Bia.Az

BÖYÜK MÜHARİBƏ QARA DƏNİZDƏ BAŞLAYA BİLƏR! – Rusiya Britaniya gəmisinə atəş açmaqla nəyi göstərir?

Gündəm
 26-06-2021, 10:29     242

Krım yarımadası Rusiya tərəfindən ilhaq edildikdən sonra Qara dənizdə, xüsusən də Sevastopol limanına yaxın olan akvatoriyada Rusiya ilə NATO qüvvələri arasında gərginlik mütəmadi olaraq, artıb. Bu baxımdan Qara dənizdə Böyük Britaniyanın “Defender” hərbi gəmisilə bağlı baş verən insidenti təsadüfi hesab etməmək olar. Bununla NATO bir növ Kremlə göstərmək istəyir ki, Rusiyanı istənilən nöqtədə ciddi narahat edə bilər.

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “The Times” qəzetində bu mövzuyla bağlı dərc edilən məqalədə Rusiya ilə Qərb arasında müharibənin məhz Qara dənizdə başlaya biləcəyi ehtimalı önə sürülür. ““Defender” esminesinə edilən xəbərdarlıq Putinin müharibənin harada başlayacağı barədə xatırlatmasıdır” başlıqlı məqalədə deyilir: ”Rusiya Qara dənizin narahat sularını potensial döyüş meydanına çevirməklə Qərblə münasibətlərinin yaxşılaşacağıyla bağlı bütün ümüdləri məhv etdi. Əgər Rusiya gəmisi Britaniya esminesinin burun hissəsinə xəbərdarlıq atəşi açırsa və ”Su-24” qırıcı təyyarəsi onun hərəkət istiqamətinə bomba atırsa, deməli Putin əvvəlki kimi NATO ilə gərginliyin şiddətlənməsinə çalışır. Bu cür aqressiv davranış tərzi son illərin görünməmiş hadisəsidir. Keçən il Rusiyanın “Tu-95MC” bombardmançısı Şetland adalarından bir qədər şimal tərəfdə uçan zaman Böyük Britaniya həyəcan siqnalı verərək havaya “Tayfun”(Typhon) təyyarələrini qaldırmışdı.
Rusiya hərbi gəmiləri Baltik dənizindən Aralıq dənizinə getmək üçün La-Manş boğazını keçəndə Böyük Britaniya onları diqqətlə müşahidə edir. Ancaq iki dövlət arasında “qırmızı xətt”i müəyyənləşdirməli olan ABŞ-Rusiya sammitindən dərhal sonra Qara dənizdə baş verən bu hadisə Rusiya diplomatiyasının gücə söykəndiyini göstərir.
Sevastopoldakı bazasıyla bağlı Rusiyanın narahatlıq hiss etməsi üçün əsası var, çünki bu baza 2014-cü ildə Krımın ilhaq edilməsində əsas rol oynayıb. Krım geosiyasi qırılma xəttidir. Əksər ölkələr Krımı Ukrayna ərazisi hesab edir və Böyük Britaniyanın Krım sularına yaxınlaşması məhz elə bunun unudulmadığının nümayişidir. Rusiya faktiki olaraq, Ukrayna donanmasını Qara dənizdən qovub çıxarandan sonra Sevastopol bazasına xeyli vəsait ayırıb və oranı gəmilər əleyhinə silahlarla yanaşı, hava hücumundan müdafiə sistemlərilə də xeyli möhkəmləndirib.
Putinin nəcib diplomatiyadan xəbərdarlıq atəşinə keçməsilə müharibə imitasiyası yaratması və ya real müharibəyə yol açması Şərqlə Qərb arasındakı münasibətləri daha da gərginləşdirir. Sözsüz ki, Putinin irəlidə nə edəcəyi onun qonşularını bərk narahat edir.
Qara dənizdə baş verən hadisə barədə hansı hekayələrin uydurulmasından asılı olmayaraq, tamamilə aydındır ki, bütün dünyadakı dəniz yollarının açıq və təhlükəsiz olması NATO-nun öhdəliyidir. Putin isə bizə müharibənin məhz harada baş verə biləcəyini xatırladır.”
