Bia.Az

MAHMUDOV-USUBOV-SEYİDOV ÜÇLÜYÜNÜN BİRGƏ "DÖVLƏT ÇEVRİLİŞİ" ƏMƏLİYYATI... - Avropa Məhkəməsindən sənədlər necə oğurlatdırılıb? (II HİSSƏ)

Gündəm
 2-05-2021, 15:36     555

Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna qədəm basandan sonra səs-küylü və qondarma cinayət işləri adi hala çevirildi. “Mahmudovçu”ların “istintaq” adı altında törətdiyi cinayətlərin əksəriyyəti bu gün də araşdırılmamış qalıb.

Eldar Mahmudovun istintaqçıları 2007-ci ilin yanvarında onu və 14 gənci həbs edib, ictimaiyyətə “terrorçu qrup”un ifşası haqda rəsmi məlumat verdilər. Bir neçə il keçəcək, məlum olacaq ki, “mahmudovçu”ların özləri terrorçu qrupdur.  Səid Dadaşbəyli Müsavat.com-a həbsi və sonra baş verənlər haqda danışıb. O, bildirib:


“Həmin sənədləri hansısa yollarla Avropa Məhkəməsindən oğurlatdırıblar!”
- Cəzaçəkmə müəssisəsində bütün bu işləri öyrənəndən sonra, Mikayılla mən Avropa Məhkəməsinə hərəmiz on kilodan çox sənədlər hazırladıq. Mikayılın sənədləri MTN-nin tələlərinə görə təbii ki, gecikdirildi. Mənim sənədlərim isə güc-bəla ilə Kanada üzərindən gedib Avropa Məhkəməsində çatdı. Bu gün o sənədlərin heç biri orda yoxdur. Həmin sənədləri hansısa yollarla Avropa Məhkəməsindən oğurlatdırıblar!
Avropa Məhkəməsi 2020-ci il dekabrın 3-də işimlə bağlı qərar verirdi. Mən o qərarı oxuyandan sonra havalandım. Çünki qərarda yazılanlardan elə çıxır ki, orda heç bir sənədim yoxdur! Hansını ki, biz göndərmişik. İşimiz üzrə Avropa Məhkəməsi çox dəhşətli mövzudur. 

Cəmiyyətin bu məsələdən xəbəri yoxdur. Məsələ bundadır ki, biz ora bütün sənədləri göndərmişdik. O vaxt sənədləri yollamaq çox çətin idi, demək olar ki, mümkün deyildi. Yoldaşım Kanadaya getdi, bizim ailənin Kanadada PMJ-si (daimi yaşayış yeri) var idi. Kanadanın vasitəsi ilə sənədləri Strasburqa göndərdi. O zaman vəkilimiz yox idi. Ona görə də şikayəti özümüz yazırdıq. Vəkillərin çoxu bizdən qaçırdı, bizdən qorxurdu, bizə ancaq “zaverbovannı”lar yaxınlaşırdı.
“Allah elə bil orda bizə bərəkət vermişdi”
Cəzaçəkmə yerində Mikayılla zalda oturub həbsdə olan 2-3 vəkillə məsləhətləşirdik. Allah elə bil orda bizə bərəkət vermişdi. Bir yəhudi vəkil var idi həbsdə. İspaniya vətəndaşı idi və özü də həbsə qədər Strasburqda işləmişdi, çox professional şəkildə Avropa Məhkəməsinə şikayət yaza bilirdi. 
İxtisasca iqtisadçıyam, həbsə düşənə qədər hüquqi savadım ibtidai səviyyədə idi. İş üzrə Ali Məhkəməmiz bitəndən sonra “zon”da işimin üzərində hüququ da öyrəndim. İlk vaxtlar ümümiyyətlə bilmirdik ki, bunlar niyə görə bizi həbs ediblər. Əvvəldən bunu bilmirdik, dərk etmirdik. Həmin o vəkil və başqa vəkillərin vasitəsi ilə biz “zon”da işimizi oxuya-oxuya, elə bil dərs keçirdik.
“Yəhudi vəkil o əlyazmanı görəndə dedi ki...”
Problem onda idi ki, bizə kömək edən yəhudi vəkil heç rus dilində fərli danışa bilmirdi. Mən, Mikayıl İdrisov, Emin “bisedka”da oturub sənədlərimizi qabağımıza qoyub həmin o vəkillə işləri öyrənməyə başladıq. Yəhudi vəkil bizə Avropa Məhkəməsinə göndərilən iş necə yazılmalıdır, onu öyrətdi. Biz işin mahiyyətini dərk etdikcə şoka düşürdük ki, bunlar bizi nədə ittiham ediblər. Buna qədər demək olar ki, 99 faiz heç bilmirdim ki, hansı maddələri veriblər. İşin hüquq tərəfinin dərinliyini anlamırdım. Cinayət Prosessual Məcəlləsini mən hardan bilirəm? 
Bunları hamısını mənə həmin o adam öyrətmişdi. Bu adam orda insanlara kömək edirdi. İndi rəhmətə gedib, Allah ona rəhmət etsin. Biz barəmizdəki hökmləri rus dilinə, sonra da ingilis dilinə tərcümə etmişdik. Özümüz, heç kimsiz etmişdik. 15-ci “zon”da, qışın günü soyuqda iki-üç corab geyinirdik, mən, Mikayıl, Emin səhərdən axşama qədər tərcümə edirdik. Ancaq yemək yeməyə gedirdik. İşimizi öyrənəndən sonra, araşdırandan sonra, tərcümə edirdik. Həmin günlərdə vəkilim Elçin Qəmbərov Avropa Məhkəməsinə yazdığı bir əlyazma gətirmişdi. Yəhudi vəkil o əlyazmanı görəndə dedi ki, bu kağız ora getsə, Avropa Məhkəməsində deyəcəklər ki, hələ sizə az cəza təyin olunub!
“Elçin Qəmbərov rəisin yanında açıq dedi ki, məni təhdid edirlər”
Onun yazdığı şikayət birbaşa biabırçılıq idi. Elçin Qəmbərov bilirdi ki, hüquqdan anlayışım ibtidai səviyyədədir. Ona görə də belə bir çox səviyyəsiz bir şikayət yazmışdı. 

