Bia.Az

"Qeyri-neft-qaz sektoru əsas gəlir mənbəyinə çevrilərsə, iqtisadi inkişafdan danışa biləcəyik"

İqtisadiyyat
 17-01-2024, 16:35     265

"Azad sahibkarlıq və liberal iqtisadiyyat biri-birini tamamlayan məfhumlardır. Biri mövcud olmasa digəri mümkün deyil. Azad sahibkarlıq olan yerdə liberal iqtisadi sistem fəaliyyət göstərir, liberal iqtisadiyyatda da azad sahibkarlıq hökm sürür. Ümumiyyətlə, ən mükəmməl iqtisadi sistem və yaxud mexanizm özünü idarə edən, başqa sözlə desəm, tənzimləyən iqtisadi sistem və yaxud mexanizmdir ki, buna liberal iqtisadiyyat deyilir. Yüksək iqtisadi artım və sürətli inkişaf tələb olunan yerdə dövlət iqtisadiyyata məhdud səviyyədə və yaxud da mümkün dərəcədə heç bir şəkildə müdaxilə etmir və əslində, etməli də deyil".

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, iqtisadiyyat yalnız vergi və rüsum mexanizmləri əsasında tənzimlənməli, iqtisadi subyektlərə heç bir şəkildə diktə həyata keçirilməməli, təsərrüfat fəaliyyətinə müdaxilə edilməməli, əldə olunan gəlirlərdən dövlət büdcəsinə mədaxil təmin edilməklə proseslərə ancaq bu yolla təsir və təzyiq göstərilməlidir. Bunun üçün özəl sektorun payı maksimum həddə təşkil etməli, dövlət mülkiyyətinə və inhisarına malik istehsal və xidmət sahələri mövcud olmamalı, dövlətin tabeliyində iqtisadiyyata daxil heç bir subyekt fəaliyyət göstərməməlidir. Bu, liberal iqtisadiyyatdır.
Pərviz Heydərov
 Pərviz Heydərov

Ölkəmizin iqtisadiyyatı liberaldırmı? Deyilsə, niyə buna keçə bilmirik? Buna nə mane olur? Tam liberal iqtisadiyyata keçid, bizə nə verə bilər?

Ekspert bildirib ki, Azərbaycanda sahibkarlıq dövlət tərəfindən geniş şəkildə dəstəklənir. 2005-2006-cı illərdə neftin qiymətinin kəskin düşməsi nəticəsində iqtisadiyyatın böyük risklə üzləşməsindən sonra bu məsələyə xüsusən böyük diqqət yetirilir.
“Bir neçə istiqamət üzrə dövlət proqramları qəbul edilib ki, 2018-ci ildə İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra liberallaşma iqtisadi kursun daha çox başlıca strateji məqsədinə çevrildi. Belə ki, 2019-cu ildə ölkədə böyük islahatlara start verilməklə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi də bununla əlaqədar baş verdi. Eyni zamanda, ölkədə orta və kiçik sahibkarlığın inkişafının prioritet təşkil etdiyi bir daha gündəmə gəldi. Ancaq bununla belə, iqtisadi inkişaf və artımda dövlət hələ də məsuliyyət daşıyır, əsas yükü əvvəlki kimi, yenə özü çəkir. Çünki rəqabət tələb olunan səviyyədə deyil, iqtisadi subyektlər arasında münasibətlər güclü rəqabət şəraitində təmin olunmayıb. Rəqabət liberal iqtisadiyyatın əsas şərtidir. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Düzdür, hökumət iqtisadiyyata bacardıqca az müdaxilə etmək, dövlət nəzarətində məhdud sayda subyekt, istehsal sahəsi, xidmət sferası saxlamaq istəyindədir”-deyən iqtisadçı bildirib ki, ancaq buna nail ola bilmirik. Çünki ölkə iqtisadiyyatının inkişafı birtərəfli xarakter daşıyır, neft-qaz sektorundan asılılıq var. Sözügedən sektorsa dövlət inhisarındadır. Dövlətin inhisarda saxlamağa və bir sıra qiymətləri özü tənzimləməli olduğu sahələr var ki, onun iqtisadiyyat üzərində hökmranlığı da bu üzdən hələ qalır.
Pərviz Heydərovun fikrincə, nə vaxtsa ölkə iqtisadiyyatında birtərəfli inkişaf aradan qalxacaq, qeyri-neft-qaz sektoru əsas gəlir mənbəyinə çevriləcək, ixrac sahəsində valyuta gətirən sahələr və mənbələr çoxalacaq, yalnız o zaman liberal iqtisadiyyat da təşəkkül tapa biləcək. Və hər şey, məhz bunun əsasında büruzə verəcək.
“Liberal iqtisadi sistem elədir ki, bu, müvafiq dövlət proqramları, layihələr, sərəncamlar və fərmanlar vasitəsilə həll olunan məsələ deyil. Buna vaxt lazımdır. Qeyri-neft sektoru inkişaf etməli, bu sahəyə investisiya yatırılmalıdır. Bundan öncə isə xarici bazarlar öyrənilməli, daxili tələbatın strukturu nəzərdən keçirilməli və elə rəqabətqabiliyyətli məhsullar istehsal edilməlidir ki, o, təkcə daxili deyil, xarici istehlak üçün də “sözünü deyə” bilsin.
Məsələn, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 99%-dən çoxunu kiçik və orta biznes subyektləri təşkil etdiyi deyilir. Ancaq bizdə sözügedən subyektlər üzrə gəlirlilik səviyyəsi qənaətbəxş deyil. İnkişaf etmiş ölkələrdə onlar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılırlar. Çünki çox güclü rəqabət şəraitində çalışırlar”- deyən iqtisadçı bildirib ki, mövcud vəziyyət bizə diktə edir ki, ölkədə sahibkarlığın inkişafı üçün mövcud vergi siyasəti stimullaşdırılmaqla bərabər, inhisarçılıq da aradan qaldırılsın. Çünki vergi güzəştləri və stimullaşdırıcı tədbirlər nə qədər çox geniş tətbiq edilsə də, ortada inhisarçılıq varsa, bunun effekti olmayacaq.
“Sözün qısası, liberal iqtisadiyyatın Azərbaycanda təşəkkül tapması hələ çox işlər görməyi tələb edir. Odur ki, buna növbəti onillik ərzində nail olsaq, böyük nəticə hesab olunacaq. Qaz-neft sektoru iqtisadiyyatda dominant rol oynadığından liberal iqtisadiyyatın formalaşması ləngiyir”-deyə Pərviz Heydərov vurğulayıb.скачать dle 12.1