Bia.Az

“AZƏRBAYCAN QƏDİM İPƏK YOLUNUN MÜHÜM QOVŞAĞIDIR” – Çin Xalq Respublikasının ölkəmizdəki Səfiri (Müsahibə)

Gündəm
 27-07-2022, 12:06     256

“Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol”un birgə qurulmasında əməkdaşlıq güclü şəkildə inkişaf edib”
Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra yaranmış yeni geosiyasi nizamda, eləcə də qlobal ticarət və iqtisadiyyatda sürətlə baş verən dəyişikliklər fonunda Çinin mövqeyi yaxın gələcəkdə dünyada vəziyyətin necə olacağını müəyyən edən əsas amillərdən biridir. Rəsmi Pekin ümumilikdə çinlilərə xas təmkinini saxlasa da, Qərb ölkələri və ABŞ-la strateji rəqabətdə və Tayvan məsələsində qəti mövqe nümayiş etdirir.

Çinin dünyada artan təsiri Azərbaycanla əməkdaşlıqda da aşkar şəkildə özünü büruzə verir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsində əhəmiyyətli tərəfdaş ölkələrdən biri kimi nəzərdən keçirilir. Rusiyaya qarşı sanksiyaların tətbiqi yeni nəqliyyat marşrutlarını aktuallaşdırıb və ölkəmiz hazırda Şərq-Qərb nəqliyyat infrastrukturunda əsas həlqələrdən biri kimi çıxış edir.

Çin Xalq Respublikasının ölkəmizdəki Səfiri xanım Qo Minin “AzPolitika.info” saytına müsahibəsində məhz bu vacib məsələləri müzakirə etmişik.


- Xanım Min, hazırda Rusiya ilə Ukrayna arasında münaqişə və onun mümkün nəticələri dünya ölkələrinin diqqət mərkəzindədir. Çinin bu məsələ ilə bağlı mövqeyini açıqlaya bilərsinizmi?
- Çin həmişə Ukrayna məsələsinin tarixi mahiyyətindən və hadisələrin reallığından çıxış edib, müstəqil surətdə mülahizələr irəli sürüb, bütün dünyada sülhün bərqərar olmasını fəal şəkildə təşviq edib və dünya iqtisadi nizamının sabitliyinə töhfə verib. Çin həmişə sülhün tərəfindədir və Ukrayna məsələsində sülh danışıqlarını təşviq etməkdə davam edəcək. Biz sülhün dialoq və məsləhətləşmə yolu ilə bərpasını, münaqişənin uzanmasının, onun miqyasının artmasının qarşısını alaraq tezliklə atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasını gözləyirik. Balanslaşdırılmış, səmərəli və davamlı Avropa təhlükəsizlik arxitekturasının birgə qurulması üçün ciddi və əhatəli dialoq təşviq edilməlidir. Çin ÇXR Sədri Si Cinpinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini həyata keçirməyə, sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı fayda ilə xarakterizə olunan dünyanın qurulması üçün bütün tərəflərin səylərini birləşdirməyə çalışır.
- Son zamanlar Tayvan boğazında vəziyyətin gərginləşməsi fonunda Çin tərəfi dəfələrlə bəyan edib ki, o, Vahid Çin prinsipi ilə bağlı kompromisə və ya güzəştə getməyəcək. Öz növbəsində, Tayvan tərəfi hərbi gücünü artırmağa başlayıb, ABŞ isə Tayvana təhlükəsizlik zəmanəti vermək niyyətini açıqlayıb. Tayvan boğazı məsələsində Çinin mövqeyi və təklifləri barədə məlumat verə bilərsinizmi?
- Tayvan məsələsi Çinin suverenliyi və ərazi bütövlüyünə, eləcə də onun əsas maraqlarına toxunan məsələdir. Tayvan boğazı ətrafındakı hazırkı gərginlik Tayvan Demokratik Tərəqqi Partiyası hakimiyyətinin Vahid Çin prinsipini təcəssüm etdirən 1992-ci il Konsensusundan imtina etməsi və bununla da boğaz sahilləri arasında münasibətlərin sülh yolu ilə inkişafı üçün mühüm əsasının sarsılmasından və “xarici dəstəklə müstəqillik əldə etmək” kimi yanlış yolu davam etdirməsindən irəli gəlir. Bu yaxınlarda Çin ABŞ-ın Tayvan ərazisində silah satışının yeni raundu ilə bağlı sərt mövqeyini bəyan etdi və Amerika tərəfinə ciddi etirazını bildirdi. ABŞ-ın Tayvanı silahlandırmaq cəhdi Vahid Çin prinsipini və üç birgə Çin-ABŞ kommünikesinin müddəalarını ciddi şəkildə pozur, həmçinin “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələri cəsarətləndirir və Tayvan boğazında gərginliyi artırır. ABŞ dərhal Tayvana silah satışı planından geri çəkilməli və onunla hərbi əlaqələri dayandırmalıdır. ABŞ həmçinin, Tayvan boğazında gərginliyin yaranmasına səbəb olan amilləri dayandırmalı və “Tayvanın müstəqilliyi”ni dəstəkləməmək öhdəliyini yerinə yetirməlidir.
ABŞ və Qərb tərəfindən Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar fonunda Çindən və Cənub-Şərqi Asiya regionundan Avropaya alternativ yerüstü daşımaların marşrutları barədə sonsuz diskussiyalar aparılır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artır. Azərbaycan “Bir kəmər, bir yol”un birgə tikintisində fəal iştirak edir. Hansı layihələr üzrə ölkələr artıq əməkdaşlıq edir və bu layihələrin perspektivləri necədir?
- “Bir kəmər, bir yol” təşəbbüsü Çinin qlobal davamlı inkişaf üçün təqdim etdiyi ictimai layihədir. O, Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən müsbət rəy və dəstək alıb. İki dövlət başçısının şəxsi dəstəyi ilə Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol”un birgə qurulmasında əməkdaşlıq güclü şəkildə inkişaf edib. Xüsusilə qeyd etmək istərdim ki, qlobal istehsal və təchizat zəncirlərinin qeyri-sabitliyi kimi əlverişsiz amillərə baxmayaraq, ikitərəfli ticarət hətta epidemiya dövründə də artmaqda davam edib. Bu ilin birinci yarısında tendensiyaların əksinə olaraq, ikitərəfli ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz artaraq 960 milyon ABŞ dolları təşkil edib. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və üçüncü ən böyük idxal mənbəyi statusunu qoruyub saxlayıb.
Transsərhəd nəqliyyat əməkdaşlığı iki ölkə arasında münasibətlərin yeni yüksəliş nöqtəsinə çevrilir. Çin-Avropa marşrutu üzrə dəmir yolu ilə yük daşımaları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə konteyner daşımalarında sürətli artım müşahidə olunur. Təkcə bu ilin birinci yarısında Çindən Avropaya hərəkət edən 70-dən çox yük qatarı Azərbaycanın ərazisindən keçib ki, bu da ötən illə müqayisədə 50 faiz daha çoxdur. Sian, Çonçing, Çendu, Vuvey və digər şəhərlərdən də yeni marşrutlar açılıb. Daşımaların sayının il ərzində əhəmiyyətli dərəcədə artacağı və yeni rekorda çatacağı proqnozlaşdırılır.
Azərbaycan qədim İpək Yolunun mühüm qovşağında yerləşir. İndi unikal coğrafi mövqeyinə görə o, Avropa və Asiyanın nəqliyyat mərkəzinə çevrilir.
Son illər Azərbaycan öz iqtisadiyyatını fəal şəkildə şaxələndirir. Azərbaycanın “Böyük İpək Yolunun Bərpası” və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” milli inkişaf strategiyası Çinin “Bir kəmər, bir yol” birgə qurulma konsepsiyası ilə yüksək səviyyədə uzlaşır, bu da Çin ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın irəliləməsi üçün nəinki möhkəm zəmin yaradır, həm də geniş perspektivlər açır. Çin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini “Bir kəmər, bir yol” çərçivəsində daha sıx tərəfdaşlıq qurmaq imkanı kimi istifadə etmək və ticarət, investisiya, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə, rəqəmsal iqtisadiyyat, yaşıl enerji kimi müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün Azərbaycanla birgə səylər göstərməyə hazırdır. Bu, ikitərəfli münasibətlərin inkişafını yeni səviyyəyə çatdırmağa imkan verəcək.