Heç ağlına gəlməzdi ki, mən “zon”da birbaşa Avropa Məhkəməsi ilə işləmiş vəkillə tanış ola bilərəm və o, mənə Avropa Məhkəməsinə şikayət yazmağın bütün detallarını öyrədər. Əlyazma ilə bağlı fikirlərimi deyəndə, o dəhşətə gəldi ki, mən bunları hardan bilirəm. 15-ci “zon”un rəisinin otağında Elçin Qəmbərovu ciddi şəkildə sıxışdırdım. Dedim, siz mənə kişi kimi deyin, kişi kimi, məndən böyüksüz, amma siz, sizin bu yazdıqlarınız sırf ittihamın xeyrinədir. Bilirsiniz ki, bu ittiham qondarmadır. Elçin Qəmbərov rəisin yanında açıq dedi ki, məni təhdid edirlər. Mənə deyiblər ki, sən belə etməsən, oğlunu institutdan çıxardacağıq, özünün də başına oyun açacağıq. Rəisin otağında üzbəüz oturmuşduq, ona qarşı nə ediblərsə, hamısını dedi. Ondan sonra çıxıb getdi, bir daha gəlmədi, müqaviləni pozdum!
Sonradan bildim ki, bizimkilər ona 5 min pul veriblər. Mən nə bilim bu pullar alır, mənimsəyir, hoqqalar çıxardır, MTN-ə işləyir!”.
“Almaniyada yaşayan vəkil evində məktub yazıb qoymuşdu ki, Səid Dadaşbəyli müştərim olduğuna...”
Səid Dadaşbəyli milliyyətcə alman olan, Almaniyada yaşayan vəkilinə də təzyiqlər olduğunu, nəticədə vəkilinin Almaniyadan qaçdığını açıqlayıb:
-Müəyyən vaxtdan sonra biz Almaniyada tanıdığımız adam vasitəsi ilə vəkil tapıb müqavilə imzaladıq.

Professor Ulrik Somer (http://www.dr-sommer.de/ru/) hətta bir dəfə Bakıya da gəldi. Müəyyən vaxtdan sonra həmin vəkilə də MTN-dən təzyiqlər başladı. Almaniyada yaşayan vəkil evində məktub yazıb qoymuşdu ki, Səid Dadaşbəyli müştərim olduğuna görə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən mənə çıxıblar və məni, ailəmi təhdid edirlər. 
Məktubu stolun üstünə atıb qaçmışdı: “Xahiş edirəm, məndən uzaq saxlayın bu işi” yazmışdı. Elçin Qəmbərov isə Azərbaycanda yaşayır və onların əli ona daha rahat çatırdı. Bu gün Azərbaycanda olan vəkillərin 99 faizi poçtalyondur, qalan 1 faiz də heç nəyi həll etmir. Alman vəkilin bu hərəkətləri məni şoka saldı.
“Avropa Məhkəməsindən şikayətimiz sadəcə necəsə götürülüb, oğurlanıb”
O, işi apara-apara həddən artıq çox susurdu. Onlar Avropa Məhkəməsinə göndərdiyim 10 kilodan artıq şikayəti hansısa yolla yoxa çıxarıblar. Bunu necə ediblər, bilmirəm. Biz şikayəti Avropa Məhkəməsinə vəkil vasitəsi ilə göndərməmişik.
Avropa Məhkəməsindən şikayətimiz sadəcə necəsə götürülüb, oğurlanıb. Bunu ya vəkil edib, ya da MTN-çilər. Halbuki biz şikayətimizdə işgəncələri detallı göstərmişik. Bu gün iş Avropa Məhkəməsində yoxdur!
“10 kilodan artıq sənəd hardadır? Hara yoxa çıxıb?”
Ona görə də 2020-ci il dekabrın 3-də verilən Avropa Məhkəməsinin qərarında yalnız məni MTN-də kamerada saxlamaqları qanunsuz hesab edilib. Qərarda bizə qarşı ədalətsiz məhkəmə aparılması, işin özü barəsində, işgəncələr barədə heç bir şey yoxdur!

Məgər mən 12-13 il gözləmişəm ki, yalnız qəti imkan tədbiri ilə bağlı qərar verilsin? 10 kilodan artıq sənəd hardadır? Hara yoxa çıxıb? Bu adamlar Avropa Məhkəməsini də ələ keçiriblər. İşimi həmin bu vəkilin vasitəsi ilə necəsə darmadağın ediblər. İndi mən də istəyirəm bu vəkillə məşğul olum. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi necəsə ona çıxıb, nə isə təklif ediblər. O da rüşvətxordur, görünür, aldanıb. Mən belə düşdüm ki, vəkilə böyük hədiyyələr veriblər ki, işi ört-basdır etsin. 
(ardı var)скачать dle 12.1