Bia.Az

Üç qırmızı işıqlı işıqfor

KÖŞƏ YAZARLARI
 27-10-2022, 10:46     358

Həmkarlarım qəribə, 10 manatlıq nizamnamə kapitalı olan bir şirkət tapıblar, sən demə, bu şirkət son iki ildə Bakı Nəqliyyat Agentliyi ilə 14 milyon manatdan çox satınalma müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən şirkət BNA-nı işıqfor dirəkləri və sairə bu kimi məhsullarla təmin etməliymiş.
Təbii olaraq jurnalistlər sual verir ki, dövlət agentliyi sifarişi niyə məhz “10 manatlıq” şirkətə veribdir, burada çirkli mexanizmlər yoxdurmu? Bizdə adətən belə olur axı. Dövlət şirkətləri büdcədən aldıqları vəsaitin üstündən yeyinti üçün pul götürmək istəyirsə, tanış-bilişin adına saxta şirkətlər qayırırlar, pullar həmin şirkətlərin hesabına köçürülür və həzmi-rabedən keçirilir. Məsələn, keçmiş əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun məhkəməsində onun büdcə pullarını dayısı qızının ərinin adına açdığı saxta şirkətin hesabına köçürüb ən azı 20 faizini basmarladığı ortaya çıxdı. Görürsən hərdən hansısa çoban dağda intervü verir, onun Bakıda poladəritmə zavodunun yiyəsi olması aşkara çıxır.
Sözümün canı odur ki, gizli iqtisadiyyat, qara hesablar, korrupsiya bizim ekonomika üçün adi haldır. İndi bu BNA şirkətciyinin hüquqi qeydiyyat ünvanı haradır, bilirsinizmi? Karikaturadır: Bakı üçün işıqforlar alası şirkət guya Sabunçu rayonu, Zabrat qəsəbəsində, Südçülük sovxozu adlı yerdə imiş.
Südçülük sovxozuna qatıq sifariş vermək olar. Hazırda sezonudur, dana ayağı alıb xaş bişirmək olar. Lap uzağı təzək yığıb alternativ enerji qayırarsan. Ta işıqfor nədir? Bunlar bu qədər arxayınlaşıblar?
Əslində Bakı şəhərində seçki keçirilmədiyi, mer olmadığı, camaat qarşısında heç kəsin hesabat vermədiyi üçün belə durumun yaranması təbii haldır. Prinsipcə, bizdə bütün ekonomika bu cür vəziyyətdədir: malına düşdü talan, sən də bir yandan tala. Hamı çalışır oğurlasın. Ələ keçənə kimi. Neftin-qazın canı sağ olsun, pul gəlir.
Hara baxırsansa iri dövlət şirkətləridir, dövlət büdcəsi, Neft Fondu hesabına o buna pul ötürür, bu ona tender verir, ara yerdə camaatın canı çıxır. Adı bazar iqtisadiyyatıdır, əslində bizdə tam şəkildə sovet planlı ekonomikasıdır. Yeri gəlmişkən, son illər Türkiyə iqtisadiyyatı çox çətinliyə düşüb, yerli valyuta ölə-ölə gedir, deyəsən, dünyanın dəyərini itirməkdə rekord vuran pulu olmaq üzrədir. Lakin qəribədir ki, o boyda inflyasiyaya, devalvasiyaya baxmayaraq Türkiyə iqtisadiyyatı çökmür. Ekspertlər bunun bir səbəbini Türkiyə ekonomikasının çoxşaxəli olmasında görürsə, ikinci səbəb kimi kiçik və orta biznesin (KOB) üstünlüyü göstərilir. Orada KOB-un ümumi daxili məhsulda payı 60 faizə yaxındır. Fantastik rəqəmdir. Bəs bizdə? Bizdə bundan heç danışmağa dəyməz, çünki kiçik biznesmenləri orta biznesmenlər yedilər, onları da oliqarx məmurlarımız və başçılıq elədikləri nəhəng dövlət konsernləri. İndi KOB-un yeri boş qalıb. İstəsən orada turp ək, istəsən stadion sal. Çox geniş ərazidir.
Ərazi dedim, bir anekdotu da bura yazım, xəbəriniz olsun: KOB üzrə dövlət idarələrimizdən biri keçmiş korrupsioner məmurun şəxsi villasında özünə ofis tutmuşdu və bunun üçün hər ay o məmura dövlət büdcəsindən 40 min manat ödənilirdi. Qəşəng yeyintidir, elə deyilmi?
Ona görə də bütün dünyada qiymətlər qalxır, düşür, bizdə isə yalnız qalxır. İnflyasiyadan əziyyət çəkən həmişə sadə camaatdır, məmurlara bazarın istisi-soyuğu yoxdur.
Bu axşam dükandan çay, yağ, qənd alanda onu da fikirləş ki, məhsulun dəyərinin içində Zabrat Südçülük sovxozundakı İşıqfor şirkətinin faizi var. Belə vəziyyətdə sən hara gedib çıxmaq fikrindəsən? Yolun yoxdur. Bu işıqforda hamısı qırmızıdır. “Sana kırmızı çok yakışıyor” - zarafatsız.скачать dle 12.1