Bia.Az

Baha dollar bizi də vurur

İqtisadiyyat
 29-07-2022, 10:23     333

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu dolların bahalaşmasını şərh edib.

ABŞ-da mərkəzi bank funksiyalı Federal Ehtiyat Sistemi (FES) iyulun 27-də uçot dərəcəsinin (banklara verilən borc üzrə faiz dərəcəsi) yuxarı həddini 2,5 faizə qaldırıb.

2022-ci il 0,25 faizlə başlamış, martın 16-dan uçot dərəcəsinin yuxarı həddi 0,5 faiz, mayın 4-dən 1 faiz, iyunun 15-dən 1,75 faiz müəyyən edilmişdi.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu FES-in faiz dəyişikliklərinin bəhrə verdiyini yazır: “Bir çox iqtisadçı yaxın altı ay, bir ildə tənəzzül proqnozlaşdırır. Hesablamalar ABŞ-da işsizlik səviyyəsinin 3,6 faizdən 5 faizə qədər qalxacağını göstərir. Beynəlxalq Valyuta Fondu isə dünyada iqtisadi artım tempinin aşağı düşməsini gözləyir.

FES-in aqressiv faiz dəyişiklikləri məhsuldar və təsirli olub, bunun müqabilində dolların dünya bazarlarında mövqeyi möhkəmlənib, avro, funt sterlinq və bir çox başqa valyuta kəskin dəyər itirib. 27 iyul qərarı valyutaların ABŞ dollarına nisbətdə dəyərsizləşmə tempini sürətləndirə bilər.

Bizim Dövlət Neft Fondu (DNF) qərarlaşan bu tendensiyanı nəzərə almadığı üçün son yarım ildə valyuta məzənnələrinin dəyişməsi üzündən 1 milyard 793,3 milyon manat itirib. Hazırda DNF-nin vəsaitlərinin 71 faizi ABŞ dollarında, 19,6 faizi avroda, 4,8 faizi funt sterlinqdə, 1,2 faizi Çin yuanında, 1,1 faizi Yaponiya yenində, 0,6 faizi Avstraliya dollarında, 0,4 faizi Rusiya rublunda, 0,4 faizi Türkiyə lirəsində, 1,9 faizi digər valyutalarda saxlanır. Bu o deməkdir ki, 2022-ci ilin ikinci yarısında da valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərclər artacaq”.скачать dle 12.1