Bia.Az

“BU, PUTİNİN CƏZASIZ QALMIŞ HƏRƏKƏTLƏRİNƏ YAXŞI CAVAB OLARDI” - “Böyük Britaniyanın göstərdiyi reaksiya kifayət qədər cəsarətsizdir”

Gündəm
 29-06-2021, 11:07     219

ABŞ və Rusiya prezidentləri arasında keçirilən sammitdən sonra Almaniya və Fransa tərəfindən Avropa Birliyi-Rusiya sammitinin keçirilməsi təklifi irəli sürülüb. Lakin Avropa Birliyinə daxil olan dövlətlərin əksəriyyəti Putinlə hər hansı sammitin keçirilməsinə etiraz ediblər.

Avropa Birliyi və Böyük Britaniyadakı bir çox siyasi icmalçıların, ekspertlərin, siyasətçilərin fikrinə görə, əgər belə bir sammit baş tutarsa, onda bu, Qərbin zəifliyinin açıq təzahürü və Putinin zəfəri olacaq. Yekunda isə gözlənilən nəticə əldə edilməyəcək.

Sözügedən məsələylə bağlı ABŞ-ın “Bloomberg” nəşri “Putinlə diplomatik danışıqlar aparmağın mənası varmı?” başlıqlı məqalə dərc edib.

“AzPolitika.info” həmin məqaləni qısa ixtisarla təqdim edir: ”Co Bayden və Vladimir Putin arasında keçirilən görüş ərəfəsində Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles (Ben Wallace) Boris Consonla Putin arasında sammit keçirilməsinin mümkünlüyü məsələsini dilə gətirmişdi. Əlbəttə, əgər Rusiya prezidenti öz düşmənçilik fəaliyyətini dayandırarsa, bu görüş baş tuta bilər. Fransa və Almaniya Avropa Birliyi-Rusiya sammitinin keçirilməsinə ümid bəsləyirlər və onlar bu siyasi blokla Moskva arasındakı gərginliyi azaltmaq niyyətindədirlər.

Amma 23 iyunda Krım yarımadasında baş verən hadisə sammitlərin “yamsılanması” ideyasının nəyə görə qüsurlu olmasını əyani şəkildə nümayiş etdirir. Putinlə görüş pis təşəbbüsdür, çünki Putin bu sammitlərdən özü üçün yaxşı PR faydası götürür, davranışlarını isə dəyişmir. Baydenin Putinlə görüşünün həqiqətən də məntiqi əsası vardı, lakin Britaniya və Avropanın eyni təşəbbüsü yalnız Putinin öz ölkəsi daxilindəki nüfuzunu möhkəmləndirəcək.

Krım sahillərində əslində nələrin baş verdiyi onu kimin necə nəql etməsindən də asılıdır. Belə ki, həmin vaxt Britaniya esminesində olan “BBC”-nin müxbiri Conatan Bil(Jonathan Beal) deyir ki, gəminin üstündə Rusiyanın ən azından 20 təyyarəsi uçurdu. Böyük Britaniyanın Müdafiə Nazirliyi isə bildirir ki, bu epizod Rusiya tərəfindən sadəcə, gövdə göstərisiydi və real heç bir təhlükə olmayıb. Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi deyib: ””HMS Defender”ə heç bir atəş açılmayıb və gəminin hərəkət kursu istiqamətinə bomba atılması barəsindəki bəyanatları qəbul etmirik”.

Qeyd etmək lazımdır ki, Krım ətrafındakı sular Ukraynaya məxsus olan ərazi sularıdır. Amma Putin Britaniyanın bu baxışına məhəl qoymur.Putin öz ərazi işğallarının nəticələri üzərində qətiyyətlə və möhkəm dayanmaq fikrindədir.
Bu hadisənin təfərrüatından asılı olmayaraq, Rusiya istədiyinə nail oldu. Rusiya öz hərbi gücünü nümayiş etdirdi və bütün dünyaya göstərdi ki, tamamilə cəzasız şəkildə Krım üzərində öz bayarağını qaldıra bilər.
Böyük Britaniyanın hərbi gəmisinin Krım yarımadasına yaxınlaşmasında bəzi qabaqlayıcı komponentlər yer alır. Amma Putin anı və hədəfi mahircəsinə seçməyi bacarır. O, zəbt etdiyi əraziləridən çəkilməyə hazırlaşmır. Məhz elə buna görə də Conson və Putin arasında sammit keçirilməsinin mümkünlüyü barədə müzakirə aparılması mənasızdır. Britaniya yeni siyasi xəttin hazırlanmasında mühüm rol oynamalıdır. Rusiyaya veriləcək istənilən siqnal ardıcıl və dəqiq olmaqlıdır. 

Çox təəssüf ki, Rusiyanın təcavüzkar davranışlarına qarşı Böyük Britaniyanın göstərdiyi reaksiya kifayət qədər cəsarətsizdir. Əgər müttəfiqlər görsə ki, Boris Conson Putinə münasibətdə hədsiz yumşaq mövqe tutur,onda o, sürətlə nüfuzdan düşəcək. Ancaq bütün bunlar Baydenin sammit keçirməsinin səhv olması anlamına gəlmir. ABŞ prezidenti sadəlövh deyil. Baydenin dediyi kimi, bu görüşün məğzi inamın möhkəmlnməsinə xidmət edib.
Amma Böyük Britaniyanın baş naziri Boris Conson tamamilə ayrı bir vəziyyətdədir. Solsberi şəhərində Skripalın zəhərlənməsi, həmçinin də Moskvaya bağlı qətl hadisələri Böyük Britaniya ilə Rusiya arasında ciddi mübahisə yaradıb. Bütün bunların nəticəsində təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində Rusiya böyük hərbi təhlükə sayılır.
Artıq yeni “Maqnitski Aktı” qəbul olunub. Bu akta əsasən əgər Qərb dövlətləri bu və ya digər rusiyalını korrupsioner və ya insan haqlarını pozmuş hesab edərsə, o zaman onun bütün maliyyə aktivləri dondurulacaq. Belə bir hərəkət Rusiyaya göndərilən ciddi siqnal olar. Lakin təəssüf ki, ”Maqnitski Aktı”nın tətbiqi spektri məhduddur.
Avropa Birliyi və ya Böyük Britaniya ilə Rusiya arasında sammit keçirmək olmaz. Çünki Rusiya hakimiyyəti öz əsas müxalifət liderini həbsə göndərdiyi, insan haqlarını pozan Belarusu dəstəklədiyi, Ukraynaya qarşı təcavüzkar addımlar atdığı və Qərbə qarşı kiberhücumlar təşkil etdiyi bir vaxtda sammit keçirmək mənasızdır. Belə bir şərtlər daxilində sammit təşkil olunması Rusiyaya verilmiş səhv siqnal olar. Xoşbəxtlikdən Almaniya və Fransanın Avropa Birliyi ilə Rusiya arasında sammit keçirlməsi təklifi Avropa Birliyinin digər üzvləri tərəfindən əngəllənib.
Putinin hərəkət tərzi artıq formalaşıb. O, Rusiyanın qonşu ölkələr üzərində nəzarətini gücləndirməyə, müxalifəti əzməyə, diqqətləri korrupsiyadan və ölkə daxilindəki problemlərdən yayındırmağa çalışır.

Rusiyanın istənilən müdaxiləsinə qarşı Qərb dövlətlərinin həmrəylik nümayiş etdirməsi, aydın xətli və enerjili əks reaksiya verməsi Putinin cəzasız qalmış hərəkətlərinə yaxşı cavab olardı.”скачать dle 12.1