Bia.Az

İşsizlikdən sığorta qanunu yeniləndi

İqtisadiyyat
 10-03-2021, 10:29     34

“İşsizlikdən sığorta haqqında” qanun yenilənib. Novator.az bildirir ki, prezident İlham Əliyevin imzası ilə rəsmiləşən dəyişikliyə görə, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği rəsmi elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.

Qanuna əsasən, sığorta ödənişini dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; əmək müqaviləsinin müddəti qurtardıqda rəsmən işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar ala bilər.

İlk iki halda işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişi minimum əməkhaqqı (250 manat) qədər və 3 ay müddətinə ödənir.

Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya görə, həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə əmək münasibətlərinə xitam verildiyi halda yaranır.

Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq gəlirləri barədə məlumatları əsasında müəyyən edilir.скачать dle 12.1