Bia.Az

“Putin üçün saray” – Navalnının araşdırması üzə çıxıb

Gündəm
 21-01-2021, 18:18     315

Rusiyalı müxalif lider Aleksey Navalnının ölkənin Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb.

Novator.az-ın məlumatına görə, araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilir.

Araşdırma “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında həm video, həm də mətn formasında təqdim olunub.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı həmin gün paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.
Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
Yanvarın 17-si Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.
“Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” araşdırması (həm videou, həm də mətn) əvvəlcədən nəzərdə tutulduğu kimi Navalnı Rusiyaya qayıdandan sonra üzə çıxarılıb.
Araşdırma internetdə ayın 19-da, Navalnının həbsinin ikinci günü yerləşdirilib.
Rusiyanın cənubunda, Qara dəniz sahilində, Gəlincik adlanan ərazidə təyinatı və kimə məxsus olduğu bilinməyən iri bir malikanənin tikildiyi haqda bir neçə il qabaq da müxtəlif məlumatlar yayılmışdı.
Sonralar həmin məlumatlara malikanənin Putinə məxsus olduğu haqda iddialar da əlavə olunmuşdu.
Lakin bu məsələ Navalnının təqdim etdiyi qədər geniş, malikanənin içindən çəkilən fotolarla, çölündən – havadan dron vasitəsilə çəkilən videolarla, sənədlərlə, sxemlərlə, eskizlərlə, xırda təfərrüatlaradək izahlarla işıqlandırılmamışdı.
Şah sarayına oxşar malikanədə istirahət, əyləncə üçün saysız-hesabsız otaqlar, kazino, teatr, yeraltı buz meydançası da var.
Sarayın 100 milyard rubla (1,36 milyard dollar) başa gəldiyi və bu pulların korrupsiya yolu ilə büdcədən oğurlandığı iddia edilir.
Kremlin sözçüsü Dmitri Peskov deyilənləri təkzib edib. O, irəli sürülən iddiaları köhnə və uydurma adlandırıb.
“İnterfaks” agentliyinin xəbərinə görə, Peskov deyib: “Mənim belə bir araşdırmadan xəbərim yoxdur. Ancaq qeyd edə bilərəm ki, bunlar köhnə iddialardır. Biz neçə il qabaq da bildirmişdik ki, Putinin Gəlincikdə sarayı yoxdur”.
Aleksey Navalnı həbs olunduğu gün Rusiya vətəndaşlarını etiraz aksiyalarına çıxmağa çağırıb.
Onun araşdırmasını yayan həmkarları da vətəndaşları etirazlara səsləyiblər.
Bundan sonra sosial şəbəkələrdə və bəzi KİV-lərdə yaxın vaxtda Rusiyada aksiyaların keçiriləcəyi haqda xəbərlər dolaşmağa başlayıb.



скачать dle 12.1