Bia.Az

Rəsmi statistikaya inanaq, inanmayaq? - “Alternativ mənbələr...”

İqtisadiyyat
 14-02-2024, 00:48     299

Azərbaycanda illik inflyasiya 2,1 faizdən 1,7 faizədək azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin yanvar ayına nisbətən 1,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,2 faiz artıb.

2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya (dekabra) nisbətən 0,5 faiz yüksəlib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz artıb. Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz artıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən dəyişməyib.

Maraqlıdır, bu rəqəmlər nə dərəcədə həqiqəti əks etdirir?

Məsələ ilə bağlı İqtisadçı-ekspert Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda statistik rəqəmlər haqqında alternativ fikir söyləmək çox çətindir:

"Çünki Azərbaycanda alternativ mənbələr yoxdur, yanlız dövlətin rəsmi qurumları makroiqtisadi göstəricilər haqqında açıqlama verir. Bir çox ölkələrdə rəqəmləri alternativ mənbələrlə müqayisə edirlər.

Məsələn, qardaş Türkiyədə təkcə Dövlət Statistika Komitəsi yox, həmkarlar ittifaqı təşkilatının da öz statistikası olur. Azərbaycanda isə alternativ rəqəmlər olmadığına görə, sadəcə hökümətin açıqladığı rəqəmlər üzərindən danışmağa məcburuq.

Bu zaman müəyyən rəqəmlərin həqiqətəuyğun olub-olmaması ilə bağlı mübahisələr yaranır. Yaxşı olardı ki, Azərbaycanda da alternativ statistika mərkəzləri yaradılsın. Bu zaman keyfiyyətli və elmə əsaslı fikirlər söyləməyə şərait yarada bilər".скачать dle 12.1