Bia.Az

RUSİYAYA QARŞI MÜBARİZƏNİN CƏNGAVƏRİ NİYƏ İSTEFA VERİR? - 5 ehtimal...

Gündəm
 7-07-2022, 16:08     70

"Boris Conson istefa versə də, qayıdacağı istisna deyil”

Böyük Britaniyada hökumət böhranı yaranıb. Bu, Baş nazir Boris Consonun istefası ilə nəticələnməkdədir.

Ukraynada baş verən müharibə fonunda ən çox onun adı hallanır. Bu və başqa baxımlardan onu Rusiyaya qarşı mübarizənin “cəngavəri” adlandırmaq olar.

Boris Conson Britaniya üçün çox mürəkkəb bir dövrdə Baş nazir seçilib. Krallığın Avropa İttifaqına üzvlükdən çıxması ilə bağlı referendumdan sonra Baş nazir Tereza Mey 2019-cu ilin mayında tutduğu vəzifədən istefa verib. Ondan sonra ölkəni siyasi böhrandan çıxarmaq və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq kimi mürəkkəb vəzifəni Boris Consonun başçılıq etdiyi hökumət həyata keçirməyə başladı.
Ötən 3 il onun üçün heç sadə keçməyib. Koronavirus pandemiyasına qarşı mübarizə, ardınca Ukraynada yaranmış vəziyyət başqa dövlətlər kimi Böyük Britaniyanın da ictimai-siyasi və maliyyə-iqtisadi vəziyyətinə təsirsiz ötüşmədi.
Consonun başçılıq etdiyi Mühafizəkarlar Partiyası ötən ilin dekabrında növbədənkənar parlament seçkilərindən qalib gəlib. Ötən ay isə Baş nazir etimadsızlıqla bağlı səsvermədən qalib çıxıb.
Sonra isə Krallıqda istefalar başladı
İstefalara səbəb nə olub?
Ümumiyyətlə, Avropa İttifaqından çıxmaqla bağlı qərardan sonra Britaniyada siyasi vəziyyət müəyyən fasilələrlə gərginləşir.
Son hadisələri qiymətlərin bahalaşması ilə əlaqələndirirlər. Ancaq baş verənlərin yalnız iqtisadiyyatla əlaqədar olmadığı da istisna edilmir.


Fikirimzcə, son hadisələr bir neçə səbəbdən baş verib:Birincisi, daxili çəkişmə. Böyük Britaniyada son 8 ildə iki taleyüklü referendum keçirilib: 2014-cü ilin payızında Şotlandiyanın krallığın tərkibindən çıxmaq istəyi, 2016-cı ilin iyununda brexit.
Hər iki hadisə mühafizəkarların hökumətə başçılıq etdikləri dönəmə təsadüf edir. Odur ki, hər iki siyasi kampaniyada uduzan tərəf hakim siyasi partiyaya qarşı çıxış davam etdirdiyi istsna olunmur. Böyük Britaniyanın Ukrayna məsələsində fəallığı onların rəqiblərinə hökumətə və başçısına təzyiqi artımaq üçün əlavə əsas verir.Bu baxımdan Boris Consona son 7 ayda edilən təzyiqlərin əsasında bu amillərin də durduğu istisna olunmur.
İkincisi, Rusiya amili. Boris Conson Ukraynanı birmənalı şəkildə müdafiə edir. Britaniyanın xarici işlər naziri Liz Trassın çıxışları isə hökumətlə Baş nazir arasında bu məsələdə ciddi fikir ayrılığının olmadığını deməyə əsas verir.
Dünyada siyasi proseslərdə “ingilis barmağı” axtarmaq adətdir. Son zamanlar isə bu, “rus barmağı” ilə əvəzlənməkdədir. Keçmiş SSRİ-nin varisi sovetdənqalma şəbəkələrə, lobbilərə də başçılıq edir.
ABŞ-da Donald Trampın seçilməsi ilə nəticələnən prezident seçkisinə Rusiyanın müdaxiləsi ilə bağlı söz-söhbət hələ davam edir. Boris Consonun xarici işlər naziri işlədiyi dönəmdə rusiyalı milyarder, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsində 1984-1992-ci illərdə yüksək rütbəli zabiti olmuş Aleksandr Lebedevlə görüşdüyü də məlumdur. Hökumət başçısı onunla təkbətək görüşdüyünü də gizlətməyib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabiti Aleksandr Litvinenko və Boris Berezovskinin Britaniyada müəmmalı şəkildə ölümləri RF-nin “barmağı”nın Krallıqda fəal olduğunu təsdiqləyir. Bu baxımdan həmin “barmağın” Ukrayna məsələsində fəallıq edən Boris Consona qarşı işlədiyini də ehtimal etmək olar.

