Bia.Az

“UKRAYNA ORDUSU İKİ SƏBƏBDƏN ƏKS-HÜCUMA BAŞLAMIR...” - “Müharibə nə qədər uzansa, Rusiya o qədər əsaslı şəkildə çökəcək”

Gündəm
 16-08-2022, 11:43     71

Azad İsazadə: “Müharibə indi də dayansa artıq əvvəlki Rusiya olmayacaq, bu ölkə əvvəlki kimi beynəlxalq siyasətdə tələblərlə çıxış edə bilməyəcək”

“6 aydır dünyanın ikinci ordusunun qarşısında dayanan Ukrayna faktiki qalibdir”

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi 6-cı aydır ki, davam edir. Çoxlarının gözlədiyinin əksinə olaraq, Ukrayna Ordusu dünyanın ikinci ən güclü ordusu sayılan rus ordusuna müqavimət göstərir, hətta ona ağır zərbələr endirir.
Artıq bir neçə həftədir ki, Ukrayna Ordusunun Xerson istiqamətində geniş çaplı əks-hücum əməliyyatı gözlənilir. Lakin hələ ki, gözləntilər özünü doğrultmur və bu istiqamətdə irəliləyiş nəzərə çarpmır.

“AzPolitika.info” bu mövzunu hərbi ekspert Azad İsazadə ilə müzakirə edib:

- Ukrayna-Rusiya müharibəsi 6-cı aydır davam edir. Sizcə, hazırda müharibənin hansı mərhələsi yaşanır və hərb meydanında real vəziyyəti necə qiymətləndirirsiniz?
- Hərbdə belə bir ifadə var: “Generallar keçmiş, polkovniklər gələcək müharibələrə hazırlaşır”. Reallıqda Rusiya-Ukrayna müharibəsi XXI əsrin müharibəsidir və heç bir standartlara uyğun deyil. Rusiya köhnə - II Dünya Müharibəsinin üslubunda müharibə aparır. Ukrayna tərəfi isə qeyri-adi taktiki və operativ addımlar atdığından proqnoz vermək, müharibənin xüsusilə son bir ayını mərhələlərə bölmək çətindir.
Məsələn, hamı gözləyirdi ki, Ukrayna əks-hücuma başlayacaq. Ukrayna hərb qanunlarına zidd olaraq özü də elan etdi ki, filan istiqamətdə hücuma keçəcəyik. Beləcə ruslar məcbur oldular ki, ordunu Xerson istiqamətində gücləndirsinlər, xüsusilə Dneprin sağ sahilində. Sonra da Ukrayna bütün körpüləri partlatdı. Nəticədə faktiki olaraq, güclü rus hərbi qruplaşması Xerson ətrafında qalıb. Onlar irəli gedə bilmir, çünki sursatları çatmır. Eyni zamanda geri də çəkilə bilmirlər. Ukrayna da gözləyir ki, rus ordusu nə vaxt çıxıb gedəcək. Bunun özü qeyri-adi əməliyyatdır. Yəni, Ukrayna belə qeyri-adi addımlar atdığından mərhələlərdən danışmaq çətindir.
Ukrayna iki səbəbdən hücuma keçmir. Birincisi, itki vermək istəmir və öz ordusunu qoruyur.
İkincisi, doğrudan da real silahları çatmır. Həm hazırlıqlı hərbçiləri azdır, həm də tank, artilleriya qurğuları və təyyarələri. Tədricən Qərbdən silahlar gəlir. Amma rus ordusuna qarşı açıq döyüşmək çətin olduğundan Ukrayna Ordusu taktiki bicliklər edir.
