Bia.Az

“NƏ ŞURNUX-ŞURNUX SALMISINIZ?...” – Paşinyanı gün keçdikcə cəsarətləndirən nədir və Ermənistanı nə gözləyir?

Gündəm
 22-01-2021, 11:36     332

Müharibənin bitdiyi tarixdən daha çox vaxt ötdükcə, Ermənistanın Baş naziri Nikol Paşinyan da “özünə gəlməyə”, daxili siyasi arenada qətiyyətli açıqlamalar verməyə başlayır. Hazırda Ermənistanın siyasi gündəmində Baş nazirin parlamentin son iclasındakı çıxışı əsas müzakirə mövzusudur. 

Həmin çıxış bir daha göstərir ki, müharibənin bitdiyi ilk günlərdə 10 noyabr sazişini imzaladığı üçün çox böyük təzyiqlə üzləşən Paşinyanla bugünkü Paşinyan arasında artıq kifayət qədər böyük fərq var.
“Deyirlər ki, indiki hakimiyyət özünü tükəndirib. Yaxşı, onda biz növbədənkənar seçki təklif edirik, görək kim doğrudan da tükənib...” Paşinyanın parlamentin son iclasındakı bu fikri bir tərəfdən onun ölkə daxilində öz siyasi gücünə inamı, digər tərəfdən isə əhalinin hazırkı Ermənistan müxalifətinə münasibətindən qaynaqlanır. 
Əslində, növbədənkənar seçki təklifilə Paşinyan Ermənistan müxalifətinin bütün ittiham və iradlarına məntiqli cavab vermiş olub: “Bunu nə siz (müxalifət-red.), nə də biz yox, xalq həll etməlidir. Biz deyirik ki, gəlin oturaq və yeni növbədənkənar parlament seçkisinin tarixini müəyyən edək, lakin müxalifət imtina edir...”

Paşinyan bu gedişlə növbədənkənar seçkinin tarixinin hakim siyasi koalisiya tərəfindən müəyyən ediləcəyini bildirib və müxalifətə xitabla deyib: “Sonra şikayət etməyin ki, bizdən niyə soruşmadınız!”
Qeyd edək ki, Ermənistan konstitusiyasına görə, növbədənkənar seçki keçirilməsi üçün əvvəlcə baş nazir istefa verməlidir. Bundan sonra parlament yeni baş nazir seçməyə cəhd etməlidir. Əgər hər iki səsvermədə yeni baş nazir seçilmirsə, o zaman növbədənkənar parlament seçkisi elan olunmalıdır. 
Nəzərə alsaq ki, hazırkı parlamentdə Paşinyanın başçılıq etdiyi hakim blok tam üstünlüyə malikdir, o zaman asanlıqla bu ssenarini gerçəkləşdirmək mümkün olacaq. Yəni deputatların əksəriyyəti Paşinyana rəqib olacaq heç bir namizədə səs verməyəcək və növbədənkənar seçki elan olunacaq. 
Məntiqlə, hakimiyyətin istefasında maraqlı olan müxalifət bu ssenari ilə razılaşmalıdır. Lakin reallıqda bunun əksi müşahidə olunur. Ona görə də Paşinyan parlament tribunasından açıq şəkildə müxalifəti qorxaqlıqda, öz gücünə inanmamaqda itiham edib və əslində buna tam haqqı da çatır. Elə müharibə bitən gündən başlayaraq İrəvanın mərkəzində hökumətin istefasıyla bağlı keçirilən aksiyalar da göstərdi ki, müxalifətin tərəfdarları çox deyil və onların sırası getdikcə seyrəlir...

Paşinyan deputatlar qarşısında çıxışı zamanı müxalif millət vəkillərinin suallarını da cavablandırıb. Sünikin (Zəngəzur-red.) Azərbaycanla sərhədinin dəqiqləşdirilməsi nəticəsində bir neçə kəndin və ərazilərin Azərbaycan tərəfinə keçməsinə, xüsusilə Şurnux kəndiylə bağlı ittihama cavab verən Paşinyan, deyib: “Nə Şurnux-Şurnux salmısınız?! Siz qərar vermisiniz ki, kəndin, yaxud ərazinin o biri tərəfi Azərbaycandır. Bunun lehinə səs verəndə fikirləşməmişdiniz? Səs verməyəydiniz. Deyirdiniz ki, orada “Horadiz icması”dır, ora “Dağlıq Qarabağdır!”
Qeyd edək ki, burada söhbət 2010-cu ildə Ermənistan parlamentinin ölkənin inzibati bölgüsü ilə bağlı qəbul etdiyi qanundan gedir. Həmin qanunda Ermənistanın sərhədləri müəyyən edilərkən, bu gün Şurnux da daxil olmaqla, Azərbaycan tərəfinə keçən ərazilər Ermənistanın yox, qondarma “Dağlıq Qarabağ”-ın ərazisi kimi göstərilib