Üçüncüsü, Avropa İttifaqı tərəfdarları olan qüvvələrdir. 2020-ci ildən Britaniya rəsmi olaraq bu qurumun üzvü deyil. İttifaqın keçmiş tərəfdarları mühafizəkarlara zərbə vurmaq üçün ölkədə hökumət böhranı yaradıb, yeni seçkilərin keçirilməsinə nail olur. Seçkilərin bu ilin oktyabrında keçiriləcəyi gözlənilir.
Dördüncüsü, Avropa İttifaqının aparıcı dövlətləri. Almaniya və Fransa liderlərinin Rusiyaya loyal münasibəti tənqid obyektidir. Bundan başqa bu iki ölkə Ukrayna ilə Rusiya arasında tezliklə sülhün bağlanmasına çalışırlar. Boris Conson isə Ukraynanın ərazi bütövlüyünü təmin olunduqdan sonra sülhün mümkünlüyünü söyləyirdi. Bu amil də onun istefasına təsir göstərən amillərdən sayıla bilər.
Beşincisi, partiyadaşlarının onu istefaya çağırması. Onlar iddia edir ki, Boris Conson partiyanın siyasi xəttinə ziyan vurur. Yəqin bu amil Boris Consonun hökumətə və partiyaya başçılığına son verməsi üçün həlledici oldu.
Beləliklə, son 3 ildə Böyük Britaniya daha bir Baş naziri yola salır. Consonun Rusiya və Ukrayna ilə bağlı siyasi kursu yarımçıq qalacaq? Bu, Krallığın kursu olduğundan onun dəyişəcəyi ehtimal çox azdır. (report.az)
Bundan sonra nə olacağına gəlincə, bu gün o Mühafizəkarların lideri vəzifəsindən istefa verəcək, lakin o, payıza qədər Baş nazir vəzifəsini davam etdirəcək. Mühafizəkarların liderliyi uğrunda mübarizə bu yay keçiriləcək və oktyabrda yeni Baş nazir Tory partiyasının konfransında seçiləcək.
Müxalifətin mövqeyinə gəlincə, Keir Starmer çərşənbə günü parlamentin toplantısında B.Consonu sərt tənqid edib.
"Qalmaqallar, əxlaqsız davranış, siyasi uğursuzluqlar ona gətirib çıxardı ki, indiki hökumət gözümüzün qarşısında dağılır" – o deyib. 
Lakin hakimiyyətin bütün tənqidlərə rəğmən, Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası 12 ildir ki, hakimiyyətə qayıda bilmir. Mühafizəkarlar isə “Brexit” və Consonun xarizması sayəsində, əksinə, indiki parlamentdə çoxluğa malikdirlər.
Beynəlxalq YouGov agentliyinin araşdırmasının nəticələri göstərir ki, Baş nazirin reytinqləri 50 faizdən aşağı düşüb. Agentliyin keçirdiyi daha bir sorğuya görə, hökumətin üzləşdiyi son qalmaqal Baş nazirin istefasını tələb edən britaniyalıların sayını rekord həddə - 69 faizə çatdırıb.
Britaniyada hakimiyyət böhranını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, B.Conson səhvlərinə rəğmən, xarizmatik baş nazirdir, Böyük Britaniyanın Avropa İttifaqından uzaqlaşmasını xətasız-bəlasız həyata keçirdi və s.
“Digər tərəfdən, Consonun partiyası parlamentdə səs çoxluğuna malikdirsə, partiyadaşlarının ona qarşı qiyam qaldırmaları da suallar doğurur”, - təhliçi qeyd edib.
Şahinoğlu vurğulayır ki, Böyük Britaniyada uğurlu, xarizmatik, o cümlədən parlamentdə səs çoxluğuna malik baş naziri rəqibləri deyil, öz partiyadaşları devirə bilərlər: “Sadə məntiq budur ki, hakim partiyada başqaları da özlərini baş nazir olaraq sınamalı və hakim partiyanın digər komandası iş başına keçməlidir. Böyük Britaniya tarixində Marqaret Tetçer ən uğurlu baş nazirlərdən biri idi. O 1979-cu ildə baş nazir seçildi. Tetçer ciddi islahatlar həyata keçirdi, ölkə iqtisadiyyatını ağır durumdan qurtardı, Argentina ilə müharibədə qələbə çaldı. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində onu müxalifət deyil, öz partiyadaşları devirərək Con Meydcoru həm Mühafizəkarlar Partiyasının başına, həm də baş nazir kürsüsünə gətirdilər. O zaman da indiki üsuldan istifadə edilmişdi. Tetçeri istefaya məcbur etmək üçün indiki kimi hökumət üzvləri ard-arda istefa vermişdilər. Daha uzaq tarixə getsək, böyük britaniyalılar İkinci Dünya Müharibəsində ölkəsinin və bəşəriyyətin alman faşistləri üzərində qələbəsini təmin edən Uinston Çörçilə müharibə bitdikdən sonra səs vermədilər. O müxalifətə keçdi. Buna baxmayaraq, ingilislər növbəti parlament seçkilərində yenidən onun partiyasına səs verdilər və Çörçil daha 4 il baş nazir kürsüsündə oturdu. Yəni Boris Conson istefa versə də, qayıdacağı istisna deyil”.
“AzPolitika.info”скачать dle 12.1