Bia.Az

“Yeməmisən quzu ətini...” - Oliqarxların "hücumu" ilə örüş yerləri azalıb, ət qiyməti 1 ildə 4 manat artıb

İqtisadiyyat
 10-01-2024, 16:46     265

Azərbaycan əhalisinin ətdən istifadə göstəriciləri hər il müəyyən qədər azalır. Ölkə insanı üçün ət getdikcə əlçatmaz qida predmetinə çevrilir. Quzu ətinin kilosunun artıq 20 manata satıldığı bildirilir. Minimum əməkhaqqının 345 manat olduğu ölkədə əminliklə qiymətin çox yüksək olduğunu demək mümkündür.


Bizimyol.info xəbər verir ki, 2023-cü ilin əvvəllərində quzu ətinin kiloqramı 16 manata satılırdı. Təkcə bu istiqamətdə 25 faiz qiymət artımı olub. Buna görə də Dövlət Statistika Komitəsinin inflyasiya göstəriciləri ilə bağlı məlumatlarına inanmaq olmur. Bahalaşma inanılmaz səviyyədədir.

Quzu əti niyə bahalaşır?

Ümumiyyətlə, ətin qiymətinin artmasında kənd təsərrüfatındakı böhran əsas rol oynayır. Baş verənləri böhran adlandırmağa yetərincə əsas var. Hər şeydən əvvəl ölkədə su qıtlığının olduğunu gizlətmək mümkün deyil. Otlaq sahələri su üzünə həsrət qalıb. Ümid təkcə yağışa qalır. Ötən il yağıntı yetərincə olmayıb. Əkinlə məşğul olmaq imkanları məhdudlaşdığından, heyvandarlıq da axsayır. Bu şəraitdə ətin qiymətinin bahalaşması təbiidir.
Örüş yerlərinin sayı da çox azalıb. Məmur-oliqarxların kənd təsərrüfatına hücumu heç yaxşı nəticə vermədi. Fərdi təsərrüfatla məşğul olanların əl-qolu bağlandı. Heyvandarlıq ağır günlər yaşamağa başladı.
Ekspertlər heyvan yemi məsələsinə də diqqət çəkir. Əvvəllər Rusiya və Ukraynadan məhsul gəlirdi. Müharibə bu istiqamətdə işləri korladı. Müharibəyə qədər yonca bağlamasının qiyməti 4 manatı keçmirdi. İndi ən yaxşı halda bağlamanı 6 manata almaq olur. Bəzən qiymət 8 manata da çatır.
Heyvandarlıqla, ümumiyyətlə, kənd təsərrüfatı ilə bağlı hökumət ortaya konkret konsepsiya qoymalıdır. Hamını paytaxta, Abşeron yarımadasına toplamaq olmaz. Kim əkib-becərəcək, kim heyvan saxlayacaq?! Kəndlini stimullaşdırmaq lazımdır. Bölgələrdə insanlar heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirlər, amma şərait yoxdur. Adicə içməli su ciddi problemə çevrilib. Hökumət bu əngəlləri aradan qaldırmalıdır. Quzu ətinin qiymətinin artmasına təəccüblənmək işin asan tərəfidir. Bəhanələr də lazım deyil. Problemi həll etmək mümkündür.скачать dle 12.1