Bia.Az

QUSARDA İSTİRAHƏT MƏRKƏZİNDƏ FACİƏ - "Park Qusar"da yanğında 4 nəfər ölüb (YENİLƏNİB)

Hadisə
 22-01-2023, 15:36     197

Qusarda istirahət mərkəzində yanğınla bağlı araşdırma aparılır. Qusar rayon prokurorluğundan “Report”a verilən məlumata görə, yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb.
İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.
Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, yanğın zamanı 6 nəfər şəxs - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.
Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib.
Hazırda onların vəziyyəti stabildir.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

10:20
Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə baş verən yanğın zamanı 4 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.
Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.
Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.скачать dle 12.1