Bia.Az

"AZƏRBAYCANI YENİ MÜHARİBƏYƏ SÜRÜKLƏYİRLƏR..." - "Rusiya bu şəraiti yaradır ki..."

Gündəm
 16-11-2021, 11:59     218

Son vaxtlar erməni təxribatları intensivləşməsi müşahidə olunur. Düşmən demək olar ki, hər gün mövqelərimizi atəşə tutur. Bəs bunun arxasında hansı məqsədlər durur? Hazırda prosesə yanaşma necə olmalıdır? Anti-terror əməliyyatının keçirilməsinə start verilməlidirmi?

Məsələ ilə bağlı Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli açıqlamasında bildirib ki, burada təkcə Ermənistanın deyil, həm də Rusiyanın çox ciddi maraqları var: “2020-ci il 10 noyabr tarixli bəyanat imzalandıqdan sonra ötən bir il ərzində demək olar hər ay bir neçə dəfə, bəzən isə bütün həftə boyu Ermənistan hərbi birləşmələri Azərbaycan ordusunun postlarına hücumlar edib, təxribatlar hazırlayıblar. Bu hallar davamlı olaraq düşmən tərəfindən həyata keçirilir. Şuşanın işğaldan azad olunması, yəni Zəfər günündən bir neçə gün əvvəl Ermənistanın Müdafiə naziri Qarabağa qanunsuz olaraq səfər edir və orda yerləşən Ermənistan Müdafiə Nazirliyinin Əlahiddə ordusunun hərbi hissələrinə baş çəkir, döyüş hazırlığını yoxlayır, ön xəttə olur. Ardınca isə vəziyyət bir qədər də dəyişir və Şuşa yaxınlığında azərbaycanlı hərbçilərin postuna piyadalar əleyhinə əl qumbarası atılır. Həmin şəxsi Rusiya sülhməramlıları saxlayır, daha sonra isə Ermənistana təhvil verir. Ermənistan tərəfi isə bu proseslərə qətiyyən reaksiya vermir və ümumiyyətlə, məsələlərlə bağlı danışmaq istəmir.

Burada təkcə Ermənistanın deyil, həm də Rusiyanın çox ciddi maraqları var. Rusiya “dırnaqarası sülhməramlı” kontingentinin orada qalma müddətinin uzadılması məqsədilə ümumi gərginliyə rəvac verən addımlar atır. Əgər bu günə qədər ermənilər gizli olaraq Azərbaycanın hərbi postlarına atəş açırdılarsa, indi artıq açıq şəkildə, kameraların gözü qarşısında Azərbaycan hərbçilərinin üzərinə əl qumbarası atılır. Burada birinci sülhməramlıların müddətinin uzadılması, ikinci Qarabağdakı ermənilərə hər hansı bir hüquqi statusun əldə olunması məqsədi daşıyır”.
Hərbi şərhçi qeyd edib ki, bu təxribatlar Azərbaycanı yeni müharibəyə cəlb etmək üçün həyata keçirilir: “Burada günahkar tərəf Ermənistanla yanaşı həm də Rusiyadır. Çünki Qarabağda hələ də erməni silahlı birləşmələri mövcuddur. Qeyd etdiyim kimi, Ermənistan Müdafiə Nazirliyinin Əlahiddə ordusu da orada xidmət aparır, onların heç biri tərksilah edilməyib. Məhz bu amillər vəziyyəti daha da gərginləşdirir”.
Ehtiyatda olan polkovnik Azay Kərimov milli.az-a açıqlamasında ermənilərin son günlər yenidən ard-arda törətdikləri təxribatları şərh edənrkən bildirib ki, sülh müqaviləsi imzalanmayana qədər bu cür vəziyyət davam edəcək:  "Erməni təxribatları davam edəcək, o vaxta kimi ki, sülh müqaviləsi imzalanmayacaq. Hətta sülh sazişi də imzalansa belə bu cür erməni təxribatları mütəmadi olaraq davam edəcək. Məsələn, mənim yadımdadır, ermənilər var idi Xankəndində, kim ki, posta getmirdi girib evdən posta getməyənlərin analarını, bacılarını aparırdılar ya zorlayırdılar, ya da güllələyirdilər. Camaatın gözünü belə-belə qorxuda-qorxuda başladılar belə terror işləri ilə məşğul olmağa. Bu qanunsuz silahlı erməni dəstələri Qarabağdan son nəfərinə kimi təmizlənməyincə terror aktları, cəhdləri davam edəcək.
Erməniləri müdafiə edən də rusdur. Rusiya bu şəraiti yaradır ki, bu gün ermənilərin yenə əli-qolu açılıb. Mən bir hərbiçi kimi buna qətiyyən təəccüblənmirəm".

Azay Kərimov qeyd edib ki, bizim posta yaxınlan ermənilər məhv edilməlidir: "Əgər erməni maşını bizim posta yaxınlaşırsa, gərək hərbiçilərimiz çox diqqətli olardılar, səhlənkarlıq ediblər. Hətta videodan da görürük ki, erməni qumbaranı atandan sonra maşını sürüb gedib. Sən onu necə elə oradaca güllə-boran etməyəsən?! Çox da uzağa getmirki, - bu bir. İkincisi də bura Azərbaycan ərazisidir, Azərbaycanın ərazisində bu hadisə baş verib. Norayr Mirzoyan adlı bu terrorçunu ruslara vermək lazım deyildi. Ümumiyyətlə rusdan qorxmaq lazım deyil, qanunla tələb etmək, sıxışdırmaq lazımdır". 
Ehtiyatda olan polkovnik qeyd edib ki, Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik:"Hələ Xankəndinə, Xankəndinin ətarfında erməni terrorçuları var, Şuşanın ətrafında erməni kəndləri var. Demək istədiyim odur ki, açığı Şuşa üçün bu gün də təhlükə var. Şuşaya bu dəqiqə ən azı 10 min əsgər yerləşdirmək lazımdır, o cümlədən də hərbi texnika. Çünki vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin başçısı Viktor Polyoniçka, həm də Azərbaycanın ikinci katibi idi, - mən onun cangüdəni olmuşam, - deyirdi ki, "Şuşa kimdədirsə, Qarabağ da ondadır". Ona görə də Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik".скачать dle 12.1