Rusiya Azərbaycana ildə 4 milyon ton neft təklif edir
Azərbaycan Rusiyadan neft ala bilər.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu gün Rusiya baş nazirinin müavini Aleksandr Novakla Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında keçirilən görüşdə Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanları müzakirə olunub. Rusiya Nazirlər Kabinetinin bununla yaydığı məlumatda qeyd edilir ki, vaxtilə Bakıdan Rusiyaya neft nəql olunan kəmərin əks istiqamətdə nəql üçün təkmilləşdirilməsinə ehtiyac var.
Qeyd edək ki, Tixoretsk-Bakı kəməri Bakı-Novorossiysk neft kəmərinin Qroznıdan Bakıya qədər olan hissəsidir. Bakı-Novorossiysk kəmərinin Azərbaycan hissəsinin operatoru ABƏŞ-dir. Kəmərlə “Azəri-Çıraq-Günəşli”dən hasil olunan neft Novorossiysk limanına nəql edilirdi.
Novakın jurnalistlərə verdiyi məlıumata görə, Rusiyadan neft alışını Bakıya Moskva təklif edib. Baş nazir müavini bildirib ki, Tixoretsk-Bakı kəməri ilə ildə 4 milyon tona qədər neft nəql etmək mümkündür: "Hələlik bu layihə ilə bağlı konkret qərar yoxdur, Azərbaycan reallaşma imkanlarını öyrənir. Layihəni təklif edən Rusiyadır".
Onun sözlərinə görə, bu neft Azərbaycan ərazisində emal oluna bilər.