Bia.Az

“Vaşinqton Post”: Putinin zəifliyi üzə çıxdı

Gündəm
 30-01-2021, 13:43     471

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Rusiyalılar Vladimir Putinin zəifliyini üzə çıxardılar” başlığı altında redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərərk oxucuların diqqətinə çatdırır.
Qlobal miqyasda güclənən Rusiya prezidenti Vladimir Putin tez-tez XXI əsrin avtokratiya modelinin əsas memarlarından biri kimi qələmə verilir, baxmayaraq ki, demokratiya Amerikada və başqa ölkələrdə də büdrəyir.

Amma ötən şənbə Rusiyada baş verənlər Putinlə bağlı düşüncəni təkzib etdi. On minlərlə insan şaxtalı havaya və çevik polis alayına məhəl qoymadan yüzdən çox şəhərdə Putin rejiminə qarşı etirazlara qalxdı. Rus diktatorun tezliklə devrilmə ehtimalı az olsa da, iğtişaşlar hakimiyyətin çürük təməllərini və demokrat rəqiblərə fürsət açdığını ortaya qoydu.

Putinin zəifliyi ötən ilin avqustunda onun agentlərinin zəhərlədiyi, amma bu hadisədən salamat qurtarıb düşmənindən qisas almaq üçün vətəninə dönən Aleksey Navalnının zəkası və heyrətamiz cəsarəti sayəsində üzə çıxdı. Gözlənildiyi kimi, 44 yaşlı fəal dərhal həbs olundu. Ancaq Putin, şübhəsiz ki, bundan sonra baş verənləri ağılına gətirməmişdi. Navalnının nümayişlərə çağırışlarından sonra Putinin korrupsiya əməllərini ifşa edən, onun Qara dəniz sahilində gizlicə tikdirdiyi Versal sarayı boyda sarayını göstərən 112 dəqiqəlik bir video yayımlandı. Video artıq “Youtube” kanalında on milyonlarla baxış toplayıb və əvvəllər heç vaxt Putinə etiraz etməyən minlərlə rusiyalını da ayağa qaldırıb.
Rus müşahidəçilər söyləyirlər ki, Moskvada meydana toplaşanların çoxu (“Reuters” agentliyi onların sayının 40 min nəfər olduğunu xəbər verib) əvvəlki kimi Putinin oğurladığı seçkilərə və konstitusiyaya düzəlişlərinə etiraz edən savadlı liberallar deyil. Onların çoxu gənclərdi və bəziləri polislə savaşa girirdi. Məqsədləri ədalətli seçki tələb etmək deyildi, illərdir iqtisadi durğunluğa və COVİD-19 pandemiyasına qarşı zəif tədbirlərinə görə reytinqi aşağı düşən Putini devirmək idi. Onlar elitanın korrupsiyasını ən ciddi problem kimi görən Navalnıya inanırlar.
Putin Navalnını seçkilərdən qıraqda qoyur, onun adını dilinə gətirmir, onu əhəmiyyətsiz biri kimi göstərməyə çalışır. Sonra xüsusi xidmət orqanının casuslarını göndərib qadağan olunmuş kimyəvi silahla onu zəhərləyib öldürməyə çalışır.

Rusiyadakı mitinqlərdən iki gün sonra Putin özünü müdafiə etməyə cəhd göstərdi, Qara dəniz sahilində yerləşən sarayın ona və ya yaxınlarına məxsus olduğu iddiasını qəti şəkildə inkar etdi. Dərhal dövlət televiziyası birdən-birə diqqəti Navalnıya yönəltdi, onu Qərb maraqlarının əlində vasitə adlandırdı.

Əslində, Navaln çətin ki, Qərb yönümlü olsun. Amma hər halda o, Rusiyada demokratik dəyişikliklər həyata keçirmək istəyir. 2019-cu ildə yerli seçkilərdə o, müxalif namizədləri məharətlə təşkilatlandıra bilmişdi. Navalnı Qərb hökumətlərinə Putinin avtokratiyasına qarşı yerli və güclü bir müqaviməti dəstəkləmək fürsəti verir. İnsafən Bayden administrasiyası və Avropa Birliyi açıq şəkildə Navalnını müdafiə edib, onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb.

Söz əməllə müşayiət olunmalıdır. Putin rejiminin Navalnının həbsinə və etirazçılara zor tətbiq edilməsinə görə məsuliyyət daşıyan bütün təmsilçilərinə sanksiya qoyulmalıdır. ABŞ-ın, Böyük Britaniyanın və digər ölkələrin maliyyə sektoruna rəhbərlik edənlər Rusiyadan oğurlanıb Qərbdə banklara və daşınmaz əmlaka yatırılmış vəsaitləri müəyyənləşdirməli və mümkünsə dondurmalıdır. Bu yalnız Navalnı hərəkatı üçün deyil, eyni zamanda demokratiyanın avtokratiya ilə mübarizədə taleyüklü qələbəsi üçündür.

BİA.AZ
скачать dle 12.1