Nəhayətdə, indiki mərhələni “Rusiya ordusunun anbarlarının və ehtiyatlarının dağıdılması” mərhələsi adlandırmaq olar. Faktiki olaraq, Ukrayna Ordusu son bir ayda ancaq hava limanlarına, anbarlara, logistikaya zərbələr endirir və beləcə rus ordusunu tərksilah edir.
- Hazırda rus ordusunun Ukraynadakı hədəf və məqsədləri nədir?
- Rus ordusu hərbi baxımdan hədəf seçə bilmir. Çalışır irəliləsin. Bu zaman cavab alaraq dayanır, bəzi yerlərdə hətta geri çəkilməyə məcbur olur. Hazırda ruslar Zaporojye AES-i şantaj vasitəsinə çevirir. Rusların əsas məqsədi danışıqlara başlamaqdır. İrəliləyə bilmədiyi üçün bütün imkanlarını sərf edir ki, danışıqlar başlasın. Kiyev isə danışıqlardan imtina edir.
İkincisi, Ukraynadakı rus ordusunda faktiki formalaşan hərbi hissələr yoxdur. Yığılan insanlara silah verərək döyüşə atıblar. Bu insanlar anlamırlar ki, nəyə görə vuruşmalıdırlar. Nisbətən motivasiyalı hərbi birlikləri “Vaqner” adlandırılan muzdlu döyüşçülərdən ibarət birlikdir. Onlar Suriyada, Mərkəzi Afrikada, Çeçenistanda təcrübə toplayıblar. Onlarda motivasiya var. Bu motivasiya puldur. Yəni bilirlər ki, nəyə görə döyüşürlər. İkinci motivasiyalı qrup Donetsk və Luqansk separatçılarıdır. Onlar 2014-cü ildən döyüşürlər, təcrübələri var və bilirlər ki, uduzsalar heç kimə lazım olmayacaqlar. Ukrayna tərəfi onları məhv edəcək, Rusiyada isə onlar heç kimə lazım olmayacaqlar. Çünki son 8 ildə onlar ancaq döyüşmək, adam öldürmək təcrübəsinə sahibləniblər. Qalan rus ordusunun özü də bilmir ki, Ukraynada neyləyir.
- Hamı gözləyirdi ki, Ukrayna avqustda əks-hücuma başlayacaq. Siz hesab edirsiniz ki, belə bir hücum olmayacaq?
- Faktiki olaraq, əks-hücum gedir. Sadəcə, biz əks-hücum deyəndə əsasən II Dünya Müharibəsindəki əks-hücumları göz önünə gətiririk. Yəni, artilleriya vurur, tanklar və piyadalar hücuma keçir, havada təyyarələr uçuşur və s. Hazırda Ukrayna Ordusu əks-hücum hərəkətləri edir. Ukrayna Rusiyanın arxada olan ehtiyatlarını məhv edir. Bunlar da əks-hücum əməliyyatlarıdır. Krımda hərbi aerodomu vurub. Bəzi mənbələrə görə, həmin zərbə nəticəsində 20-yə qədər təyyarə məhv edilib. Sadəcə, Ukrayna öz əsgərlərini qoruyur, onları qırğına vermir. Ona görə də bizim zənn etdiyimiz əks-hücum yoxdur. Amma hərbi-texniki baxımdan əks-hücum gedir. Yavaş-yavaş körpüləri dağıdırlar, kommunikasiyanı vururlar, anbarları məhv edirlər. Gün ərzində bir neçə kəndi götürürlər. Unutmayaq ki, yaşayış məntəqələrində mülki insanlar var. Ukrayna Ordusu onları öz vətəndaşı sayır və qoruyur. Rusiya isə şəhərləri, kəndləri dağıdır, çünki bunlar Ukrayna əhalisidir. Odur ki, Ukrayna məcburdur ki, daha ehtiyatlı hərəkətlər etsin.




