Bia.Az

"Pis günləri geridə qoyduq, növbə daha pis günlərdə..." Neft erası "son"a doğru gedir, iqtisadi durğunluq ümid vermir

İqtisadiyyat
 10-01-2024, 17:33     237

İqtisadi müstəvidə ölkənin gələcəyi heç vaxt olmadığı qədər dumanlı görünür. Daha böyük neft pulları gözlənilmir. Hasilat hər il azalır. Təbii qaz gəlirləri böyük "sellər, sular" vəd etmir. Artıq hökumət səviyyəsində etiraf olunur ki, neft erası yavaş-yavaş sona doğru gedir.


Bizimyol.info xəbər verir ki, sözün əsl mənasında iqtisadi durğunluq yaşanır. Video şəklində qarşımıza çıxan sosial sorğular əhalinin necə ümidsiz olduğunu göstərir. İnsanlar ölkədəki iqtisadi mənzərəni çox yaxşı görürlər. Hamı başa düşür ki, Azərbaycanın qızıl dövrü geridə qalmaq üzrədir.

Mərkəzi Bank 2024-cü ildə 3-3,5 faizlik iqtisadi böyümə proqnozlaşdırır. Qeyri-neft sektoru üzrə proqnoz isə hətta 5 faiz göstəricisini də aşır. Heç də real görünmür. Elə iqtisadçı Rövşən Ağayev də belə düşünür.

“Mərkəzi Bankın proqnozunun reallaşması üçün neft-qaz sektorunda azalma tam dayanmalı (hətta artım olmasa belə), qeyri-neft sektorunda artımın 6 faizdən aşağı olmaması lazımdır. Halbuki gələn il Azərbaycan hökuməti neft-qaz seqmentində 1,8 faizlik azalma gözləyir. Əgər bu baş verərsə, Mərkəzi Bankın qeyri-neft sektoru üzrə 5,5 faizlik artım proqnozu reallaşsa belə, ümümi artım ən yaxşı halda 2 faiz ətrafında olacaq. Yəni Bankın 3,5 faizlik gözləntisi bu rəqəmlərin fonunda xeyli optimist görünür”.

Rövşən Ağayev zəruri xatırlatmaya ehtiyac duyur. İqtisadçı 2023-cü ildə iqtisadi böyümənin cəmi 0,8 faiz olmasına diqqət çəkir. Yəni 2024-cü ildə vəziyyətin yaxşılaşacağı heç inandırıcı səslənmir.

Beynəlxalq ekspertlər hesab edir ki, yeni ildə neftə tələbat çox da yüksək olmayacaq. Yəni qiymətlərdə müsbətə doğru böyük dəyişiklik gözlənilmir. Bu ifadənin Azərbaycan hökuməti üçün nə anlama gəlməsinin xüsusi izaha ehtiyacı yoxdur. Bir sözlə, ölkə iqtisadiyyatını yaxşı günlər gözləmir. Hasilat dayanmadan azalır, qiymət isə qənaətbəxş deyil. Qeyri-neft sektoru inkişaf etdirilməyib. İqtisadi durğunluq göz qabağındadır. Daha pisi odur ki, gələcəyə böyük ümidlər yoxdur. Ölkə insanı sabaha ümidlə baxa bilmir. Əksəriyyət ən azı bu ildən əlini üzüb.

скачать dle 12.1