Yəni bir növ Ermənistanın qondarma respublika ilə sərhədləri müəyyən edilib, bu günsə həmin sərhədlər Azərbaycanla Ermənistanın sərhədi olub. Paşinyan da həmin vaxt hakimiyyətin nə zamansa bu sərhədin yenidən Azərbaycan-Ermənistan sərhədi olacağını qanmamaqda günahlandırır. 
Qeyd edək ki, bu qanun sabiq Prezident Serj Sarqsyanın partiyasının üstünlük təşkil etdiyi parlament tərəfindən qəbul olunub. Paşinyan da indi həmin qanunu hazırda parlamentdə müxalifəti təşkil edən Sarqsyan tərəfdarlarının “başına çırpır”.
Müxalifətin Azərbaycan tərəfində “əsirlikdə olan” ermənilərlə bağlı ittihamlarına cavab olaraq isə Paşinyan deyib ki, Azərbaycanda həmişə erməni əsirləri olub. Lakin əvvəlki hakimiyyətlərin dövründə bu məsələ belə sərt şəkildə qoyulmayıb və buna görə hakimiyyətin istefası tələb olunmayıb. 
İndi isə müxalifət “əsir məsələsi”ndən ona qarşı təzyiq və siyasi dividend qazanmaq üçün alət kimi istifadə edir. Baş nazir bildirib ki, bu spekulyasiyalarla müxalifət həmin ermənilərin həyatını təhlükə altında qoyur və onların qaytarılmasına maneə yaradır.

Parlamentin son iclasında maraqlı məqamlardan biri də müxalifət təmsilçilərinin Azərbaycan Prezidentinin Paşinyanın ünvanına səsləndirdiyi ifadələrə, təhqirlərə onun niyə cavab vermədiyinə dair suallar verməsi olub. Paşinyan İlham Əliyevə cavab verməməsini Azərbaycan tərəfində hələ də “erməni əsirlərinin” olmasıyla əlaqələndirib və deyib ki, hazırda “hansısa şəxsi məsələ” müzakirə olunmur.
Nəhayət, Şuşa ilə bağlı qaldırılan məsələyə münasibət bildirən Paşinyan çəkinmədən deyib: "Əhalisinin 90%-dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa-red.) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?" 
Göründüyü kimi, erməniləri bu müharibədə ən çox “yandıran” və onların kapitulyasiyasını şərtləndirən əsas məqam Şuşanın işğaldan azad edilməsi olsa da, Paşinyan hətta bu mövzuda da açıq danışmaqdan çəkinməyib. Əslində bu, bir daha onun ölkə daxilində öz siyasi reytinqinə, gücünə inamından irəli gəlir. 
Deməli, Paşinyan əmindir ki, ermənilərin ən azından yarıdan çoxu onun kimi düşünür. Və bilir ki, Qarabağ münaqişəsinin uzadılması, indiyədək siyasi hakimiyyətlərin bu münaqişə üzərindən spekulyasiyalar etməsi, əvəzində milyardlara sahiblənməsi erməni əhalisini cana doydurub. 
Son müharibədə minlərlə erməninin həlak və şikəst olması isə Qarabağ mövzusunu Ermənistan əhalisi üçün ümumiyyətlə arzuolunmaz və qıcıq yaradan mövzuya çevirib. Bunu erməni valideynlərin öz övladlarının Qarabağa hərbi xidmətə göndərilməsinə qarşı aksiyalar keçirməsi də sübut edir.

Nəhayət, bugünkü Ermənistanın simasını göstərən daha bir məqam - Paşinyan hakimiyyətə gələndən sonra məhkəmələrdə və həbsxanalarda süründürülən, rəzil vəziyyətə düşən, şərəfi, mənliyi bir qara qəpiklik edilən Robert Koçaryanın durumu və əhalinin ona münasibəti. 
İki gün öncə növbəti məhkəmə prosesi keçirilən Koçaryan o günə düşüb ki, məhkəmədə prokurorla qalmaqal yaradıb. Prokuroru “Şuşanı təslim etməkdə” günahlandırıb və bununla da Ermənistanda istehza hədəfinə çevrilib. Vaxtilə milyonlarla erməninin həyatına hökm edən bu canini məhkəmədən çıxanda isə qapıda cəmi 5-10 tərəfdarı gözləyib...
Əhalinin müxalifətə münasibətilə bağlı onu da qeyd edək ki, Sünikdə (Zəngəzur-red.) Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinə dair etiraz aksiyaları keçirən yerli əhali təkcə Paşinyanı yox, sonradan müxalifətin vahid namizədi Vazgen Manukyanı da rayona buraxmayıb və onun gəlişinə etiraz edib. 
Çünki ermənilər köhnə korrupsionerlərdən və millətçilərdən ibarət olan müxalifətin nəyə qadir olduğunu və Ermənistanın bugünkü rəzil durumunda onların böyük paya malik olduqlarını da anlayır. Təbii ki, bütün bunları Paşinyan da görür və bilir ki, gün keçdikcə, onun hakimiyyətdə qalma, eləcə də istənilən seçkini udmaq şansı da artır.
Bütün bunların Azərbaycana təsirlərinə gəlincə, yəqin ki, üçtərəfli razılaşmada imzası olan, eləcə də “dəmir yumruğun” təsirini, necə deyərlər, “öz dərisində” hiss edən Paşinyan, real vəziyyəti erməni müxalifətindən daha yaxşı dərk edir. 
Əgər dərk edirsə, deməli bundan sonra revanş, xəstə millətçilik, Azərbaycanla daimi düşmənçilik və digər zərərli tendensiyaların ermənilərə neçəyə başa gələcəyini də bilir. Yox, əgər dərk etmirsə, yenə də bunun ziyanı özünə və erməni əhalisinə dəyəcək. Odur ki, Ermənistanda hakimiyyətdə kimin olması bir o qədər də fərq etmir, çünki Azərbaycan cığal və ərköyün qonşusunu necə ağıllandıra bildiyini artıq ermənilərə göstərib...
Cəlal Məmmədovскачать dle 12.1