Ətraflı- Belə hərbi taktika ilə Rusiyanı Ukraynadan vurub çıxarmaq mümkündürmü?
- Məncə, belə davam etsə, bu iş xeyli zaman alacaq. Amma dəfələrlə görmüşük ki, Ukrayna hərbi komandanlığı kreativ qərarlar qəbul edib. Astaca nəyisə hazırlayırlar və birdən-birə addım atırlar. Məsələn, Qara dənizdə Rusiyanın ən yaxşı gəmirlərindən birini batırdılar. Krıma zərbə vurdular, anidən Xersona yaxınlaşdılar və s. Hələ bunlara paralel olaraq Ukraynanın xüsusi əməliyyat qüvvələrinin hansı əməliyyat hazırladığı bilinmir. Hansısa anda onlar da zərbə vuracaqlar. Amma bunun nə vaxt və harada olacağını bilmirik. İstisna etmirəm ki, gələcəkdə də qeyri-ənənəvi addımlar müşahidə edəcəyik.

- Daha vacib amil Qərb silahlarının Ukraynaya çatmasıdır. Hazırda “HİMARS”lar bu savaşda xüsusi rol oynayır. Bəs, digər silahlarla bağlı hansı gözləntilər var?
- Ukraynaya silahlar tədricən çatdırılır. Vacib olan odur ki, hazırda Britaniya mütəxəssisləri 10 minlik Ukrayna Ordusuna hazırlıq keçir. Artıq hazırlığın ikinci ayıdır və bu proses üç aya yekunlaşmalıdır. London söz verib ki, hər üç aya 10 min nəfər hazırlanacaq. Bu, mühüm ehtiyatdır və hər üç aya iki birqadadan artıq və hərtərəfli silahlanan hərbi birləşmə deməkdir. Hər üç aydan bir Ukrayna Ordusuna 10 min nəfərlik hazırlıq keçən hərbi birləşmə gələcəksə, deməli nələrsə gözləmək olar. Üstəlik, az da olsa hərbi texnika, silah-sursat gəlir.
-Amma belə görünür ki, bu, hücum üçün yetərli deyil...
- Əslində, hücum üçün yetərli ola bilər. Unutmayaq ki, rus ordusunun da hələ gücü var. Ukrayna əks-hücuma keçsə, ruslar dərhal digər xətlərdən Ukraynanın zəif yerlərini tapıb oradan hərəkətə keçə bilər. Nəzərə alınmalıdır ki, hazırda Rusiya-Ukrayna sərhədi - cəbhə xətti böyükdür. Üstəlik, Belarusdan təhlükə var və Ukrayna bu istiqamətdə də qoşun saxlayır. Eyni zamanda, Moldovanın Dnestryanı regionunda rus ordusu olduğundan Ukrayna bu istiqamətdə də ordu saxlamaq məcburiyyətindədir. Eləcə də dəniz sərhədi boyunca.
Yəni, Ukrayna məcburdur ki, bütün istiqamətlərdə qoşunlarını yayılmış formada saxlasın. Ukrayna Ordusunun sayı 700 minə yaxındır. Bunun ruslarla üz-üzə döyüşəni 200 minə yaxınıdır. Üstəlik, ikinci eşalon da var. Rusların da qüvvəsi təxminən 200 minə yaxındır. Yəni Ukraynada olan ordusu. Bəzi istiqamətlərdə hansısa ordunun üstünlüyü var. Məsələn, Slavyansk istiqamətində Ukraynanın say üstünlüyü var, çünki ruslar qoşunları Xersona atıb. Xersonda isə ruslar Ukrayna Ordusu ilə müqayisədə daha çoxdur, amma hərəkət edə bilmirlər. Çünki arxada, 700 metrlikdə Dnepr çayı var, öndə gücləndirilən Ukrayna Ordusu. Üstəlik, sursat çatışmır və motivasiya yoxdur.
- Müharibənin nəticəsi artıq görünürmü?
- Ehtimal edirəm ki, bu ilin sonuna qədər aktiv faza davam edəcək. Sonra nəyin baş verəcəyini demək çətindir.  Məsələn, qəfldən rus ordusu Kiyev ətrafından çıxdı. Kommunikasiyalar o qədər dağılmışdı ki, bu hissədəki cəbhə domino effekti kimi çökdü. Nəticədə rus ordusu bir həftə ərzində böyük əraziləri buraxaraq, geri çəkilməyə məcbur qaldı. Öndəki iki ay ərzində Ukrayna Ordusu “dominonun birinci daşını” yıxa bilsə, bu, ciddi effekt verə bilər, proses sürətlənər. Yox, alınmasa, proses uzanacaq.
- Sizcə, artıq bu müharibənin qalibi bəllidirmi?
- Baxır, qələbə deyəndə nəyi nəzərdə tuturuq. Sözsüz ki, Ukrayna faktiki qalib gəlib. Hər şey bu formada qalsa, Ukrayna qalib gəlir. O, faktiki olaraq, 6 ay ərzində dünyanın ikinci ordusunu darmadağın edir. Eləcə də rus silahını. Əslində, Azərbaycan Ordusu da sübut etmişdi ki, rus silahı o qədər də güclü deyil. Sadəcə, o vaxt dedilər ki, ermənilər bu silahdan istifadə edə bilmirlər. Ukrayna Ordusu isə göstərdi ki, doğrudan da rus istehsalı olan silahlar zəifdir. Məsələn, “İsgəndər”lər Ukraynaya ziyan vurur. Amma bu raketlər bəzən partlamır, hədəfə deyil, başqa yerə düşür və s. Faktiki, dünyanın ikinci ordusunun qarşısında 6 ay dözməyin özü elə qələbədir. Amma Ukrayna yalnız 1991-ci il sərhədlərinə çıxandan sonra qələbəsini elan edəcək.
İndiki halda qələbə çalan yeganə tərəf Qərbdir. Bu, birmənalıdır. Müharibə nə qədər uzansa, Rusiya o qədər əsaslı şəkildə çökəcək. Müharibə indi də dayansa artıq əvvəlki Rusiya olmayacaq. Bu ölkə əvvəlki kimi beynəlxalq siyasətdə tələblərlə çıxış edə bilməyəcək. Hazırda ruslar İrandan dron istəyir, Çindən silah istəyir. Bütün ölkələrdə də öz agent şəbəkəsini aktivləşdirib ki, danışıqların vacibli məsələsini qaldırsınlar. Müharibədə qalib gəlmək istəyən dövlət danışıqlara meyl etməz. Əgər edirsə, deməli uduzur və ona hökmən fasilə götürmək lazımdır.

BİA.az
скачать dle 12.1