Bia.Az

Rusiya Krımda yeni hərbi düşərgə salır – “Şpigel”

Gündəm
 20-04-2021, 01:46     248

Almaniyanın “Şpigel” (“Der Spiegel”) jurnalında Rusiyanın Ukrayna ilə sərhədə minlərlə hərbçi topladığı və ilhaq etdiyi Krım bölgəsində böyük hərbi düşərgə saldığı barədə yazı dərc olunub.

Novator.az-ın məlumatına görə, “Rusiya Krımda yeni hərbi düşərgə salır” başlıqlı yazıda deyilir ki, “Şpigel”in əldə etdiyi peyk görüntüləri Rusiyanın Krım yarımadasının şərqində yeni nəhəng hərbi düşərgə saldığını üzə çıxarıb: “Rusiya Qara dəniz sahili yaxınlığında yerləşən Marfovka kəndinin 30 kilometrliyində hərbi baza yaradıb. Martın 15-də bu ərazi bomboş idi. Aprelin 2-dən isə orada çoxlu iri maşın və tikililər gözə dəyməyə başlayıb.

Aprelin 13-dən sonrakı peyk görüntüləri ərazinin hasara alındığını, hasarın içərisində yaşayış binalarının tikildiyini və mindən çox hərbi texnikanın sırayla düzüldüyünü aşkarlayıb. Bu iri düşərgənin qərb hissəsində daha bir kiçik düşərgə salınıb”.
Yazıda deyilir ki, ötən həftə Rusiya Ordusunun ölkənin cənub-şərqində yerləşən, bir milyon əhalisi olan Voronej şəhəri yaxınlığında da müvəqqəti baza yaratdığı üzə çıxıb. Həmin bazanın yerini “Conflict İntelligence Team” təşkilatının analitiki Ruslan Leviyev sosial şəbəkədə yayılan görüntülər əsasında müəyyən edə bilib. Daha sonra “Şpigel”in redaksiyası bazadakı tikinti-quruculuq işlərinin canlı müşahidəsinin aparılmasını təşkil edib. Bazaya ayrı-ayrı bölgələrdən zirehli texnika və yük maşınlarının gətirildiyi bildirilir.
Ruslan Leviyev ötən həftə “Şpigel”ə açıqlamasında Rusiyanın başqa ərazilərdə, o cümlədən Krımda hərbi düşərgələr salmasından şübhələndiyini də demişdi. Onun sözlərinə görə, Rusiya heç Krımı ilhaq etdiyi 2014-cü ildə də Ukrayna sərhədləri yaxınlığına bu qədər qoşun yığmamışdı.
Analitik hesab edir ki, indi Rusiyanın əsas məqsədi öz hərbi gücünü nümayiş etdirməkdir.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.


BİA.AZ
скачать dle 12.1