Bia.Az

MEHDİYEVİN VƏDİ, MƏLİKOVUN HƏBSİ... – “Gömrük işi”ni də “MTN işi”nin aqibəti gözləyirmi?

Gündəm
 8-08-2022, 14:57     94

Xəbər verdiyimiz kimi, tanınmış broker, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib. Bununla bağlı xəbərdə deyilir ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Daha anlaşılan dildə desək, uzun illər ölkənin əsas “gömrük monopolisti” sayılan Əbülfəz Məlikovun həbsi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifədən azad edilməsi və onun yaxın ətrafına qarşı hüquq-mühafizə orqanlarının başlatdığı araşdırmanın davamıdır. 

Xatırladaq ki, Səfər Mehdiyev məlum vəzifəyə təyin olunduğu ilk gündən bəyan edirdi və söz verirdi ki, gömrükdə inhisarçılıq, korrupsiya və rüşvət yoxdur, ola bilməz və olmayacaq da! 
Belə olan halda, görəsən, Mehdiyevin “silahdaşları”nın ardınca ölkənin bir nömrəli “monopolist”inin, özü də məhz “gömrük işi” çərçivəsində həbs olunması nədən xəbər verir? Əgər inhisarçılıq yox idisə, Məlikovun Mehdiyevin generalları ilə demək olar, eyni vaxtda və eyni iş üzrə məsuliyyətə cəlb olunması nəyin göstəricisidir?
Təbii ki, bu həbslərin və cinayət işlərinin sonda Gömrük Komitəsinə rəhbərlik etmiş şəxslərə dayanıb-dayanmayacağı barədə nəsə demək çətindir. Çünki Azərbaycanda ən azı “MTN işi” və Eldar Mahmudov nümunəsi var...
“Yıxılanı baltalamaq” prinsipindən uzaq durmaq şərtilə qeyd etməliyik ki, Ə.Məlikovun və onun himayədarlarının gömrük sisteminə, sahibkarlıq mühitinə və ümumilikdə Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı illərdir ki, “AzPolitika.info” da daxil olmaqla, ölkə mətbuatı dəfələrlə materiallar, araşdırmalar, müsahibələr və s. dərc edib. 

O, Səfər Mehdiyev sədr olmazdan xeyli əvvəl - 2006-cı ildən o, rəsmən “Trans Broker” şirkətinə rəhbərlik edib. Gömrük Komitəsinə Aydın Əliyevin rəhbərlik etdiyi illərdə Məlikov  ölkəyə daxil olan siqaretdən tutmuş kərə yağına qədər saysız-hesabsız idxal məhsulları üzrə “monopolist” kimi tanınıb. Bunu Azərbaycanda, xüsusilə də biznes strukturlarında, sahibkarlar arasında və demək olar, bütün dövlət orqanlarında bilməyən yox idi.
Hətta Ə.Məlikovun Rusiya Erməniləri İttifaqının rəhbəri, Azərbaycanın qatı düşmənlərindən biri, milyarder Ara Abramyanla yaxın qohumluğunun – yeznə-qayın münasibətinin olması barədə məlumatrlar dərc edilib. Bunu sabiq deputat və Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini Cümşüd Nuriyev açıq mətnlə söyləyib. Bu məlumat Əbülfəz Məlikov tərəfindən təkzib olunmayıb və deyilənlər həqiqətdirsə, Azərbaycan gömrüyü kimi strateji əhəmiyyət daşıyan, milyardların dövr etdiyi sahədə erməni diasporunun ən aparıcı fiqurlarından birinin yaxın qohumunun əsas söz sahiblərindən biri olmasının hansı anlam daşıdığını izah etməyə ehtiyac qalmır.

Lakin göründüyü kimi, bütün yuxarıda qeyd edilənlərə və edilməyənlərə rəğmən, Ə.Məlikov kimi şəxs iyirmi ilə yaxındır gömrük sahəsində demək olar, istədiyini edib. Ancaq nədənsə (?) bu günə qədər ona “gözün üstə qaşın var” deyən olmayıb. Görünür, himayədarları imkan verməyib. Bütün bunlara son qoymaq üçünsə az qala iyirmi il gözləmək lazım imiş...

Nazirlərin, icra başçılarının, komitə sədrlərinin, digər ayrı-ayrı məmurların, hətta Rasim Məmmədov, yaxud Əbülfəz Məlikov kimi “monopolistlər”in ətrafında baş verənlər bir daha göstərir ki, idarəetmədə və kadr siyasətində prinsip və sistem problemi var. Bu problem həll olunmayınca, əbülfəz qarayevlər, səlim müslümovlar, ziya məmmədovlar, səfər mehdiyevlər və s. getsə də, onların yerinə gələnlər bir müddət sonra çevrilib onların tayı olacaqlar, necə ki, olurlar da... /“AzPolitika.info”/

BİA.az
скачать dle 12.1