Bia.Az

“…Əks təqdirdə tənəzzül dərinləşəcək”

İqtisadiyyat
 12-03-2021, 11:47     518

“Azərbaycan hakimiyyəti koronavirus pandemiyasından sui-istifadə etməklə iqtisadiyyatı siyasi maraqlara qurban verir”.

Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu belə düşünür.
Martın 12-də özünün “Facebook” səhifəsində şərh yayan ekspert qeyd edir ki, hakimiyyətin pandemiya fonunda sistemsiz addımları əksər sektorlarda biznesi çökdürür: “Yenə də koronavirusa yoluxanların sayının artımını əsas gətirib, iqtisadi və sosial nəticələrini düşünmədən iqtisadiyyatın bir sıra sahələri üzrə işgüzar fəaliyyətin dayandırılmasına sövq edən ictimai rəy formalaşdırılır, bəzi həkimlərin təşkil olunmuş müsahibələri vasitəsilə iki həftəlik sərt karantin rejiminin tətbiqi zərurəti əsaslandırılır.
Görünür, son günlərdə müşahidə olunan vətəndaş fəallığından və artan siyasi hərarətdən qorxan hakimiyyət pandemiyadan yenə də özəl maraqları çərçivəsində istifadə edəcək və yenidən iqtisadiyyatı qapayacaq, hərəkəti məhdudlaşdıracaq.
Bu da görünür ki, bütün bunların müqabilində yaranan xərcləri sahibkarların və vətəndaşların necə və nə ilə ödəyəcəyi hakimiyyəti qayğılandırmır.
Hökumət başa düşmür ki, iqtisadi idarəçilik yalnız büdcəyə pul yığımını təmin edən fiskal və ən geci 6 aydan sonra bağlanan məşğulluq siyasətindən ibarət deyil. Onu da anlamır və yaxud da anlamaq istəmir ki, qısa müddətli dövrdə müşahidə olunan pozitiv dəyişikliklər bəzən orta və uzunmüddətli dövrdə neqativ fəsadlar yaradır. Bunu azad sahibkarlara münasibətdə aparılan töycü və xərac siyasətindən asanlıqla sezmək olur.
Pandemiya dövründə hökumət sahibkarlara və vətəndaşlara münasibətdə xəsislik göstərməməli, məcmu tələbi artırmaq üçün ya sosial yardım və maliyyə dəstəyi proqramlarını davam etdirməklə, ya da iqtisadiyyatı açmaqla işgüzar fəallıq hesabına alıcılıq qabiliyyətinin azalmasına yol verməməlidir. Əks təqdirdə tənəzzül dərinləşəcək və böhrandan çıxmaq daha da çətinləşəcək”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, bu il martın 12-dək 3262 xəstə vəfat edib.
2020-ci il martın 31-dən ölkədə xüsusi karantin rejimi tətbiq olunur.
Hazırda əsas qadağalar bunlardır: yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış; ölkənin şəhər və rayonlarından sərnişin daşınması; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn mərasimləri istisna olmaqla yas mərasimləri; kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır); tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); masaj və hamam xidmətlərinin göstərilməsi; şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti; Bakı Metropolitenində sərnişindaşıma.
Mart ayında koronavirusa 3846 yoluxma rəsmiləşib, 42 xəstə vəfat edib.
Koronavirus məhdudiyyətləri iqtisadiyyata zərbə vurur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi iqtisadiyyatın neft-qaz sektorunda 7,5 faiz, qeyri neft-qaz sektorunda 0,4 faiz tənəzzülün qeydə alındığını bəyan edib.
скачать dle 12.1