Böyük Britaniyanın “The Spectator” nəşri isə “Defender: Qara dənizdəki insidentin arxasında nə dayana bilər?” başlıqlı yazısında Britaniya - Rusiya münasibətlərinə toxunaraq belə qənaətə gəlir ki, artıq “soyuq müharibə” hipoteza deyil. “The Spectator”un sözügedən məqaləsində deyilir: “Əgər bu xəbər doğrudursa, onda bütün dünya üç il öncə Sergey Skripalın zəhərlənməsindən sonra Böyük Britaniya və Rusiya arasında yaşanmış ən böyük gərginliyə şahidlik edir. Gələn məlumatlarda bildirilir ki, Rusiyanın açdığı atəş hazırda Qara dənizdə patrul xidməti göstərən “Defender” gəmisinə doğru tuşlanıbmış. Kreml baş verən təcavüzkar akta bəraət qazandıraraq deyib ki, bu gəmi Rusiya sularına girib. Amma Böyük Britaniya həmin iddianı təkzib edir.
Sözügedən sahil xətti əsl həqiqətdə Rusiyaya məxsus deyil, ”Defender” esminesi Krım yarımadasının sahil zolağı boyunca üzüb. Beynəlxalq qanunlara əsasən bu ərazi Ukraynanın ayrılmaz hissəsi hesab olunur. Deməli, müvafiq surətdə də bu sular Moskvaya yox, Kiyevə məxsusdur.
Böyük Britaniya Hərbi Dəniz Donanması hələ ki, ”Defender”in Qara dənizdə nə etdiyi barədə məlumat verməyib, yalnız o deyilib ki, bu gəmi Britaniyanın Aralıq dənizindəki zərbə qrupundan ayrılaraq xüsusi missiya yerinə yetirmək üçün Qara dənizə yollanıb.
Belə ehtimal olunur ki, ”Defender”in qarşısına qoyulan tapşırıq işğal olunmuş sahil xəttinin Rusiya tərəfindən necə qorunmasını yoxlamaqdan ibarətdir. Əslində, Kreml də buna bənzər hərəkətlər edir. Onlar özlərinin köhnə strateji bombardmançı təyyarələrini Britaniyanın hava məkanına yollayırlar. Rusların buradakı başlıca məqsədi onları yaxalamaq üçün Britaniya Hərbi Hava Qüvvələrinin nə qədər vaxt sərf edəcəyini öyrənməkdir.
Qara dəniz regionu müəyyən strateji əhəmiyyət kəsb edir, NATO-nun iki müttəfiqi (Rusiyanın düşmənləri) Ukrayna və Gürcüstan orada yerləşır. Böyük Britaniya həmişə Kremlin sevimli hədəfidir, ancaq Britaniya gəmisinə tərəf atılmış mərmilər barəsində saxta xəbərlər başqa həqiqətləri ört-basdır edir. Belə bir sual yaranır: Britaniyanın hərbi gəmisi Rusiyanın işğal etdiyi sahillərə necə yan ala bilib?
Ola bilər ki, Böyük Britaniya dünya arenasında öz yeri olduğunu sübut etməyə çalışır. Amma Kreml də Qərb güclərinə atəş acmağa hazır olduğunu göstərir.
Putin getdikcə güclənən daxili müxalifət və onun Gürcüstan və Ukraynadakı qanunsuz hərəkətlərinə zəif reaksiya verən Qərb qarşısında geri çəkilə bilməz.
Aydındır ki, Britaniya hökuməti Moskva ilə istənilən gərginliyin şiddətlənməsindən qaçmağa çalışacaq. Əlbəttə, hər hansı atışma və hətta itkilər avtomatik olaraq birbaşa açıq müharibənin başlamasına gətirib çıxarmayacaq. Ancaq indiki hadisə göstərir ki, ikinci “soyuq müahribə” hipoteza deyil və demək olar ki, o, artıq başlayıb”.скачать dle 12.1