Bia.Az

Azərbaycan manatını yaxın aylarda nə gözləyir-Ekspertdən təhlil

İqtisadiyyat
 12-10-2023, 16:32     533

“İdxal inhisarçılarının üzərində formalaşan nəzarət gücləndirilməlidir, yoxsa ...” 

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib. Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6% civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın - manatın məzənnəsinə birbaşa təsiri yoxdur:
"Bizim ticarət tərəfdaşlarımızın milli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni 3-6 aylıq inflyasiyamız azalır. Çünki o ölkələrdən idxal olunan mallar ucuz olur. Ticarət tərəfdaşlarımızın milli valyutalarında ucuzlaşma uzunmüddətli olsa, bu, həmin ölkələrdə inflyasiyanı artıracaq, 3-6 aydan sonra həmin inflyasiya ölkəmizə də idxal olunacaq".
Qeyd etmək yerinə düşər ki, ötən il də inflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılırdı. Amma bu il də qiymət artımı müşahidə edildi. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva deyib ki, yaxın iki ildə inflyasiya bir sıra aparıcı iqtisadiyyata malik ölkələrdə hökumətin hədəf göstəricisindən yüksək olaraq qalacaq. BVF rəhbəri qeyd edib ki, inflyasiyanı hədəfə uyğunlaşdırmaq üçün mərkəz bankları uçot dərəcələrini yüksək saxlamalıdılar: "İnflyasiya ilə mübarizə bir nömrəli prioritetdir. Mərkəzi bankların qətiyyətli addımları və məsul fiskal siyasət sayəsində inflyasiya əksər ölkələrdə azalır, lakin bəzi ölkələrdə 2025-ci ilə qədər hədəfdən yuxarı qalacaq". BVF rəhbərinin fikrincə, “yüksək inflyasiya istehlakçıların və investorların inamını sarsıdır, iqtisadi artımın əsaslarını məhv edir və hər şeydən əvvəl əhalinin ən yoxsul təbəqələrinə ən böyük zərər vurur”. "İnflyasiya ilə mübarizədə qələbəyə nail olmaq üçün faiz dərəcələrinin uzun müddət yüksək qalması lazımdır. Yenidən inflyasiya riskini nəzərə alaraq sərt monetar siyasətin vaxtından əvvəl yumşaldılmasının qarşısını almaq son dərəcə vacibdir", - Georgieva qeyd edib. O, "inflyasiya təzyiqləri yüksək qaldıqda pul siyasətini dəstəkləyə biləcək fiskal siyasətin sərtləşdirilməsinə" çağırıb.
Dövlət Statistika Komitəsindən isə bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiya 10,9% təşkil edib. Səkkiz aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 0,8% bəndi azalıb. Məlumatda o da deyilir ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 faiz təşkil edib. 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,1 faiz təşkil edib.
AMB sədrinin proqnozları özünü doğruldacaqmı?
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib. O, ABM sədrinin çıxışı ilə bağlı bəzi məqamları çatdırıb: “Taleh müəllimin çıxışında bir nüans diqqətimi çəkdi, o, bahalaşmanın 8 faiz  olduğunu deyir. Bu ilin avqust ayındakı qiymət səviyyəsini ötən ilin avqust ayındakı qiymət səviyyəsi ilə müqayisə edib. Deyib ki, 8 faiz qiymətlər artıb. Amma eyni zamanda,Statistika Komitəsinin istehlak indeksin statistikasında yanvar-avqust ayları inflyasiyası da var, bu, 11.7 faizdir, yəni ikirəqəmlidir. AMB sədri inflyasiyanı aşağı göstərmək üçün bunu səsləndirməyib. Vətəndaşları 8 aylıq inflyasiya maraqlandırırsa, ümumi olaraq 11.7 faizdir. Faktiki olaraq Azərbaycanda ikirəqəmli inflyasiya var. Təbii ki, bu, keçən ilin inflyasiya göstəricilərindən (14.5 faizdən) aşağıdır. Amma bu göstərici də yüksək sayılır. Mərkəzi Bankın inflyasiya hədəfləməsi 4+-2-dir. Amma burada 8 faiz bizi aldatmasın, inflyasiya 11.7 faizdir”. 
Ekspert onu da əlavə etdi ki, bütün beynəlxalq və yerli təşkilatların proqnozu ondan ibarətdir ki, gələn il inflyasiya aşağı düşəcək: “Dünya əmtəə bazarlarındakı qiymət azalmasına uyğun verilən proqnozlardır. Amerika Mərkəzi Bankı da, Avropa Mərkəzi Bankı da qiymətləri aşağı salmaq üçün tədbirlər həyata keçirir. Bu, bizə də təsir edəcək. İdxal inflyasiyası aşağı düşəcəyinə görə bizdəki inflyasiyanın səviyyəsi də gələn il 6-7 faiz ola bilər. Bu, Maliyyə Nazirliyinin büdcə hesabatı təqdimatında da öz əksini tapıb. Hökumətin yarımillik iqtisadi fəaliyyəti ilə bağlı keçirilən müşavirəsində Prezident belə bir fikir bildirdi ki, inflyasiyanın obyektiv və subyektiv səbəbləri var. Niyə buna istinad etdim. Ölkə Prezidenti həm ictimaiyyət, həm də Mərkəzi Bank qarşısında obyektiv və  subyektiv amilləri neytrallaşdırmağın lazım olduğunu dedi. Burada nüans nədən ibarətdir. Xaricdə bahalaşmanın ölkəyə idxal edilməsi obyektiv hesab edilə bilər. Bununla mübarizə aparmaq üçün manatı dollara yaxınlaşdırıb, dollar bahalaşanda manat bahalaşır, manat rubla görə də, lirəyə, lariyə, Böyük Britaniya funtuna görə də bahalaşır. 19 faiz bahalaşma var, amma bunun müqabilində inflyasiya yenə ikirəqəmlidir. Bu o deməkdir ki, burada subyektiv amillərin rolu var”.скачать dle 12.1