Bia.Az

Ermənistanın sonu yaxınlaşır: Əliyev Paşinyana nə qədər vaxt verib

Gündəm
 8-08-2022, 01:06     96

Həm ABŞ və Qərb, həm də Rusiya Ermənistana dəstək vəd etməkdən yayınmağa çalışır... Rusiya sülhməramlıları isə Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki separatçı-terrorçulara onları növbəti "dəmir yumruq" zərbəsindən müdafiə etməyəcəklərini bildiriblər...


Ermənistanda çaşqınlıq yaşanır, əlavə olaraq da pessimist əhval-ruhiyyə güclənir. Rəsmi İrəvanın bütün planları, hesabları pozulub. İndi Ermənistanda hər kəs tam əminliklə anlayır ki, belə davam etməyəcək. Və Azərbaycan ordusunun növbəti  "dəmir yumruq" zərbəsi birmənalı şəkildə sonuncudan öncəkidir.

İndi Paşinyan hakimiyyətinin qarşısında olduqca ciddi hədəf var. Yəni, rəsmi İrəvan Ermənistanı Azərbaycanın sonuncu və həlledici "dəmir yumruq" zərbəsindən yayındırmağa çalışmalıdır. Əks halda, bu zərbə ümumiyyətlə, Ermənistanın bir dövlət kimi, gələcək taleyini birdəfəlik həll edə bilər.
Ona görə də, rəsmi İrəvanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Paşinyan hakimiyyəti Bakıdan gələn direktivləri qeyd-şərtsiz yerinə yetirməyə məhkumdur. Çünki, hazırda şərtləri müəyyən etmək hüququ yalnız rəsmi Bakıya məxsusdur.
87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)
Rəsmi Bakının şərtləri və tələbləri isə beynəlxalq hüquq normalarına indeksləşib. Azərbaycan ərazisindən Ermənistana aid silahlı birləşmələri və erməni separatçı-terrorçu dəstələrini çıxartmağı tələb edir. Üstəlik, Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr üçtərəfli anlaşmasına imza atmaqla, rəsmi Bakının tələblərini yerinə yetirmək öhdəliyini də öz üzərinə götürüb.
Maraqlıdır ki, ABŞ və Qərb Ermənistana umduğu dəstəyi verə bilmir. ABŞ dövlət katibi Entoni Blinkenin erməni baş nazir ilə son telefon danışığında bu reallıq növbəti dəfə ortaya çıxıb. Çünki, Ağ Ev təmsilçisi sadəcə, ABŞ-ın Azərbaycan və Ermənistan arasında olan hərbi-siyasi gərginlikdən narahat olduğunu vurğulayıb. Hər iki tərəfi problemləri siyasi təmaslar üzərindən həll etməyə çağırıb. Və ABŞ-ın rəsmi İrəvana dəstək verə biləcəyinə yönəlik hətta üstüörtülü eyhama belə ehtiyac duymayıb.
Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel də təxminən eyni mövqedən çıxış edir. O, son açıqlamasında bildirib ki, Avropa Birliyi Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir. Yenə də rəsmi İrəvanın ümid bəslədiyi dəstək eyhamı yoxdur. Əksinə, 10 noyabr üçtərəfli anlaşmasına riayət edilməsinin vacibliyi vurğulanır. Və bu, Ermənistan üçün gələcəyə yönəlik ciddi geopolitik mesaj da sayıla bilər.
Nəhayət, Rusiyaya gəldikdəsə, rəsmi İrəvan Kremldən də ümidverici mesajlar ala bilmir. Kreml də ənənəvi olaraq, 10 noyabr anlaşmasını xatırlatmaqla, atəşkəsin pozulması ilə bağlı gündəlik "statistika"nı elan etməklə, kifayətlənir. Türkiyə və Rusiya prezidentlərinin son Soçi görüşündən sonra isə rəsmi İrəvan Kremldən dəstək ehtimalını ümumiyyətlə, unutsa, daha realist davranmış olardı.
6a795ec3-fc59-4257-8d33-f21dec4f0d48.jpg (253 KB)
Çünki, NATO dövləti olan Türkiyə Azərbaycanın hərbi müttəfiqidir. "Azərbaycan Türkiyənin qırmızı cizgisidir" deyən prezident Rəcəb Tayyib Ərdoğan isə Kreml sahibi Vladimir Putin ilə görüşdən dərhal sonra Ermənistanın 10 noyabr üçtərəfli anlaşmasına riayət etməli və öz silahlı birləşmələrini Xankəndi və ətraf bölgədən çıxartmalı olduğunu vurğulayıb. Və böyük ehtimalla bu mövzu iki prezidentin Soçi görüşündə müzakirə olunub.