- Çin mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək üçün hansı tədbirlər görəcək?
- Son illər Çin və Azərbaycan mədəni və humanitar əməkdaşlığı davamlı olaraq dərinləşdirir ki, bu da müsbət nəticələrin əldə olunmasına səbəb olur. İki ölkənin hakimiyyət orqanları, universitetləri, analitik mərkəzləri, mediası, o cümlədən ədəbi-bədii dairələri sıx mübadilələr aparır. Əcnəbi tələbələrin mübadiləsində, klassiklərin qarşılıqlı tərcümələrində mühüm uğurlar əldə edilib. Azərbaycanda Çin dilinə maraq artmaqdadır və getdikcə iki ölkənin daha çox istedadlı gəncləri təhsil almaq və yaxud sahibkarlığı inkişafı etdirmək üçün Çindən Azərbaycana, Azərbaycandan Çinə gedirlər. Bu il biz Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı uğurlu silsilə tədbirlər keçirdik, o cümlədən rəsm sərgiləri kimi mədəniyyət layihələri Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə qarşılandı. Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü fürsətindən istifadə edərək, xalqlar arasında qarşılıqlı anlaşmanı daha da gücləndirmək və iki ölkə arasında ənənəvi dostluğu dərinləşdirmək üçün mədəniyyət sahəsində səlahiyyətli orqanlar və iki ölkənin ədəbi-bədii dairələri arasında sıx mübadilələri, qarşılıqlı qrup səfərlərini, mədəni tədbirləri, elmi seminarları, gənclər mübadiləsini və idman yarışlarını təşviq etməyə davam edəcəyik.
Laçın SƏMLAскачать dle 12.1