Bia.Az

RAMİZ MEHDİYEVİN AİLƏ BİZNESİNDƏN MİLYONLARIN OĞURLANDIĞI ORTAYA ÇIXDI - Oğlu və kürəkəni məhkəməyə müraciət edib...

Gündəm
 29-01-2021, 20:08     145

AMEA prezidentinin general oğlu 4 milyon dolları, deputat olmuş kürəkəni 3,5 milyonu haradan ədə edib?

"Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun həbs edilməsinin səbəbi bəlli olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib. Bunu Rasim Məmmədovun vəkili də mətuata açıqlamasında təsdiqləyib.

"AzPolitika.info" xatırladır ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Adam uzun illərdir əsas himayədarı, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevə güvənərək, ölkənin metallurgiya, armatur bazarında sözün əsl mənasında at oynadıb, nə mətbuat sayıb, nə qanun, nə məhkəmə.

Onun öz ağasına arxalanaraq, həmin sahədə çalışan çoxlu sayda sahibkarlara, eləcə də məşhur Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodları zor gücünə alması kimi harınlamış əməlləri heç kimə sirr deyil.



İndi məlum olur ki, bu adam təkcə iş adamlarını deyil, öz himayədarlarını da “fırladıbmış”. Əslində, bu məlumatın üzərindən “oğrudan oğruya halaldır” deyib keçmək olardı...

Lakin söhbətin uzun illər Azərbaycanın icra hakimiyyəti sisteminin başına ip salıb fırlayan, onu ən korrupsiyalaşmış, xalqdan, millətdən uzaq bir idarəçilik strukturuna çevirmiş və bu gün də öz ambisiyalarından əl çəkməyən, kimə və nəyə xidmət etdiyi əslində bəlli olan, ancaq elan edilməyən AMEA prezidenti Ramiz Mehdiyevdən getdiyini nəzərə almamaq olmur.

Bu məlumat bir daha göstərdi ki, Ramiz Mehdiyevin özü, Fövqəladə Hallar nazirinin müavini, general-mayor rütbəsi daşıyan oğlu və iki çağırış millət vəkili olmuş kürəkəni Azərbaycan iqtisadiyyatını məhv edən inhisraçılığın, məmur oliqarxiyasının “ən parlaq” nümayəndələrindəndirlər. Onların iddia qaldırdıqları məbləğlərə baxın – 4 milyon və 3.5 milyon dollar. Soruşan varmı ki, haradandır bu pullar?



Ramiz Mehdiyevin kürəkəni 2010-cu ildən 2020-ci ilə qədər millət vəkili olub. Deməli, bizneslə məşğul olmağa qanunla ixtiyarı olmayıb. Deputat maaşı ilə milyonlar toplamaq üçün yemədən, içmədən bir neçə ömür yaşamaq lazımdır. Deməli, belə çıxır ki, həmin bu İ.Əliyev sözügedən məbləği ya deputatlıqla vidaşladığı qısa müddətdə, ya da deputat olmazdan əvvəl “qazanıb”. Bəs, görəsən, bu qədər pulun haradan, hansı biznesdən əldə edildiyinə, onun vergisi, maliyyə hesabatına dair hansısa rəsmi sənəd, məlumat varmı? Əlbəttə ki, yox!

Onu da nəzərə almaq lazımdır ki, adətən bu ranqlı məmur və deputatlar yalnız bir bizneslə məşğul olmur və sözsüz ki, İ.Əliyevin Rasim Məmmədovda batan milyonları onun varidatının heç də ən böyük hissəsi deyil.



Yaxud, olsun R.Mehdiyevin general oğlu. Əgər yayılan məlumat həqiqətdirsə, deməli 45 yaşlı T.Mehdiyev də İ.Əliyev kimi qanunsuz yolla külli miqdarda vəsaitə sahib olub. Onun tərcümeyi-halına nəzər yetirsək, görürük ki, bu general rəsmən yalnız dövlət vəzifələrində işləyib. 

Gah bir, gah digər nazirlikdə, yaxud xidmətdə müavin vəzifəsini daşıyıb. İndi də Kəmaləddin Heydərovun müavinidir. Bu vəzifələrdə də rəsmi dövlət maaşı deputat maaşından azdır ki, çox deyil. Belə olan halda, 4 milyon dolları necə əldə etmək olar?

Ümumiyyətlə, adının hansısa biznesdə, çirkli pullarda, maxinasiyalarda hallanmasını, milyonlarla dollara sahib olduğunu və onun da bir hissəsinin oğurlandığını etiraf edib bundan polisə şikayət etməyi bir Azərbaycan generalı mundiri daşıyan şəxs özünə necə yaraşdıra bilər axı? İndi bu adama da general deyək, səngərdə şəhid olan Polad Həşimova da?...

Ümumiyyətlə, deputat hara, general hara, armatur, metal istehsalı və alverilə məşğul olmaq hara?

Axı, Tağı Əhmədovla eyni bezin qırağı olan bu adamlar külli miqdarda çirkli pula malik olduqlarını etiraf edəcək və onun oğurlanmasına görə rəsmən hüquq-mühafizə orqanlarına müraciət edəcək cəsarəti haradan alırlar? Bəlkə buna görə onlara heç kimin “gözün üstə qaşın var” deməyəcəyinə əmindirlər?...

Sonda qeyd edək ki, böyük ehtimalla Rasim Məmmədovun Ramiz Mehdiyevin ailə biznesindən oğurladığı real məbləğ yeznə-qayının rəsmən etiraf etdiyi 7-8 milyon dollardan qat-qat çoxdur. Sadəcə, həmin məbləği olduğu kimi göstərməyin “ağ olacağı”nı anladıqları üçün rəqəmi kiçildiblər...

BİA.AZ
скачать dle 12.1