Bia.Az

Putinin Trampı Ağ evdə oturtmaq planı: sənədlər sızıb

Gündəm
 18-07-2021, 15:31     38

Böyük Britaniyanın “The Guardian” qəzetində Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsinə dair məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının qapalı iclasında 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisində “psixoloji problemləri olan” Donald Trampı dəstəkləmək üçün gizli casus əməliyyatı aparılmasına şəxsən icazə verib.
Məqalədə bu iddianın Kremldən sızan sənədlərə əsaslandığı vurğulanır. Bildirilir ki, həmin sənədlər görüşün 2016-cı il yanvarın 22-də Rusiya prezidentinin, xüsusi xidmət orqanları rəhbərlərinin və yüksək rütbəli nazirlərin iştirakı ilə keçirildiyindən xəbər verir: “Onlar Donald Trampın ABŞ prezidenti seçilməsinin Moskvanın strateji maraqlarına çatmasına yardım edəcəyi, habelə ABŞ-da sosial igtişaşlar yaradacağı və Ağ ev rəhbərinin beynəlxalq danışıqlarda mövqeyini zəiflədəcəyi barədə yekdil fikrə gəliblər. Rusiyanın xüsusi xidmət orqanlarına Trampı dəstəkləməyin praktik yollarını tapmaq tapşırılıb və bununla bağlı xüsusi fərman verilib. Belə görünür ki, fərmanın altındakı imza Putinə məxsusdur”.
“The Guardian” qeyd edir ki, həmin dövrdə Tramp artıq Respublikaçılar Partiyasından prezidentliyə namizədlik yarışına liderlik edirdi: “Putinin ekspert şöbəsinin hazırladığı hesabatda tövsiyə olunub ki, Moskva Trampın seçilməsinə töhfə vermək üçün əlindən gələni etməlidir”.
“The Guardian” artıq Qərb kəşfiyyat orqanlarının Kremldən sızan sənədlərdən xəbərdar olduğunu və bir neçə aydır onları araşdırdığını da yazır.
Qəzet xatırladır ki, Putin Kremlin Qərb demokratiyasına müdaxiləsini dəfələrlə inkar edib: “Ancaq sızan sənədlər bu iddiaların əksini göstərir. Materiallar prezidentin və onun casus məmurlarının, nazirlərinin hamısının XXI əsrin ən kəskin xəfiyyə əməliyyatlarından birində iştirak etdiyini göstərir: onlar “psixoloji problemləri olan” Trampı Ağ evdə oturtmaq üçün əlbir olublar”.
Qəzetin məlumatına görə, sənədlərdə Moskvanın respublikaçıların qələbəsindən daha çox faydalanacağı bildirilib. Qeyd olunub ki, respublikaçıların hakimiyyətə gəlməsi ABŞ-da “sosial partlayışa” səbəb ola, bu isə ölkə prezidentinin mövqeyini zəiflədə bilər.
“The Guardian”ın yazdığına görə, sənədlərdə Trampın qələbəsinin beynəlxalq fayda verəcəyi də vurğulanıb, bildirilib ki, bu halda Putin ABŞ və Rusiya arasında keçiriləcək istənilən ikitərəfli danışıqlarda üstünlük qazana və qətiyyətlə Moskvanın maraqlarına uyğun xarici siyasət yürüdə bilər.
Rusiya xəfiyyəsi üzrə ekspert, “Qırmızı tor” kitabının müəllifi Andrey Soldatov Kremldən mətbuata sızan sənədlərin gerçəkliyi əks etdirdiyini söyləyib: “Bu, Rusiya xüsusi xidmət orqanlarının və Təhlükəsizlik Şurasının proseduruna uyğundur. Qərarlar həmişə bu şəkildə qəbul olunur və müşavirlər həm prezidentə, həm də komandanlığa məlumat verirlər. Kreml belə əməliyyatların çoxuna ciddi nəzarət edir. Putin ən azı 2015-ci ildən bəri öz casuslarını açıq şəkildə başa salıb ki, onun icazəsi olmadan heç bir hərəkət edə bilməzlər. Yəni burada müstəqil fəaliyyətə yer yoxdur”.
Donald Tramp 1946-cı ildə ABŞ-ın Nyu-York ştatında doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, karyerasını tikinti biznesinə həsr edib, milyarderdir.
1999-cu ildən Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp 2016-cı ildə partiyanın prezidentliyə namizədi olub və həmin il noyabrın 8-də keçirilən prezident seçkisində Demokratlar Partiyasından rəqibi Hillari Klintonu xeyli geridə qoyaraq ABŞ-ın 45-ci prezidenti seçilib.
2017-ci il yanvarın 20-dən prezident səlahiyyətlərinin icrasına başlayan Donald Tramp 2020-ci ilin noyabrında keçirilən növbəti seçkidə Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub və 2021-ci il yanvarın 20-də Ağ evi tərk edib.
Mənbə: Theguardian.comскачать dle 12.1