Bia.Az

Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...

Gündəm
 20-04-2021, 01:38     58

Bir neçə gün öncə Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda səfərdə olarkən maraqlı epizod danışdı. O bildirdi ki, vaxtilə Prezident İlham Əliyev Qarabağ məsələsinin dinc yolla həll edilməsi üçün onun vasitəsilə Ermənistana pul təklif edib. Xatırladaq ki, ötən il Ermənistanda Lukaşenko ilə keçmiş prezident Serj Sərkisyan arasında 2016-cı ilin oktyabrında KTMT sammiti zamanı baş tutmuş söhbətin səs yazısı yayılmışdı. Həmin söhbətdə Lukaşenko bildirdi ki, Əliyev ətraf rayonların azad edilməsinə görə Ermənistana 5 milyard dollar investisiya təklif edib.

Lukaşenkonun Bakıda “Qarabağı pulla almaq” söhbətini açmasını müxtəlif politoloqlar müxtəlif cür yozurlar. Batkanın bu məsələni ictimaiyyətləşdirilməsini rusların Azərbaycana “pərdəarxası məsələləri aça bilərik” şantajı kimi yozanlar da var, səmimiyyət adlandıranlar da. Hər halda Qarabağın başında bu qədər qara qarğalar uçuşurkən səmimiyyətə inanmaq bir az çətindir. Səfərin Belarusun siyasi-iqtisadi hədəflərinə hesablanan tərəfləri məlumdur, amma, Lukaşenkonun səfərdən dərhal sonra Putinə zəng etməsi və hesabat verməsi maraqlı suallar yaradır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu ilə bu səfər, Rusiya-Azərbaycan münasibətlərində yaranmış yeni mərhələlər barədə danışmışıq:
Elxan Şahinoğlu Elxan Şahinoğlu- Elxan bəy, bu səfər sırf dostluq səfəri idi, yoxsa Batkanı Putin göndərmişdi? Biz Belorusa, yoxsa Belorus bizə lazımdır?
- Belarus prezidentinin savaşdan sonra Azəraycana səfərini dostluq mesajı kimi qiymətləndirirəm. Əməliyyatlar dövründə də biz Belorusun dəstəyini hiss etdik. Bizim üçün vacib olan “Polonez” silahlarını Belarusdan almışdıq. Hardan baxsaq, əlaqələrimiz artan xətlə inkişaf edir. Elə bil beynəlxalq məsələ yoxdur ki, bizim bununla bağlı fikir ayrılığımız olsun. Azərbaycan Belarusa ona görə lazımdır ki, biz ona neft veririk, kredit veririk. Bizim onun hərbi texnikasına, silahlarına ehtiyacımız var.
- Lukoşekonun səfərdən dərhal sonra Putinə zəng vurub müzakirələri şərh etməsi nə demək idi?
- Müxtlif mövzular müzakirə olunub, o cümlədən Qarabağ məsələsi. O Bakıda olarkən vurğuladı ki, Ermənistanla da münasibətləri pis deyil və vasitəçi rolu oynaya bilər. Belarus prezidenti üçüncü şəxs qismində Rusiya ilə aramızda yaranmış “ İskəndər” böhranında töhfə verə bilər. Prezidentin çıxışından belə məlum oldu ki, o Putinlə telefonla danışmış olsa belə, cavabdan məmnun qalmayıb, aydınlıq gətirilməyib. Bu anlamda açıq deyilməyən mesajları vasitəçilər səsləndirə, körpü rolu oynaya bilərlər.
- Bəs sizcə o “Qarabağ üçün 5 milyon verilmə cəhdi” söhbətinə niyə toxundu?
- Lukoşenko ötən il bu səs yazısına münasibət bildirməmişdi. Bakıda olarkən bu barədə danışıb aydınlıq gətirmək istədi. Məqam idi. O həm də demək istəyirdi ki, bu sirr deyil. Əslində bu məqamda sirr deyiləcək də bir şey yoxdur. Azərbaycan Prezidenti öz xalqını düşünərək problemi sülh yolu ilə həll etmək üçün təklif irəli sürüb. Vətəndaşlarını qorumaq üçün maliyyə təklif edib. Təqdirəlayiq addımdır. Buna razılıq verməyincə biz torpaqlarıızı müharibə ilə almalı olduq. Biz yenə həmin məqama gəlməli olduq. Yenə investisiya qoyuruq, sülh təklif edirik. Öncədən razılaşsaydılar, bu qədər insan itkisi olmazdı.
- Maraqlıdır ki, Rusiyanın müdafiə naziri Şoyqu bu günlərdə dedi ki, Ermənistan Rusiyanın tək müttəfiqidir.
- Peterburqda Matviyenko da dedi ki, İlham Əliyev Rusiyanı öz strateji müttəfiqi adlandırıb. Harda və nə zaman adlandırıb? Öncə suallarımıza cavab verin, “İskəndər” məsələsinə aydınlıq gətirin, sonra strateji əməkdaşlıqdan danışın. Siz bizim düşmənin də strateji müttəfiqisiniz, o zaman bizim necə müttəfiqimiz ola bilirsiniz? Bizi KTMT-yə üzv olmağa çağırırdılar. İki düşmən dövlət necə bir blokda birləşə bilər? Şoyqu üstəlik dedi ki, biz BMT-yə müraciət etmişik. Minalardan təmizlənmə üçün bizə kömək etsinlər. Sən bizim ərazimizə BMT-ni çağırmaq üçün bizdən icazə almısanmı? İkincisi, BMT mina təmizləyəndirmi? Necə olur Qarabağda minaya ancaq azərbaycanlılar düşür? Onlar  yaralanmır. Deməli, mina xəritələrini Ermənistan onlara verib və ona görə rahat-rahat tikinti işləri aparırılar. Biz bu gün əmin deyilik ki, təmizlənmiş əraziləri orada yenidən özləri minalamırlar. 4-5 aydır biz mina xəritəsi deyirik, onlar "əsirləri qaytarın" deyib nağıl danışırlar. Rusiya da bu xəritələri bilir və bizə vermir. Rusiya həmişəki kimi ikili oyun aparr. Həmsədrlərin bəyənatına Rusiya da qoşulmaqla guya özünü elə göstərdi ki, regionda ABŞ-la həmfikirdir. Halbuki aralarında böyük gərginlik var. Bununla məqsəd ABŞ və Fransadanın köməyindən istifadə, Türkiyənin bölgədəki rolunu azaltmaq istəyidir.

BİA.AZ
скачать dle 12.1