Bia.Az

Türkiyədə "qol sevincini" qeyd edən israilli futbolçu saxlanılıb

İdman
 15-01-2024, 15:02     373

Trendyol Super Liqasının 20-ci həftəsində keçirilən "Antalyaspor" - "Trabzonspor" matçında vurulan qol sevinci böyük əks-səda doğurub.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aralıq dənizi komandasının qolunu vuran israilli futbolçu Sagiv Jehezkelin qol sevinci qalmaqal yaradıb.
Matçın 68-ci dəqiqəsində “Antalyaspor”un qolunu vuran Jehezkel qolu qeyd edərkən qolundakı sarğıdakı yazıları ekranlara göstərib. İsrail və Fələstin arasındakı qarşıdurmaları əks etdirən Saqiv Jehezkel sarğısına 7 oktyabr, hücumların 100-cü günü və İsrail bayrağını simvolizə edən işarələr yazaraq reaksiya göstərib.
Antalya Respublika Baş Prokurorluğunun təlimatı ilə Antalya Əyalət Təhlükəsizlik İdarəsinin İdman Şöbəsi və Terrorla Mübarizə Şöbəsi qrupları futbolçu Sagiv Jehezkeli saxlayıb. Asayiş Şöbə Müdirliyinə aparılan Jehezkelin tərcüməçi vasitəsilə verdiyi ifadədən sonra səhər saatlarında ədliyyəyə sövq ediləcəyi öyrənilib.
Super Liqa təmsilçisi "Antalyaspor" idarə heyətinin qərarı ilə Saqiv Jehezkelin heyətdən çıxarıldığını açıqlayıb. "Antalyaspor"dan verilən açıqlamada: "Bu gün "Trabzonspor"la oynadığımız matçın 68-ci dəqiqəsində vurduğu qoldan sonra biləyindəki yazıları göstərərək ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyi görülən Sagiv Jehezkelin idarə heyətinin qərarı ilə heyətdən uzaqlaşdırılıb. İdarə Heyətimiz sonda onu heyətdən kənarlaşdırmaq qərarına gəlib, istər çempionluq, istərsə də Kubok yarışında olsun, ölkəmizin həssaslığına qarşı davranışa heç vaxt icazə verə bilmərik”, - deyə bəyanatda qeyd edilib.
Ədliyyə naziri Yılmaz Tunç İsrailli futbolçu Sagiv Jehezkelin qoldan sonra İsrailin Qəzzada törətdiyi qırğına dəstək verən çirkin hərəkətinə görə Antalya Respublika Baş Prokurorluğu tərəfindən "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə məhkəmə istintaqının başladığını bildirib.
Nazir Tunç sosial media hesabından verdiyi açıqlamada: " Baş Prokurorluq bu gün oynanan "Antalyaspor" - "Trabzonspor" Super Liqa matçında Antalya tərəfindən qol vurduqdan sonra, İsrailin Qəzzada törətdiyi qırğına dəstək verən çirkin hərəkətinə görə, İsrailli futbolçu Saqiv Jehezkelə "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etmək" ittihamı ilə cinayət işi açıb. Məhkəmə istintaqı başladılıb. 100 gündən artıqdır ki, İsrailin Qəzzada uşaqlar, qadınlar, gənclər və ya yaşlıların hədəf seçildiyi, soyqırım həyata keçirməklə insanlığa qarşı cinayətlər törədən hücumlarını bir daha qınayırıq. Biz hər zaman məzlum fələstinlilərin yanında olmağa davam edəcəyik", - deyib.
AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik sosial media hesabında Jehezkelin reaksiyalara səbəb olan sevincinin fotosunu paylaşaraq: "Nifrətin köləsi..." yazıb.
Türkiyə Futbol Federasiyası "Antalyaspor"da çıxış edən Segiv Jehezkellə bağlı açıqlama verib.
Türkiyə Futbol Federasiyasından verilən açıqlamada deyilir: "Trendyol Superliqasında bu gün keçirilən "Antalyaspor" - "Trabzonspor" matçında futbolçu Segiv Jehezkelin tamamilə qəbuledilməz davranışını pisləyirik. Antalyasporun futbolçunu heyətdən kənarlaşdırmaq qərarını məqsədəuyğun hesab edirik. Məsul şəxslər barəsində lazımi prosedurlar və intizam araşdırmaları aparılır”.
Hadisələrdən sonra telefonla əlaqə saxlayan Antalyaspor prezidenti Sinan Boztepe mətbuata: "Fotonu gördüm. Milli dəyərlərimiz hər şeydən üstündür. Futbolçu bizə nə qədər gərəkli olsa da, onun müqaviləsini ləğv etdik və komanda ilə yollarını ayırdı. Milli dəyərlərimiz hər şeydən önəmlidir", - deyib.скачать dle 12.1