, faydalıdır.
Elə azğın, pozğun, quzğun məmurlar var ki, onlardan boşalan posta özləri kimisinin gəlməsi mümkünsüzdür.
Çünki bu ölkədə belə nadir nüsxələr hər saat yetişmir. Bizim millətdə o qədər əclafı inqubator kimi kütləvi yetişdirmək potensialı yoxdur.
888.JPG (23 KB)
Demək, onların yerinə gələn nə qədər olmasa da, onlardan yaxşı olacaq. Konkret nümunələr var.
5-6 il öncəyə qədər adı mediada “burdan getdi, ordan keçdi”, “oranı aldı, buranı satdı”, “oğlu elə etdi, qardaşı belə hoqqa çıxartdı” kimi xəbərlərdə hallanan oliqarxlar vardı, gün gəldi, vəzifədən götürüldülər, yerlərinə gənc kadrlar təyin olundu, amma yenilərin pis sorağı hələ gəlməyib.
Deməli, onlar vəzifələrindən sadı dillərdə gəzən ələfləri kimi sui-istifadə etmirlər. Bu, irəliyə doğru addımdır.
Energetika naziri Natiq Əliyevin vəfat xəbəri yadınızdadırmı? Başqalarından fərqli olaraq, onun vəfatına görə sevinən olmadı, çox adam üzüntüsünü bildirdi. Amma ondan əvvəl və sonra dünyasını dəyişən bəzi odiozların barəsində camaat adicə “Allah rəhmət eləsin” kəlməsini əsirgəyirdi.
Böyük vəzifə tutanların vəzifədən çıxarılmasına, həbs edilməsinə, dünyadan köçməsinə belə münasibət ondan irəli gəlir ki, bu şəxslərin fəaliyyəti xalqın, sıravi adamların həyatının, güzəranlarının yaxşılaşmasına yox, pisləşməsinə xidmət edir.
Daha sərt desək, onlar öz əməlləri, cinayətləri ilə adi vətəndaşlara zülm edir, əziyyət verir, əvəzində öz yaxınlarına hər cür şərait qururlar və son nəticədə xalqın onlara münasibəti fəaliyyətlərinə uyğun olur: onlardan barınanlar alqış, ziyan görənlər qarğış edir və ikincilər birincilərdən qat-qat çox olur.
5554.JPG (23 KB)
Hələ bir də özü və övladları, yaxın qohum-əqrəbaları harınlayanlar, quduranlar var. Bahalı, lüks avtomobilləri ilə insanların belindən keçən, saxta diplomlarıyla ən yaxşı, mənəfəətli, perspektivli vəzifələrə qonan, 2 milyonluq saat taxan, qədəhi 3 min avroya şərab içən, əcnəbi müğənniyə 20 min dollarlıq çanta, 1 milyonluq penthaus alan harın övladların mafioz atası vəzifədən götürüləndə, insanlar, əlbəttə ki, məmnun qalacaq və düşünəcəklər ki, nəhayət, onların etdikləri yanlarına qalmadı, sadə adamları əzənlərin sırası bir az seyrəldi.
Vasif Talıbovun istefaya məcbur edilməsi, yarım ay çəkən müqavimətinin qırılması və axırda əllərini qaldırıb təslim olması ona görə insanların xoşuna gəlir ki, onun və oğullarının sorağı çoxdan bədnam səciyyə almışdı. Onlar özlərini xan və xanzadə kimi aparırdılar və istər Naxçıvan ictimaiyyətində, istərsə də bütün ölkədə bu ailənin ağalığının sona çatacağı günü səbirsizliklə gözləyirdilər.
İndi həmin gün yetişib, insanlar ərş-gürşlə əlləşməyin, özünü Misir fironları kimi qüdrətli sayanların aqibətini gördü.
Xalq kütlələri bir ovuc adamın böyün təmtəraq, hüdudsuz sərvət, intəhasız imtiyaz içində, başqalarından çox-çox fərqli yaşamasına, dövran sürməsinə təhəmmül edə bilmir, çünki bütün varidatının hansı yollarla əmələ gəldiyini bilir. Heç rəvadırmı ki, hindən bir toyuq oğurlayan türmədə yatsın, broyler fabrikini, polad zavodunu, 5 min dükanlıq ticarət mərkəzini sahibinin əlindən qamarlayıb alanlar cah-cəlal içində üzsünlər?
Ona görə də xalq fironların zəlil-zəbun olduğunu görəndə razı qaalır və ümid edir ki, heç olmasa, yenilər köhnələrin aqibətindən dərs götürəcəklər və ər şey yaxşılığa doğru gedəcək. Beləcə, məmnunluq və ümid silsiləsi davam edir.

Xalid KAZIMLIскачать dle 12.1