Məsələ ondadır ki, son vaxtlar Rusiya sülhməramlı qüvvələrinin davranışlarında da müəyyən dəyişikliklər müşahidə edilir. Belə ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov ilə erməni separatçıların son görüşdə maraqlı məqamlar diqqəti çəkib. Bu görüşdə qondarma "drq"in "bayrağı" olmayıb. Əvəzində isə Azərbaycanın bayrağı masanın üzərinə qoyulub.
Digər tərəfdən, görüşdə müzakirə edilən mövzular və rus sülhməramlıların komandirinin mövqeyi erməni separatçıları ciddi şəkildə narazı salıb. Ona görə də, görüşdən sonra erməni separatçılar Xankəndinin mərkəzi meydanında etiraz aksiyası təşkil ediblər.
Aksiyaya rəhbərlik edən və Rusiya sülhməramlı kontingentinin komandiri ilə görüşdə iştirak edən erməni separatçı Artur Osipyan rus generalın dediklərinin onlarda heç bir ümid yaratmadığını bildirib. A.Osipyanın sözlərinə görə, Rusiya sülhməramlıları onlara Azərbaycan tərəfinin xüsusi əməliyyatlarına qarşı çıxmaq üçün kifayət qədər hərbi vasitəyə və səlahiyyətlərə malik olmadığını bildiriblər.
6cf45b1a08e63e92827dc3d37fe1b894.jpg (157 KB)
Bu, məntiqli və realist düşünmək qabiliyyətləri olacağı təqdirdə, rəsmi İrəvana da, erməni separatçı-terrorçulara da gələcəyə yönəlik önəmli mesajdır. Çünki, Kreml də artıq üstüörtülü şəkildə anlatmağa çalışır ki, Cənubi Qafqazda həlledici geopolitik iradə məhz rəsmi Bakıya məxsusdur. Yəni, rəsmi Bakının tələblərini yerinə yetirmək lazımdır, əks halda, Azərbaycan ordusu şərtlərin təmin olunması üçün hərəkətə keçə bilər. Və bu halda, Kreml də, bölgədə olan rus sülhməramlılar da baş verənləri müşahidə etməkdən başqa heç nə edə bilməyəcək.
Bəzi məlumatlara görə, rəsmi Bakı Paşinyan hakimiyyətinə və rus sülhməramlılarına Laçın dəhlizinə alternativ yoldan istifadə etmək barədə də qəti xəbərdarlıq edib. Ermənistan mətbuatı iddia edir ki, rəsmi Bakı Laçın şəhərinin və dəhlizin üzərində olan kəndlərin boşaldılması üçün 25 avqusta qədər vaxt verib. Ermənilər bundan narazı olsalar da, rəsmi Bakının tələblərini verilən vaxt çərçivəsində yerinə yetirmək lazım gələcəyini də bildirirlər. Həmin məlumatlar görə, rəsmi İrəvana Laçın şəhərini boşaldarkən, yanğın törədilməsinin və minalama cəhdlərinin doğuracağı nəticələr barədə də sərt xəbərdarlıq olunub.
Rəsmi İrəvanın isə Azərbaycan tərəfinin sərt xəbərdarlığının eynilə Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsinə çatdırdığı bildirilir. Rəsmi Bakının qəzəbləndirilmısinin doğuracağı nəticələri sonuncu "dəmir yumruq"dan sonra daha yaxşı bilən separatçılar isə ermənilərə yanğın törətməyəcəkləri təqdirdə, yeni evlər vəd edirlər. Yəni, "dəmir yumruq" öz işini görməkdədir, effekt artıq mövcuddur.
Göründüyü kimi, rəsmi Bakı artıq Ermənistanın "kaprizlər"inə şans tanımır. Konkret vaxt təyin edir və həmin müddət ərzində tələblərinin icrasını gözləyir. Nəticə fərqli olduğu təqdirdə, "dəmir yumruq" metodunu işə salır. Bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistan silahlı birləşmələrini də Azərbaycanın Xankəndi və ətraf bölgəsindən verilən vaxt ərzində - sentyabra qədər çıxarılacağı qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
скачать dle 12.1