Bia.Az

“ÖLKƏYƏ DAXİL OLAN KİMİ SAXLANILACAQ...” – Rəsul Quliyev hakimiyyətlə tam barışığa nail olubmu?

Gündəm
 9-12-2021, 12:43     193

25 ildir ABŞ-da siyasi mühacirətdə yaşayan Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev Vətənə qayıtmağına maneə olmadığını bildirib. "Düşünmürəm ki, Azərbaycana gəlməyimdə maneə var", - eks-spiker “Laf.tv”-yə müsahibəsi zamanı bildirib. 
R.Quliyev daha sonra deyib: "Hesab edirəm, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm... Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm... Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim... Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm".

Məlumdur ki, Azərbaycan hüquq-mühafizə orqanları R.Quliyevə qarşı bir sıra ittihamlar irəli sürərək, onun barəsində beynəlxalq səviyyədə həbsli axtarış elan ediblər. Buna baxmayaraq, R.Quliyev uzun illərdir Amerika qitəsində və Avropada sərbəst hərəkət edə bilir. Beynəlxalq polis Azərbaycanın müraciətinə baxmayaraq onu saxlamır. Lakin artıq R.Quliyev Azərbaycana dönməkdə də heç bir probleminin olmadığını əminliklə deyir.
Eks-spikerdə bu əminlik nə ilə bağlıdır? Onun barəsindəki cinayət işi zaman aşımına görə qüvvəsini itirib, ya hakimiyyətlə hansısa razılaşmaya nail olub?
Xüsusən də Vətən müharibəsindən sonra R.Quliyev hakimiyyətə qarşı müxalif mövqeyindən geri çəkilib. O, son vaxtlar nəinki hakimiyyətin müxalifi kimi davranır, bəzi hallarda hətta hakmiyyəti onun qatı təbliğatçılarından daha çox müdafiə edir. “AzPolitika”-ya daxil olan məlumata görə, R.Quliyev 25 il əvvəl tərk etdiyi hakimiyyət səngərinə yenidən geri dönməsinin iqtisadi faydalarını da artıq görməyə başlayıb. Belə ki, o, Bakıdakı çoxsaylı daşınmaz əmlaklarının üzərində yenidən sərəncam hüququ qazanmaqdadır.
Bu baxımdan, ola bilsin ki, eks-spiker hakimiyyətlə bu yaxınlaşmadan ruhlanaraq daha da irəli getmək, Azərbaycana dönməsinə qoyulmuş qadağanı ləğv etdirmək istəyir.
Maraqlıdır, hakimiyyətin bu qayıdış niyyətinə reaksiyası necə ola bilər? Mövqeyindəki radikal dəyişiklik nəzərə alınaraq, keçmiş spikerə "yaşıl işıq" yandırıla bilərmi?
Əlbəttə, bu tamamilə siyasi qərardan asılıdır. Vaxtı ilə xarici ölkələrdə siyasi mühacir həyatı yaşamış siyasətçilər hökumətin razılığı ilə ölkəyə qayıdıb. Onlardan eks-prezident Ayaz Mütəllibovun hətta statusu bərpa edilib, dövlət tərəfindən himayəyə götürülüb.
İşin siyasi tərəfi aydındır, bəs, Rəsul Quliyevin dönüşünə hüquqi əngəllər necə, 25 ildən sonra hələ də varmı? 

Bu barədə kiçik araşdırmamız üzə çıxardı ki, R.Quliyevin dönüşü yenə də siyasi qərara bağlıdır. Belə ki, onun barəsində açılmış cinayət işinin 20 ildən artıq tarixi olsa da, bu ittihamların ləğv olunması anlamına gəlmir. Baş Prokurorluğun o zaman yaydığı məlumata görə, Rəsul Quliyev 1990-95-ci illərdə "Azərneftyaq" neftayırma zavodunun direktoru, ARDNŞ vitse-prezidenti, parlamentin spikeri olduğu vaxtlarda netf məhsullarının istehsalına və ixracına nəzarət edib. Açıqlamada qeyd olunur ki, R.Quliyev 107 mln. dollar məbləğində vəsait mənimsəyib və dövlətə zərər vurub. Prokurorluq bu səbəbləri əsas gətirərək Daxili İşlər Nazirliyinə Səbayel Rayon Məhkəməsinin 2000-ci il oktyabrın 10-da Rəsul Quliyev barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə qərarını icra etməyi tapşırıb.

O zaman Rəsul Quliyevin hüquqlarını müdafiə etmiş vəkil Osman Kazımov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, eks-spikerə vəzifə səlahiyyətlərini aşma, külli miqdarda dövlət əmlakını mənimsəmə və s. maddələrlə ittiham verilib: "Bu ittihamlar üzrə cinayət işinin istintaqı dayandırılıb və Rəsul Quliyev haqda saxlamla qərarı ilə axtarış elan edilib. Əgər ölkəyə gələrsə, o dərhal saxlanılacaq və barəsindəki ittihamlar üzər cinayət işinin istintaqı bərpa olunacaq. Bundan sonra onun azad edilib-edilməməsi siyasi qərarla həll edilə bilər". 
Beləliklə, aydın olur ki, Rəsul Quliyevin ölkəyə qayıtması ancaq hakimiyyətin razılığı ilə mümkün ola bilər. Onun barəsindəki cinayət işi hələ də qüvvədədir. R.Quliyevin hakimiyyətlə belə bir razılıq əldə edib-etmədiyi isə məlum deyil.скачать dle 12.1